Müasir dövrdə mürəkkəb beynəlxalq münasibətlər sistemi və qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə həyata keçirilən daxili və xarici siyasətin milli maraqlara, qlobal çağırışlara və reallıqlara nə qədər adekvat olmasıdır. Hazırkı reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi inkişafın davamlılığının, çoxşaxəli əlaqələrin səmərəliliyinin təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Şübhəsiz ki, burada əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və müasir çağırışlara uyğun, düzgün strateji kursun, yəni daxili və xarici siyasətin həyata keçirilməsidir.
O da qeyd edilməlidir ki, mürəkkəb beynəlxalq münasibətlər şəraitində milli dövlətlərin dünya siyasətində mövqeyini möhkəmləndirən, nüfuzunu artıran başlıca strateji amil həyata keçirilən xarici siyasət kursunun səmərəliliyidir. Uğurlu xarici siyasət kursu milli maraqların təmin olunmasını mümkün etməklə yanaşı, ölkənin qarşısında yeni inkişaf perspektivlərinin yaranmasını şərtləndirir. Bu kontekstdə memarı ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycanın təcrübəsi isə unikal və mütərəqqi nümunə kimi çıxış edir. Bu gün bu proses ümumilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən dinamik surətdə inkişaf edir.
Azərbaycan özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Ən əhəmiyyətlisi isə odur ki, bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Həm də ölkəmizin milli maraqlarına uyğun olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir. Digər tərəfdən, Azərbaycanın xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. İkitərəfli və çoxşaxəli münasibətlərin əsasında duran strateji amil məhz ölkəmizin milli maraqlarıdır. Azərbaycan reallaşdırılan bütün strateji əhəmiyyətli lahiyələrdə öz müstəqil siyasi iradəsi əsasında - milli mənafelerə müvafiq olaraq təmsil olunur və ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlər mütləq mənada Azərbaycanın maraqlarını nəzərə alırlar.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla əməkdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Azərbaycan hazırda mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri üçün də strateji əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan Respublikası bir çox sahələr üzrə dünyanın müxtəlif ölkələri ilə etibarlı tərəfdaşdır ki, bunun ən son nümunəsi Azərbaycan-Serbiya əlaqələrinin inkişafında yeni mərhələnin əsasının qoyulmasıdır. Azərbaycanın dost və tərəfdaş ölkələri dünyanın müxtəlif qitələrini əhatə edir. Bu baxımdan, Balkan ölkələri, o cümlədən Serbiya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Qeyd edək ki, cari ilin noyabr ayının 23-də Cənab Prezident İlham Əliyevin Serbiyaya səfəri baş tutumuşdur. Həmin səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat”ı, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni imzalayıblar. Bu sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığı yeni səviyyəyə yüksəlməsinin təminatıdır.
İki tərəfli əlaqələrin möhkəmlənməsi konstekstində dekabrın 21-də Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü, aparılan müzakirələr bu mənada xüsusi vurğulanmalıdır. Səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Müzakirələrdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Qarşılıqlı səfərlərin intensivliyi hər iki ölkənin münasibətləri daha da möhkəmlətmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəyinin təzahürüdür.
Qeyd edək ki, Serbiya Prezidentinin ölkəmizə səfəri çərçivəsində dövlət başçıları mətbuata bəyanatlarında vacib mesajlar verdilər. Prezident İlham Əliyev Serbiya və Azərbaycanın strateji tərəfdaş olduqlarını bildirib: “Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır. Belə gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə bunun nəticəsi olacaq, ilk növbədə, ticarət sahəsində. Əminəm ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, hələ ki, o, istənilən səviyyədə deyil. Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır”. Serbiyanın dövlət başçısı isə Azərbaycanla strateji tərəfdaşlığın önəmindən, ölkəmizin uğurlu siyasətinin nəticələrindən bəhs edib.Göründüyü kimi, Azərbaycan bu gün beynəlxalq miqyasda nüfuzu gündən-günə artır və bu tendensiya özündə strateji tərəfdaşlığı da birləşdirir. Bu prosesdə yeni mərhələnin qədəm qoyması heç şübhəsiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər və regionda yaranan reallıqlardır.
Aytəkin Əhmədova
YAP Yasamal rayon təşkilatının məsləhətçisi