“Şuşa-Xankəndi yolunda artıq 11 gündür davam edən dinc aksiyada irəli sürülən tələblər beynəlxalq hüquq normalarına tamamilə uyğun bir aksiyadır. Ermənistan və Qarabağdakı separatçı qurum tərəfindən bu aksiya haqqında beynəlxalq ictimaiyyətdə və bəzi beynəlxalq qurumlarda yanlış təsəvvür yaratmağa cəhdlər olunsa da, aksiya 11 gün ərzində tamamilə haqlı tələblərlə davam edir”. “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, aksiyanın nə qədər davam edəcəyinə gəlincə, bu barədə proqnoz vermək çətindir: “Bunun cavabı erməni tərəfin və sülhməramlı adı altında regionda destruktiv fəaliyyət göstərən Rusiya silahlı dəstəsindən asılıdır. Aksiyaçıların beynəlxalq hüquq normalarına uyğun, indiki dünyanın narahat olduğu ekoloji problemlə bağlı olmasını nəzərə alıb qarşı tərəfin bu tələblərə adekvat reaksiya vermələri mütləqdir. Nə qədər cavab olmayacaqsa, nə qədər bu haqlı tələblərə qeyri-ciddi münasibət bəsləniləcəksə, o qədər də aksiya davam edəcək. Təəssüf ki, bəzi beynəlxalq qurumlar erməni tərəfin cığır-bağırının təsiri altına düşüb aksiyanın mahiyyətinə uyğun olmayan münasibət bildirirlər. Avropa Məhkəməsinin dünənki məlum mövqeyi də bu sıradandır. Yolun aksiyaçıların deyil, sülhməramlı adlanan qüvvələrin tərəfindən bağlanmasına rəğmən, məhz aksiyaçılara yolu açmaq barədə müraciət edilməsi onu deməyə əsas verir ki, özlərini ədalət keşikçisi hesab edən bu qurumların da ədaləti öyrənmək və bərpasına yardımçı olmaq istəkləri yoxdur. Nə qədər belə yanlış yanaşma davam edəcəksə, erməni tərəf də o qədər haqqa qayıtmağa çalışmayacaq. Belə olan təqdirdə isə aksiyanın hələ uzun müddət davam edəcəyini düşünmək olar”.
Müəllif: Gülyana