31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri dünya ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, dünyadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrində mühüm əhəmiyyət kəsb edir. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.
Həmrəylik günü Azərbaycan diasporu üçün mühüm bayrama çevrilib. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada,Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.
Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının "Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb. Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və mütəşəkkilliyinin artması, tarixi vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirirlər.
2020-ci il Qarabağa qovuşduğumuz tarix oldu. Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 10 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. 8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Həmin gün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Hər kəs müqəddəs üçrəngli bayrağımıza bürünərək küçələrə axışdı, sevincini bir-biri ilə bölüşdü. Xalq Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentinə sonsuz ehtiramını bildirdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə xatırlayır. Biz xalqımıza bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Onlar heç zaman unudulmayacaq.44 günlük Vətən müharibəsi dövründə xaricdəki soydaşlarımız siyasi baxışından, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərdi. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaşayan, müharibədən zərər çəkən dinc sakinlərə maddi, humanitar yardımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq nümayiş etdirdi. Milli birliyimiz cəbhədə Azərbaycanın böyük qələbəsi ilə nəticələndi. Böyük qələbənin qazanılmasında Azərbaycanı özünə tarixi vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
Zahid Cəfərov
YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə
ərazi partiya təşkilatının sədri