Arəş Hünəvər Suçayi: “Kim insanların qanını axıdırsa, günahkardır və Allah qarşısında cavab verməlidir”
Tehran rejiminin öz xalqına qarşı amansız rəftarları və divan tutması get-gedə artır. Öz azadlıq haqları uğrunda küçələrə çıxaraq etiraz edən ölkə vətəndaşları təqiblərə, təhdidlərə və kütləvi edamlara məruz qalmaları ilə yanaşı, zamanında bu rejim daxilində fəaliyyət göstərən ayrı-ayrı din xadimləri və nüfuzlu elm adamları da baş verən dəhşətli olaylardan doğru nəticə çıxarmağa başlayıblar. Onlardan biri də ruhani Arəş Hünəvər Suçayidir.
Etirazçı ruhani: “Seyid Əli Xameneyini törətdiyi saysız cinayətlər, İranda tökdüyü qanlar və İslamın, İranın və insanın ən böyük düşməni olaraq onları təhqir etdiyinə və repressiyalar həyata keçirdiyinə görə yer üzündə fəsad törədən və qanının axıdılmasına icazə verilən hesab edirəm və edam olunmasına hökm edirəm”
O, sosial şəbəkə vasitəsilə öz etirazını bildirib və deyib: “Allahın adı ilə! Mən Arəş Hünərvər Şucayi 20 il elmi-dini hövzədə fəaliyyət göstərmişəm və hüquq təhsili almışam. Həmin fiqh və hüquq prinsiplərinə uyğun olaraq İran xalqı qarşısında və Quran, insan və İran məhkəməsində İslam Respublikasının rəhbəri Seyid Əli Xameneyini törətdiyi saysız cinayətlər, İranda tökdüyü qanlar və İslamın, İranın və insanın ən böyük düşməni olaraq onları təhqir etdiyinə və repressiyalar həyata keçirdiyinə görə yer üzündə fəsad törədən və qanının axıdılmasına icazə verilən hesab edirəm və edam olunmasına hökm edirəm. Kim insanların qanını axıdırsa, günahkardır və Allah qarşısında cavab verməlidir. Bu hökmün icra edlməsi ümidi ilə! Bu, hökmün mətni idi, təfsirə uyğun istinadlarını da tezliklə açıqlayacağam".
Bu, ilk haldır ki, bir şiə ruhanisi İslam Respublikasının rəhbərinin "yer üzündə fəsad törədən" və "qanı halal" olduğunu elan edir
Təkcə bu faktı araşdırarkən həm də belə nəticə hasil etmək olar ki, həqiqətən də İran xalqının çoxu başına gələn bütün bədbəxtliklərin, qətllərin və repressiyaların əsas səbəbkarı kimi Xameneyini görür və onun cəzalandırılmasını tələb edir.Etirazlarda əhali "Xameneyiyə ölüm olsun" şüarı ilə çıxış edir və onun "torpağa gömüləcəyini" bildirilər. Amma bu, ilk haldır ki, bir şiə ruhanisi İslam Respublikasının rəhbərinin "yer üzündə fəsad törədən" və "qanı halal" olduğunu elan edir. Bu, həm də haqqın, ədalətin haqsızlıq və ədalətsizlik üzərində zəfəri kimi də qiymətləndirilə bilər. Çünki yüzlərlə insanları – gəncləri, qadınları, yaşlıları, hətta azyaşlıları və yeniyetmələri qətlə yetirən rejim sərbazları get-gedə daha da azğınlaşırlar, qana susayırlar. O cümlədən, etirazlar artan bir zamanda məhz Tehran rejiminin ali dini lideri Xameneyi, ona və iqtidarına qarşı çıxanlarla bağlı fətva verərək bildirib ki, öldürülən hər bir etirazçının qanı halaldır...
ABŞ-ın Şimali Karolina York Universitetinin professoru Mohsen Kədivər: “Bu gün biz məzhəb donuna bürünmüş dini despotizmlə qarşı-qarşıyayıq”
ABŞ-ın Şimali Karolina York Universitetinin professoru Mohsen Kədivər sözügedən məsələ ilə bağlı bildirib ki, əgər İranda hüquq dövləti olsaydı, deputatlar xalqın həqiqi vəkilləri olsaydılar, məhkəmə müstəqil fəaliyyət göstərsəydi, konstitusion öhdəliklər yerinə yetirilmiş olardı: “Amma, bu gün biz məzhəb donuna bürünmüş dini despotizmlə qarşı-qarşıyayıq və bir nəfər dünya müsəlmanlarının rəhbərliyinə iddialıdır, həm də mütləq vilayəti-fəqihlik iddiasındadır. Belə olduqda, bütün məsuliyyətlər həmin şəxsin, İslam Respublikası rəhbərinin üzərinə düşür".İslam Respublikası rejimini sərt şəkildə tənqid edən Ayətullah Müntəzirinin tələbələrindən biri olan Mohsen Kədivər onu da deyir ki, ona çatan məlumata görə, Xameneyi hökumət rəsmiləri ilə görüşdə etirazçıların edam edilməsi əmrini verib və ona görə, edamlar birbaşa onun göstərişi ilə həyata keçirilir.
“Edamların bir çoxu Xameneyinin əmri ilə baş tutub”
Kədivər qeyd edib: "Bildiyimə görə, etirazçılara qarşı zorakılığa məhkəmə, ədliyyə, Ali Milli Təhlükəsizlik Şurası və Məsləhət Şurası tərəfindən ciddi narazılıqlar edilməsinə baxmayaraq Xameneyi məhkəməyə təzyiq edib, iğtişaşçı adlandırdığı etirazçıları edam etməyə məcbur edib və əslində edamların bir çoxu Xameneyinin əmri ilə baş tutub. Prezident, Məhkəmə Sisteminin rəhbəri və baş prokuror öz çıxışında Xameneyinin mövqeyini müdafiə ediblər”.
Kədivərə görə, şübhəsiz ki, edamlarda şəxsən Xameneyinin əli var amma bu, Ali Məhkəmənin sədri, baş prokuror və hökmü yerinə yetirənlərin məsuliyyət daşımaması anlamına gəlmir. Onların hamısı etirazçıları edam etməklə şəriətə və hüquqa zidd əməldə şərikdirlər.Onu da qeyd edək ki, Xameneyinin xalqa qarşı təzyiqi və ölüm hökmlərinin icrası ilə verdiyi əmri rejimin Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Ejeinin çıxışında da özünü büruzə verib. "Çıxarılan yekun hökmləri heç cür təxirə salmaq olmaz. Verilən hökmü hər hansı sahədə təcili olaraq yerinə yetirmək lazımdır!", deyə o bildirib.Beləliklə, Tehran rejimi özünün ən son silahını – xalqa qarşı ölüm hökmlərinin çıxarılması və edamların artırılması ilə istifadə etməyə başlayıb. Söz yox ki, öz azadlıqlarını və hüquqlarını bərpa etmək məqsədi ilə küçələrə çıxan xalq bu qərarlardan daha da hiddətlənərək öz mübarizələrini son ana qədər davam etdirəcəklər.
Rövşən RƏSULOV