PDF Oxu

Siyasət

  • 2 557

Sağlam cəmiyyət güclü dövlətin təməlidir ŞƏRH

Sağlam cəmiyyət güclü dövlətin təməlidir ŞƏRH

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı. Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi.Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Onun rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı. Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan İlham Əliyev Prezident seçildikdən sonra da idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır.Bununla da idmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılmışdır. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir. Ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Bu sahədə iş aparan dövlət orqanları bu cür idman növləri ilə məşğul olan idmançılarımızın beynəlxalq yarışlarda iştirakını daim maliyyələşdirir, onları gələcək qələbələrə ruhlandırmaq üçün müxtəlif stimullaşdırıcı tədbirlər görürlər.Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədidir. Əlbəttə ki, dövlət vətəndaşların idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir. Təbii ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Bu formalaşdırılmış nəsil də Vətənimizin sağlam gələcəyi deməkdir. 44 günlük Vətən müharibəsində məhz sağlam, vətənpərvər gənclik torpaqlarımızı düşmən tapdağından azad etdi. Yeri gəlmişkən, işğaldan azad edilmiş ərazilərimizdə də idman infrastrukturunun yaradılması diqqət mərkəzindədir. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində Şuşada beynəlxalq şahmat, Suqovuşanda beynəlxalq avarçəkmə yarışlarının və Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarışın keçirilməsi həm də ondan xəbər verir ki, tarixi torpaqlarımızda mötəbər idman yarışlarının təşkili ənənəsinin əsası artıq indidən qoyulur. Bundan əlavə, Ağdamın məşhur “İmarət” stadionunun nəzərdə tutulan yeni layihəsi, Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməlinin atılması bu sahədə görüləcək möhtəşəm işlərdən xəbər verir.Ümumiyyətlə, ölkəmizdə idmanının istiqamətində görülən işlər davamlı xarakter daşıyır. Bu amil qarşıdakı dövrdə də mühüm nailiyyətlər qazanılacağını deməyə tam əsas verir. İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyardır. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. İdman ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyevin ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha da inkişafına böyük töhfələr verəcək.İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyevin idmançılarımızdan gözlədiyi məhz qalib olmaq, dövlətimizin adını ucaltmaq idi. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı İlham Əliyevin diqqəti idmançıları yeni qələbələrə səsləyir.

Zahid Cəfərov
YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə
ərazi partiya təşkilatının sədri

Digər xəbərlər