2003-cü ildə “Zəngin və qüdrətli Azərbaycan uğrunda” çağırışı ilə milyonları öz ətrafında toplayan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi daha müvəffəqiyyətlə həyata keçirilməyə başlandı. Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatı sürətli inkişaf dövrünə qədəm qoydu, Azərbaycanın dövlət büdcəsi artdı. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, iqtisadi, siyasi və mədəni sahələrdəki uğurlarımızın sayı-hesabı yoxdur. Prezident İlham Əliyevin inkişaf konsepsiyasının əsas hədəflərindən biri ölkə iqtisadiyyatının inkişafının davamlı xarakter almasıdır. Müəllifi ulu öndər Heydər Əliyev olan neft strategiyasının uğurlarını davam etdirməklə dövlət başçısı daha güclü iqtisadi model üzərində işlədi və elə prezidentliyinin ilk illərində bu məqsədə nail oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan üç dövlət proqramı bölgələrlə paytaxt arasındakı inkişaf fərqini aradan qaldırdı. Bu proqramlar, həmçinin regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı imzalanmış sərəncamlar üzrə nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verdi. Bölgələrimizin siması sürətlə dəyişdi. Əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni istehsal sahələrinin açılması regionlarımızı da ümumi inkişaf prosesinin ən mühüm parçasına çevirdi.İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin inkişafı və güclənməsi istiqamətində gördüyü işlərin ən böyük nəticəsi isə heç şübhəsiz ki, Qarabağın düşmən tapdağından azad edilməsi və bu torpaqlarda yenidənqurma və bərpa işlərinə sürətlə start verilməsidir. Qarabağ Zəfəri, ilk növbədə, Azərbaycanın iqtisadi inkişaf, dövlət və ordu quruculuğu sahəsində illərdir apardığı siyasətin uğurunu ortaya qoymuşdur. Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq, dünyadakı yaxşı imicini ciddi şəkildə yüksəltmiş və öz gücünü bütün dünyaya sübut etmişdir. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə Azərbaycan 30 il yaşadığı məcburi köçkün problemini həll etməyə başlamış, iqtisadi dövriyyədən kənarda qalan 20 faiz torpaqlarından istifadə imkanı qazanmışdır. Bu yeni kənd təsərrüfatı torpaqları, yeni faydalı qazıntı yataqları, yeni turizm marşrutları, yeni nəqliyyat şəbəkələri, yeni alternativ enerji mənbələri, yeni su resursları və s. deməkdir. Bütün bunlar Azərbaycanın iqtisadi artım potensialını artıran amillərdir. Prezident İlham Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirərək, 30 il ərzində xarabazara çevrilmiş Qarabağ torpaqlarını yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır.Bu gün ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun yüksəlişi daha çox diqqəti cəlb edir, çoxşaxəli iqtisadiyyatın inkişafı təmin olunur. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət sürətli inkişaf dövrüdür.
YAP Lerik Rayon Təşkilatının əməkdaşı Əlvan Rəcəbov