PDF Oxu

Siyasət

  • 3 375

Üçtərəfli zirvə görüşü ŞƏRH

Üçtərəfli zirvə görüşü ŞƏRH

14 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Türkmənistanda rəsmi səfərdə olublar. Bu il artıq ikinci dəfə Türkmənistanda rəsmi səfərdə olan cənab Prezident İlham Əliyev Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovla görüşmüşdür. Üçtərəfli Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən cənab prezident İlham Əliyev vurğuladı: "Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi töhfələri ilə qürur duyuruq". Eyni kök və mədəniyyəti olan Azərbaycan-Türkmənistan əlaqələri qədim tarixə malikdir. Hər iki xalq türklərin oğuz boyundandır. Azərbaycan ilə Türkmənistan Respublikaları arasında diplomatik münasibətlər 9 iyun 1992-ci il tarixində yaranmış və artıq bu il, yəni 2022-ci ildə əlaqələrin qurulmasının 30 illiyi qeyd olunur. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Türkmənistan, Türkmənistan Məclisində Türkmənistan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupları fəaliyyət göstərir. Ölkə başçısı İlham Əliyev 2008, 2018, 2019, 2021 və 2022-ci ildə rəsmi işgüzar səfəri baş tutmuşdur. Hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur. 2008-ci il tarixindən iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. 2017-ci ildə Azərbaycan, Türkiyə, Türkmənistan, Gürcüstan və Əfqanıstan arasında Nəqliyyat və tranzit üzrə əməkdaşlıq Sazişi imzalanmışdır. 2019-cu ildə isə Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniya Xarici işlər nazirləri arasında "Qara dəniz-Xəzər dənizi" beynəlxalq nəqliyyat marşrutunun yaradılması üzrə ilk xüsusi görüşü baş tutmuş və bəyannamə qəbul edilmişdir. Tarixi bağlar üzərində qurulmuş münasibətlər ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmış və hər üç ölkə tərəfindən bir çox layihələr icra edilmişdir. Bu da, öz növbəsində, nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Ölkə başçısı cənab prezident İlham Əliyev çıxış zamanı bildirmişdir: "Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq". Üç dost ölkənin müvafiq qurumlarının məsul şəxsləri tərəfindən imzalanan sənədlər regiondakı reallıqları, meydana çıxan çağırışları özündə ehtiva edir və ölkələrimiz qarşısında yeni əməkdaşlıq perspektivləri açır. Belə görüşlər qardaş ölkələr arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcəkdir.

Nigar İmaməliyeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər