Müasir dövrdə Azərbaycan və Türkmənistan arasında əlaqələrin şəkil və formatının dəyişməsi, qarşılıqlı anlaşma və razılaşma formatı geosiyasi məkanda olduqca mühüm hadisələrdən sayıla bilər. Türkmənistanla münasibətlər Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən biridir. İki ölkə xalqlarının eyni etnik mənşəyə, mədəniyyətə və dinə sahib olmaları, əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamaları münasibətlərin inkişafı üçün həm zərurət, həm də sağlam bir zəmin yaradır. Son illərdə ikitərəfli münasibətlərin inkişaf dinamikasını müsbət xarakterizə etmək olar.Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".14 dekabr 2022-ci il tarixdə dövlət başçımız İlham Əliyev ölkənin birinci xanımı Mehriban Əliyeva ilə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərində səfərdə olublar. Bu, cənab Prezidentin 2022-ci il ərzində Türkmənistana ikinci səfəri idi. Səfər çərçivəsində 3 dövlət arasında Üçtərəfli Birinci Zirvə Görüşünün Birgə Bəyənatı qəbul edilib, “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”, “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandumu”, “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”, “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” kimi sənədlər imzalanıb.Yeni inkişaf dövrünə qədəm qoyan Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı hazırda iqtisadi, humanitar, nəqliyyat və qarşılıqlı maraq doğuran digər sahələrdə uğurla həyata keçirilir. Üçtərəfli Zirvə Görüşündə hər üç dövlətin prezidentlərinin çıxışları və imzalanan sənədlər onu göstərdi ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələri yüksələn xətlə inkişaf edir. 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış “Şuşa Bəyannaməsi”, 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır.Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlı olan Azərbaycan, Türkiyə və Türkmənistanın siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, tarixi bağlar üzərində qurulmuş münasibətlərimizin ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaratdığını qeyd edib və bildirib ki, ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir. Bu etibarlı əməkdaşlığın obyektiv əsaslarıdır.2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə və Türkmənistan ilə ticarət dövriyyəsinin artdığını vurulayan cənab Prezident bildirib ki, hər üç ölkədə nəqliyyat-logistika sahəsinə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir.“Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmiryolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”, – deyən İlham ƏliyevAzərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində fəal olmaqla öz ərazisində dəmiryolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edərək önəmli tranzit ölkəsinə çevrildiyini qürurla səsləndirib.Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Azərbayan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Həmçinin bildirilib ki, Azərbaycan 18 yük təyyarəsi ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.Bütün bunlar Azərbaycanın beynəlxalq yükdaşıma və logistika sahəsində regionda aparıcı dövlət olmasını bir daha sübut edir.Prezident qeyd edib ki, ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanının potensialının 25 milyon tona çatdırılması, 2017-ci ildə açılışı olan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin ötürücülük qabiliyyətinin isə 1 milyondan 5 milyon tona çatdırılması nəzərdə tutulur. 50-dən çox yük gəmisi ilə Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanmasına, 18 yük təyyarəsi ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malik olduğunu bildirən Prezident daha sonra deyib: “2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı. Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır”.
Günay Məmmədli
YAP Yasmal rayonu “Azərsu” ASC üzrə
ərazi partiya təşkilatının sədri