Siyasət

  • 4 646

Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır

image

Qədim idman ənənələrinə malik olan Azərbaycan artıq uzun illərdir ki, idman sahəsində çoxsaylı uğurlara imza atmışdır. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılıb.

Azərbaycanda hər zaman idmanın bütün sahələrinin inkişaf etdirilməsi, idmançılara yüksək səviyyədə qayğı göstərilməsi, xeyli sayda idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə tikilməsi, təmirə ehtiyacı olanların yüksək keyfiyyətlə təmir olunması Olimpiya oyunlarında və mötəbər beynəlxalq idman yarışlarında idmançılarımızın iştirakının təmin edilməsi dövlətin idmanın inkişafına və kütləviləşməsinə göstərdiyi diqqətin təzahürüdür. İdman sahəsində qazanılmış qələbələr, beynəlxalq arenalarda dövlət bayrağımızın dalğalanması, ölkəmizin beynəlxalq idman yarışlarına və turnirlərə yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib.
2023-cü il yanvar ayının 9-da keçirilmiş 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının prezidenti, Milli Olpmpiya Komitəsinin Prezidenti İlham Əliyev çıxış edib. Hər il olduğu kimi 2022-ci ilin də Azərbaycan idmanı üçün uğurlu il olduğunu qeyd edən dövlət başçısı bütövlükdə ölkə miqyasında görülmüş işlərə və idman sahəsində əldə olunan uğurlara yüksək qiymət verərək bildirib ki, keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra olunub, Azərbaycanın dinamik inkişafı ilə yanaşı həyatımızın tərkib hissəsi olan idman sahəsi də ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bu inkişafın əsas göstəricilərinin idmançılarımızın qazandığı qələbər olduğunu söyləyən Prezident İlham Əliyev ölkəmizdə keçirilən müxtəlif beynəlxalq yarışların Azərbaycanın bir daha idman ölkəsi olduğunu təsdiqlədiyidini bildirib.

Dünyada idman sahəsində gedən yüksək rəqabət şəraitində və yeni idman ölkələrinin meydana çıxdığı bir dönəmdə hər il yüksək nəticələr əldə edən idmançılarımızın beynəlxalq yarışlarda qazandığı 800-dən çox medalın 300-ə yaxınının qızıl medal olduğunu söyləyən Prezident İlham Əliyev bunun böyük nailiyyət olduğunu bildirib.

Dünya və Avropa çempionatlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini vurğulayan dövlətimizin başçısı beynəlxalq yarışlardan danışarkən onlar arasında 5 il bundan əvvəl Bakıda keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasının birincilik qazanmasının tarixi qələbə olduğunu xüsusilə qeyd edib və bildirib ki, sonuncu dəfə Türkiyənin Konya şəhərində keçirilən 56 ölkənin qatıldığı yarışlarda idmançılarımızın 99 medalla 4-cü yerə layiq görülməsi Azərbaycanın idman sahəsindəki uğurlarını bir daha təsdiq edir.

Prezident çıxışı zamanı xüsusi bir məqama toxunub ki, 5 il öncə Bakıda keçirilmiş oyunlarda iştirak edən idmançılar Konyada keçirilən yarışlarda iştirak etmirdi, lakin nəsillərin dəyişməsinə baxmayaraq qələbələrin əldə olunmasındakı uğurlarımız sabit qalır, bu da onu göstərir ki, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi sanki gənc idmançılarımıza ötürülür və bu daimi proses olmalıdır. İnanırıq ki, Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə qoruyub saxlayacaqlar.

Son bir neçə ildə ölkə üzrə keçirilmiş müxtəlif idman yarışlarını yüksək qiymətləndirən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu siyasət idman sahəsindəki uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar uşaqlıq yaşlarından idmana cəlb ediləcək ki, bunun da onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var.

İdmanın hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsi olduğunu deyən Prezident bunun Azərbaycanda olduğu kimi bir çox ölkələrdə prioritet olduğunu bildirib və qeyd edib ki, idmanla məşğul olmaq üçün ölkəmizdə bütün imkanlar var, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib və bu proses davam etdirilir. Ən mötəbər idman yarışlarına ev sahibliyi edən ölkəmizdə 2023-cü ilin bir çox parametrlər üzrə həlledici il olacağını, həm dünya, həm Avropa çempionatlarının, yeni yarışların keçiriləcəyini vurğulayan Prezident İlham Əliyev qarşıdan gələn Yay Olimpiya Oyunlarında Azərbaycanın öz gücünü bir daha təsdiqləyəcəyinə inandığını əlavə edib.
Bu gün iftixar hissi ilə deyə bilərik ki, dünya idman tarixinə öz imzasını atmış və beynəlxalq aləmdə lazımı nüfuzunu qazanmış ölkəmizin dünya arenasında mövqeyi ildən ilə möhkəmlənir.

Günay Məmmədli
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə
ərazi partiya təşkilatının sədri

Digər xəbərlər