PDF Oxu

Siyasət

  • 3 028

Türkmənistan səfəri də ölkəmiz üçün uğurlu oldu ŞƏRH

Türkmənistan səfəri də ölkəmiz üçün uğurlu oldu ŞƏRH

Azərbaycan - Türkmənistan əlaqələri qədim tarixə malikdir. Eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malik olan xalqlarımızı həmçinin dil və din eyniliyi də birləşdirir. Diqqətçəkən məqamlardan önəmlisi isə Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından Azərbaycanlılara ən yaxın olan xalqlardan biri və ya elə məhz birincisi türkmənlərdir. Təbii ki, müasir münasibətlərin formalaşmasında Azərbaycan və Türkmənistanın keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar olması da əhəmiyyətli rol oynayır. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra isə bu münasibətlər yeni mərhələyə qədəm qoymuş və daha da inkişaf etmişdir.Məlum olduğu kimi, Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə səfərə gəlib. Zirvə görüşündən öncə Dövlət başçımızin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub. Daha sonra Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin məhdud, sonra isə geniş tərkibdə görüşü keçirilib.Dövlət başçılarının bundan əvvəl, 2008 və 2014-cü illərdə üçtərəfli görüşləri olsa da, lakin bu təmaslar sistemli xarakter daşımamışdır. Bu ilki Türkmənbaşı Sammiti isə artıq üç ölkə arasında münasibətlərin tamamilə yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Prezident cənab İlham Əliyevin Sammitdə çıxışında qeyd olunduğu kimi, hazırda Azərbaycanın həm Türkiyə həm də Türkmənistanla siyasi əlaqələri olduqca yüksək səviyyədədir. Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələrin güclənməsi sayəsində Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi daha da yüksək səviyyəyə çatdırmışdır. Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə 2017-ci ildə imzalanmışdır. Bu gün ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edirlər.Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Məlumdur ki, hazırda nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Ölkələrimiz tərəfindən bu istiqamətdə bir çox layihələr icra edilmişdir. Təbii ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Bu sahədə bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün əsaslı təməl yaradır və eləcə də, hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr bu istiqamətdə əsaslı rol oynamışdır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Şərq-Qərb və Şimal-Cənub marşurutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımalar, o cümlədən Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi hər il artır. Hazırda Xəzər dənizi hövzəsində Azərbaycan limanlarına daxil olan və Türkmənistan bayrağı altında üzən 10-a yaxın gəmi fəaliyyət göstərir.Regionun logistik potensialını zənginləşdirən layihələr regionda nəqliyyat arteriyalarının daha da şaxələnməsi üçün əsaslı rol oynayır. Təbii ki, Cənubi Qafqazın logistik imkanlarını genişləndirmək üçün 27 sentyabrda başlanmış və Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra yaranan yeni reallıqlar regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı. Cənab prezidentin qeyd etdiyi kimi, regionda nəqliyyat arteriyalarının daha da şaxələnməsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə təmin olunacaqdır. Və təbii ki, Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin vacib elementinə çevriləndən sonra Azərbaycan ərazisindən beynəlxalq yükdaşımaların həcmi daha da artacaqdır. Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması isə Avropa və Asiyanın daha sıx birləşməsini təmin edəcəkdir.14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə cənab prezidentin çıxışı bir sıra vacib məqamlarla yadda qaldı və eləcə də, Azərbaycan, Türkiyə və Türkmənistan ölkələri arasında əlaqələrin daha da dərinləşməsi və möhkəmlənməsinə əhəmiyyətli töhfə verən mühüm sənədlərin imzalanması ilə yekunlaşdı. Beləliklə, Dövlət başçımızın digər səfərləri kimi Türkmənistan səfəri də ölkəmiz üçün uğurlu oldu.

Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər