PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan, Türkiyə və Türkmənistan bir-birinə ortaq mənəvi dəyərlərlə sıx bağlıdır”
Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə səfəri zamanı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub. Prezident İlham Əliyev qardaş Türkmənistana yenidən səfərindən məmnunluğunu ifadə edərək, üç xalqın tarix və dil baxımından ümumi köklərə malik olduğunu, əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb. Həmçinin, Prezident İlham Əliyev bu Zirvə Görüşünün regional əməkdaşlığa, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Eyni zamanda, bu görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirib.Həmçinin onu da vurğulamaq lazımdır ki, dövlətimizin başçısının Türkmənistana səfəri bir neçə səbəbdən vacib əhəmiyyətə malikdir. Birincisi, Türkmənistan karbohidrogen ehtiyatlarının dünya bazarına Azərbaycan vasitəsilə çıxarılmasıdır. İkincisi, Türkmənistanın Türk Dövlətləri Təşkilatında və bölgə üzrə yeni əməkdaşlıq platformasında iştirakını təmin etmək, üçüncüsü isə Ankara-Bakı-Aşqabad siyasi xəttini yaratmaq və yaxın gələcəkdə bu istiqamətdə məqsədli siyasi hədəflərə nail olmaqdır. Türkmənistan Prezidenti, Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib ki, dost, qardaş ölkələr – Türkmənistan, Azərbaycan və Türkiyə arasında ilk dəfə Zirvə Görüşünün keçirilməsi ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayacaq və səmərəsini verəcək: «Bizim ölkəmiz Azərbaycan və Türkiyə ilə qardaşlıq münasibətlərinə xüsusi diqqət yetirir. İlk dəfə keçirilən bu üçtərəfli Zirvə Görüşü, fikrimcə, ölkələrimiz arasında geosiyasi və geoiqtisadi münasibətlər baxımından əhəmiyyətli olacaq. Dövlətlərimiz arasında enerji ehtiyatları tədarükünün şaxələndirilməsi, tranzit-nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı bir sıra iqtisadi məsələlər var. Humanitar istiqamətə gəldikdə isə dövlətlərimiz arasında ortaq cəhətlər çoxdur – dil, dini etiqad, mədəniyyət və bir sıra başqa məsələlər. Qardaşım İlham Heydər oğlu, mən ölkələrimiz arasında parlamentlərarası əlaqələri də qeyd etmək istəyirəm».
AZƏRBAYCAN-TÜRKMƏNİSTAN STRATEJİ MÜNASİBƏTLƏRİ YENİ MƏRHƏLƏDƏ
Prezident İlham Əliyevin 14 dekabr tarixli rəsmi səfəri və səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər belə deməyə əsas verir ki, hər iki ölkə rəhbərliyi iki qardaş və dost xalq arasında tarixi əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıdır və bu istiqamətdə müvafiq addımlar atacaqlar. Son illər, xüsusilə Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə olunur. Hazırda Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji səviyyəyə yüksəlir. Bu il Türkmənistan Prezidentinin Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevin isə Aşqabada səfərləri, həmin səfərlər zamanı aparılan müzakirələr və əldə olunmuş razılaşmalar əlaqələrimizin gələcək istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.Qeyd edək ki, Azərbaycan-Türkmənistan əlaqələri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır. Azərbaycan və Türkmənistan SSRİ-nin tərkibində müttəfiq respublikalar olub. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, üç il sonra - 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Son dövrlərdə iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri intensiv xarakter alıb. Təsadüfi deyil ki, bu ilin martında Türkmənistanın sabiq Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Bakıya, Azərbaycan Prezidenti İlham Əliyevin isə iyunda Aşqabada səfərləri reallaşıb.Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri başlayıb. Bu səfər Azərbaycan Prezidentinin Türkmənistana il ərzində ikinci səfəridir. Dövlətimizin başçısı iyunun 29-da reallaşan səfər zamanı Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib. Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti əsasında həyata keçiriləcək bugünkü səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Səfər çərçivəsində Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birinci Zirvə Görüşü keçiriləcək. Prezidentlərin növbəti - ikinci Zirvə Görüşünün Bakıda keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin 2014-cü il iyunun 6-da Bodrumda, 2008-ci il noyabrın 29-da isə Türkmənbaşıda üçtərəfli görüşləri keçirilib. Lakin bu, sistemli xarakter daşımayıb. Dekabrın 13-də isə hər üç ölkənin müxtəlif sahələr üzrə nazirlərinin görüşləri keçirilib.Azərbaycan Prezidenti İlham Əliyevin bu səfərinin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Bir sözlə, ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər.
AZƏRBAYCAN PREZİDENTİ: “Azərbaycan, Türkiyə və Türkmənistan bir-birinə ortaq mənəvi dəyərlərlə sıx bağlıdır”
“Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Türkiyə və Türkmənistan prezidentləri ilə geniş tərkibdə görüşündəki çıxışında söyləyib. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır”. Azərbaycan Prezidenti qeyd edib ki, ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir. Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Türkiyə və Türkmənistan prezidentləri ilə geniş tərkibdə görüşündəki çıxışında söyləyib ki, 2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı. «Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır», - deyə dövlətimizin başçısı bildirib. Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini bir daha vurğulayan Prezident İlham Əliyev deyib: “Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək”. Azərbaycan Prezidenti onu da vurğulayıb ki, tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Dövlətimizin başçısı deyib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb.“Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi beş dəfə artmışdır. Bu, rekord göstəricidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb”
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Dövlətimizin başçısı deyib ki, hər üç ölkədə nəqliyyat-logistika sahəsinə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edib: «Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir”, - deyən Prezident İlham Əliyev qeyd edib ki, bu ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb. “Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Türkiyə və Türkmənistan prezidentləri ilə geniş tərkibdə görüşündəki çıxışında bildirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olduğunu qeyd edən dövlətimizin başçısı bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılmasının nəzərdə tutulduğunu vurğulayıb. Azərbaycan Prezidenti Türkiyədən və Türkmənistandan olan şirkətləri keçən il Xəzər sahilində təməli qoyulan Ələt Azad İqtisadi Zonasının imkanlarından faydalanmağa dəvət edib.“2017-ci ildə əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə bərabər Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq”, - deyə Prezident İlham Əliyev bildirib.
PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir”
Prezident İlham Əliyev görüşü zamanı söyləyib ki, Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Bu zavodda istənilən növ gəmilər inşa edilə bilər.“Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur”, - deyə dövlətimizin başçısı qeyd edib.Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanının fəaliyyət göstərdiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “İşğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli və Zəngilan hava limanlarının açılışında Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub”.
PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN: “Qarabağın işğalına son qoyan Vətən müharibəsi həmrəyliyimizin ən son nümunəsidir”
Dekabrın 14-də Türkmənbaşı şəhərində keçirilən Zirvə görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaşlıq bağlarımızla güclənən əlaqələrimizin sahib olduğumuz strateji üstünlüklər əsasında daha da genişlənəcək: “Hədəfimiz qlobal və regional dinamika ilə birlikdə inkişaf edən yeni imkanları insanlarımızın rifahı və bölgəmizin sabitliyi naminə dəyərləndirməkdir. Qardaşlar olaraq əl-ələ verib həmrəylik içərisində hərəkət etdiyimiz bütün məsələlərdə Allahın izni ilə mütləq uğur qazanacağıq. Qarabağın 30 ilə yaxın işğalına son qoyan Vətən müharibəsi bunun ən son nümunəsidir”. Türk Dövlətləri Təşkilatının önəmindən danışan Türkiyə Prezidenti qeyd edib ki, keçən il təşkilata müşahidəçi üzv olaraq qatılan Türkmənistanın ən qısa vaxtda tamhüquqlu üzv olması gücümüzü daha da artıracaq. “Əziz qardaşım cənab Qurbanqulu Berdiməhəmmədovun təşkilatımızın Ağsaqqallar Şurasına qatılması sıralarımızı genişləndirmişdir. Şimali Kipr Türk Respublikasının Səmərqənd Zirvə Görüşündə təşkilatımıza müşahidəçi olaraq qəbul edilməsi də birlik və bərabərliyimizi möhkəmləndirmişdir”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
RƏCƏB TAYYİB ƏRDOĞAN: “Üçtərəfli Zirvə Görüşündə imzalayacağımız sənədlərlə birliyimiz daha da möhkəmlənəcək”
“Türkiyə digər sahələrdəki uğurları ilə yanaşı, bu gün müdafiə sənayesi sahəsində öz məhsullarını dizayn edən, inkişaf etdirən, istehsal edən və bunları ixrac edən bir ölkəyə çevrilib. Türkmənistanın və Azərbaycanın da qətiyyətli liderlikləri sayəsində nümunə göstəriləcək səviyyələrə çatması bizi qürurlandırır”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənbaşı şəhərində Azərbaycan və Türkmənistan prezidentləri ilə üçtərəfli Zirvə Görüşündə bildirib. “Həqiqətən də bu gün üçtərəfli Zirvə Görüşündə imzalayacağımız sənədlərlə bu birliyimiz daha da möhkəmlənəcək. Nəqliyyat imkanlarını yaxşılaşdırmağımız bu baxımdan son dərəcə əhəmiyyətlidir. Ticarət dövriyyəmizi genişləndirmək üçün səylərimizi artırmağın çox mühüm bir mərhələsindəyik. Aidiyyəti nazirlərimizin həmkarları ilə başladıqları regional üçtərəfli platformalar müsbət nəticələr vermişdir”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib. Türkiyə Prezidenti çıxışında Lapis-Lazuli tranzit nəqliyyat dəhlizi başda olmaqla regional əməkdaşlıq mexanizmlərinin və infrastruktur layihələrinin ticarət dövriyyəmizi artırmaqla yanaşı, regional sabitliyə də töhfə verəcəyinə inamını ifadə edib.
Türkiyə Prezidenti: “Orta Dəhliz kontekstində əməkdaşlığımız ortaq mənfəətimizə xidmət edir”
Türkiyə Prezidenti çıxışı zamanı söyləyib ki, etibarlı nəqliyyat marşrutu olaraq ön plana çıxan Orta Dəhliz kontekstində əməkdaşlıq ortaq mənfəətimizə xidmət edir. Dəhlizin mühüm bir hissəsini Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə tamamladıq. Türkiyə Prezidenti deyib: “Marmaray”ı, Yavuz Sultan Səlim körpüsünü, İstanbul hava limanını, Osman Qazi və 1915 Çanaqqala körpülərini istifadəyə verərək Şərq-Qərb istiqaməti boyunca bütöv nəqliyyat marşrutunu təmin etdik. Bu marşrutu daha əlverişli vəziyyətə gətirmək üçün birlikdə çalışmalı, sərhəd-keçid və gömrük prosedurlarını sürətləndirməliyik”. Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, hər üç ölkənin daşıyıcıları üçün quru yolu ilə keçid rüsumlarının və vizaların ləğv edilməsi, yaxud müəyyən bir səviyyədə saxlanılması, viza rüsumlarına endirimlər edərək viza müddətlərinin uzadılması ticarət dövriyyəmizi artıracaq. Nəqliyyat və gömrük sahəsində imzalanacaq sənədlər bu səylərimiz üçün əsas təşkil edəcək. Və onu da vurğulayıb ki, enerji təhlükəsizliyində BTC-nin və Cənub Qaz Dəhlizinin əhəmiyyəti böyükdür: “Başda Avropa olmaqla bütün dünya üçün enerji təhlükəsizliyinin və mənbələrin şaxələndirilməsinin önəmi yenidən ortaya çıxdı. Türkiyə olaraq biz bu istiqamətdə uzun müddətdir ki, addımlar atırdıq. Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri və Cənub Qaz Dəhlizi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir".Türkiyə Prezidenti deyib ki, onurğa sütununu Trans-Anadolu qaz boru kəməri təşkil edən Cənub Qaz Dəhlizi ilə Xəzər qazı Avropaya çatdırılır: “Türkmən təbii qazının da Qərb bazarlarına eyni şəkildə nəqli istiqamətində fəaliyyətə də artıq başlamalıyıq. Xəzərdəki “Dostluq” yatağında da türkmən və azərbaycanlı qardaşlarımızla əməkdaşlığa hazırıq. Bundan başqa, bölgəmizdə, ölkələrimiz arasında qarşılıqlı elektrik mübadiləsinin inkişaf etdirilməsinə böyük önəm veririk. Bu çərçivədə Türkmənistandan və Azərbaycandan ölkəmizə elektrik enerjisinin nəqli ilə bağlı da işlərə hazırıq”.
RƏCƏB TAYYİB ƏRDOĞAN: “Dostluq” yatağı üzrə Azərbaycan və Türkmənistan ilə işbirliyinə hazırıq”
“Xəzər dənizindəki “Dostluq” yatağı üzrə türkmən və azərbaycanlı qardaşlarımızla işbirliyinə hazırıq",- deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı deyib. Ərdoğan Cənub Qaz Dəhlizinin Avropa üçün əhəmiyyətinə də toxunub: “Başda Avropa olmaqla bütün dünya üçün enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsinin önəmi yenidən anlaşıldı. Əsasən, Türkiyə olaraq biz bu istiqamətdəki addımları uzun müddət idi ki, atmaqda idik. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Cənub Qaz Dəhlizi bu baxımdan önə çıxmaqdadır. Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) onurğa sütununu təşkil etdiyi bu dəhlizlə Xəzər qazını Avropaya daşıyırıq". Türkiyə Prezidenti vurğulayıb ki, Türkmənistanın təbii qazının da Qərb bazarlarına eyni şəkildə nəqlinə yönəlmiş işlərə də başlamağımız lazımdır.Xatırladaq ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.
TDT: “ƏLDƏ OLUNAN RAZILAŞMALAR ÜZV ÖLKƏLƏRİN HƏRTƏRƏFLİ ƏMƏKDAŞLIĞINI DAHA DA MÖHKƏMLƏNDİRƏCƏK”
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü ilə bağlı Bəyanat yayıb. TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyevin imzası ilə yayılan Bəyanatda deyilir: “Azərbaycan, Türkiyə və Türkmənistan Prezidentlərinin Birinci Üçtərəfli Zirvə Görüşünün nəticələrindən böyük məmnunluq hissi keçirdiyimizi ifadə etmək istərdim. Bu Zirvə Görüşü üç qardaş xalqın bir araya gələrək aralarındakı bağları gücləndirmək və Türk dünyasının daha parlaq bir gələcəyə sahib olması istiqamətində görülən işlərə dəstək vermək üçün çox mühüm fürsətdir. Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanan müxtəlif sənədlər, şübhəsiz ki, TDT çərçivəsində hərtərəfli əməkdaşlığımızın daha da möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına öz töhfəsini verəcək. Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin genişləndirilməsi qardaş dövlətlərimiz arasında onsuz da mövcud olan güclü həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək və şübhəsiz ki, bütün Türk dünyasının birləşməsi və bütünləşməsi prosesində irəliyə doğru atılan çox mühüm addım olacaq.
BİR SÖZLƏ TÜRKMƏNİSTANDA İMZALANAN SƏNƏDLƏR HƏR ÜÇ DÖVLƏTİN MARAQLARINA TAM CAVAB VERİR
Qeyd edək ki, dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında keçirilən görüş əslində üç dövlət başçısının birinci sammiti idi. Səfər çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlər ölkələrimiz arasında münasibətlərin yeni bir inkişaf səviyyəsinə qalxacağını göstərir. Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri ölkələr arasında mehriban qonşuluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə güclü təkan verməklə yanaşı, tarixi bağları güclü olan bu iki xalq arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsinə münbit şərait yaradacaq. Dövlət başçımızın dediyi kimi: "Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək".
RƏFİQƏ KAMALQIZI