Azərbaycan Respublikasının prioritet məsələlərindən biri idman sahələrinin inkişaf etdirilməsidir. Eyni zamanda, Azərbaycanın beynəlxalq arenada tanıdılması məsələsində də beynəlxalq idman yarışlarının ölkədə keçirilməsi əsas yol olaraq seçilmişdir. Bu səbəbdən də idman yarışları Azərbaycan üçün böyük siyasi anlam daşıyır.Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev geniş nitq söyləmiş, Azərbaycanın idman perspektivləri haqqında fikirlərini təhlil etmişdir.Sevindirici haldır ki, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Dövlətimiz məqsədyönlü siyasətini ardıcıl şəkildə aparır. Cənab İlham Əliyev bu siyasətə imkan yaradan amillər haqqında belə demişdir: “Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında.”Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Azərbaycanın idman siyasəti gənclər siyasətinin ana xəttini təşkil edir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Bu təbliğatın əsas qolu isə idman yarışlarıdır. İdman dünyaya sülh mesajları verir.Dünyada idman sahəsində rəqabətin artdığı bir dövrdə Azərbaycan idmançılarının 800-ə yaxın medal qazanması ölkəmizin daxilində idman və gənclər siyasətinin nə qədər dolğun aparıldığını isbat edir. Cənab İlham Əliyev məlum çıxışında bölgələrdə və azad edilmiş Qarabağ ərazisində keyfiyyətli idman işinin təşkilinin vacibliyini vurğulayaraq demişdir: “Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur.”Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesi günün tələbləri səviyyəsində inkişaf etdirilir. Təkmilləşdirilən idman yönümlü qurumların sayı artırılır, bələdiyyələrin, yerli və regional qeyri-hökumət orqanlarının bu sahə üzrə fəaliyyətləri gücləndirilir. Bu prosesin daha da genişmiqyaslı olması üçün dövlət üzərinə düşən öhdəlikləri yerinə yetirir və gələcəkdə də yerinə yetirəcək. Bu amili diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.
Leyla Hüseynova
YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini