Kaspar Karapetyan kimdir?
Bu günlərdə Avropa Parlamentinin bəlkə də tarixinin ən qalmaqallı korrupsiya faktı ortaya çıxıb. Lakin bu məsələdə üzə çıxan digər faktların erməni izini də ifşa etməsi mövzunu daha da aktuallaşdırır. Belə ki, dekabrın 9-da Brüsseldə beş nəfər parlament təmsilçisinin, o cümlədən, qurumun sədr müavini, yunan mənşəli Yeva Keylinin saxlanılmasının ardınca məlum oldu ki, korrupsiya ittihamları yalnız ortada olan faktlarla - məsələn, Qətərdən olan nüfuzlu siyasi-ictimai şəxslərdən rüşvətlərin alınması ilə başa çatmır. Daha dəqiq desək, Belçika prokurorluğu dekabrın 19-da daha bir işin izinə düşüb. Ukrayndan olan diplomatik mənbənin bildirdiyinə görə, prokurorluq avroparlament deputatlarının daha iki ölkə təmsilçilərindən rüşvət aldıqlarını müəyyən edib.
“Brussels Morning” və Fransanın i “Le Monde” nəşrləri məlumat veriblər ki, korrupsiya qalmaqalında Mərakeşin də rəsmi şəxslərinin adları hallanır
SİA xəbər verir ki, sözügedən məsələ ilə bağlı “Azfront” - rusdilli informasiya və məlumat şəbəkəsi xəbər yayıb. O cümlədən, dekabrın 16-17-də Belçikanın “Brussels Morning” və Fransanın i “Le Monde” nəşrləri məlumat veriblər ki, korrupsiya qalmaqalında Mərakeşin də rəsmi şəxslərinin adları hallanır. Ukraynalı məlumatlı mənbənin bildirdiyinə görə, çox yəqin ki, yaxın günlərdə digər iki dövlətin də adları açıqlanacaq.Bu arada, Yunanıstanın “Mega TV” teleşirkətinin əldə etdiyi informasiyalarına görə, aparılan istintaq araşdırmaları zamanı Avropa Parlamentinin nə az, nə də çox – düz 60 deputatının rüşvət alma ittihamına məruz qalacağı gözlənilir!Ukraynalı diplomatik mənbənin sözlərinə görə, həbs edilmiş Kayli bu məsələlərdə “kassir” rolunu oynayıb. O, rüşvəti aldıqdan sonra əldə edilən vəsaitləri digər avroparlamentarilər, onların məsləhətçiləri və köməkçiləri arasında bölüşdürüb. Bütün bunlar öz yerində. Lakin ən maraqlı məqam Keylinin ermənipərəstlik aktivliyi ilə seçilir və bu məsələdə də şübhələr artmağa başlayıb.
Belə bir sual yaranır: bəs həmin şübhələrin yaranmasına səbəblər daha hansı ehtimallara söykənir?
Məsələ ondadır ki, Keylinin həbsinə qədər o Avropa Parlamentinin Avropa İttifaqı-Ermənistan dostluq qrupunun üzvü olub. Həmin qrup isə Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası (EAFJD) təşkilatı ilə sıx bağlıdır. Bu təşkilatın prezidenti isə ermənilərin “almaz imperatoru” adlandırdıqları milyarder Kaspar Karapetyandır.Beləliklə, mənbə məlumat verir ki, Karapetyan 2019-cu ilin 26 may tarixində Keyli ilə “işgüzar” əlaqələrinin olduğunu istisna etməyən çıxış səsləndirib. Onu da xatırladaq ki, Keyli kimi, Karapetyan da Yunanıstan mənşəlidir. O özünün “Facebook” səhifəsində Keyli ilə çəkdirdiyi birgə fotosunu paylaşıb. Həmin vaxtlarda isə Keyli Avropa Parlamentinə namizəd olub. Seçildikdən sonra isə onun Kaspar Karapetyanla əlaqələri daha da artmağa başlayıb.
Karapetyan on illər boyunca Avropa Parlamentinin bir çox deputatlarının yalnız Ermənistana deyil, eləcə də Qarabağa qanunsuz səfərlərini təşkil edib!
2021-ci ilin 19 noyabr tarixində isə Keyli avrodeputatların qrup halında imzaladıqları və “Azərbaycanın Ermənistana qarşı aqressiya törətməsi” ittihamını əks etdirən bəyanatının yayılmasının əsas təşəbbüskarı kimi tanınıb.
(Fotoda: Kaspar Karapetyan və Yeva Keyli)
2022-ci ilin 4 may tarixində isə Keyli Brüsseldə Ermənistan parlamentinin radikal “Daşnaksyutun” partiyasının deputatı Xaçaturyanla görüşüb. Görüşdən əvvəl isə Yeva Keylinin məhz Kaspar Karapetyanla görüşü baş tutub. Karapetyan isə, eyni zamanda, daşnakçı deputat Xaçaturyanın Brüsselə səfərini maliyyələşdirib. Lakin bu da son deyil..!Məlum olub ki, EAFJD təşkilatının rəhbəri, milyarder Karapetyan on illər boyunca Avropa Parlamentinin bir çox deputatlarının yalnız Ermənistana deyil, eləcə də Qarabağa qanunsuz səfərlərini təşkil edib. Onun xüsusilə, “Daşnaksyutun” partiyasının təmsilçiləri ilə mütəmadi görüşlər keçirməsi, habelə onların radikal iş üslublarını dəstəkləyib. Karapetyanın əsasən adıçəkilən partiyanın beynəlxalq əlaqələr katibliyinin rəhbəri Manoyanla sıx əlaqələri mövcud olub.Nəticədə isə bu fakt artıq Keyli-Karapetyan birliyinin korrupsiya əməllərini daha çox açığa çıxarmış olur. Daha doğrusu isə, Keylinin Avropa Parlamentindəki statusundan sui-istifadə edərək daha böyük korrupsiyalara əl atması get-gedə daha çox açığa çıxmış olur və burada erməni izinin də mövcudluğu artıq özü-özlüyündə hər şeyi gün işığına çıxarır.
Rövşən RƏSULOV