PDF Oxu

Siyasət

  • 5 745

2023-cü il: Böyük Qayıdışın sürətli inkişaf mərhələsi TƏHLİL

2023-cü il: Böyük Qayıdışın sürətli inkişaf mərhələsi TƏHLİL

Prezident İlham Əliyev: "Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq - bundan böyük xoşbəxtlik ola bilməz"

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, həmçinin, strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. Bu ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərimizin hər biri, məhz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ağalı kimi müasir məkana çevriləcək və buranın əzəli sakinləri rahat, təhlükəsiz bir şəraitdə bu yerlərdə əbədi olaraq yaşayacaqlar. "İstəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək. Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. İlin sonuna qədər dediyim kimi, laçınlıların birinci qrupunu biz artıq yerləşdirəcəyik. Zabux və Sus kəndlərində də məncə, 200-dən çox ailə məskunlaşacaq". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.Ölkə Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin daha da vüsət almasına böyük təkan verəcək. Sərəncamda vurğulandığı kimi, Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin daimi-təhlükəsiz məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün şərait yaradır.
BİRİNCİ PİLOT LAYİHƏ - AĞALI KƏNDİ
Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr həllini tapacaqdır. Məlumdur ki, birinci pilot layihə olan "Ağıllı kənd" layihəsi Zəngilanda icra edildi. 2022-ci ildə Ağalıya köç başladı. Bu gün Ağalı kəndi dünyanın ən müasir kəndlərindən birinə çevrilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Tariximizə yazılan Böyük Qaydışın ilk karvanı əzəli torpağımıza yol aldı. Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirildi. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq quruldu. Xatırladaq ki, Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edildi. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk sorağı idi. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
"BU İL ZABUX VƏ SUS KƏNDLƏRİNƏ DƏ KEÇMİŞ KÖÇKÜNLƏRİ QAYTARACAĞIQ"
Artıq Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülüb. İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. İndi isə digər ərazilərimizə qayıdış olacaq. "Ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq. Çünki dərhal göstəriş verildi, indi Laçın şəhərində geniş quruculuq-bərpa işləri gedir və indi baxacağıq, bu il biz Laçın şəhərinə ilk laçınlıları nə vaxt qaytaracağıq. Bu il Zabux və Sus kəndlərinə də keçmiş köçkünləri qaytaracağıq. Zabux kəndində hansısa varlı erməni tərəfindən evlər tikilibdir. Mən o evləri müvəqqəti olaraq hərbçilərə vermişəm. Mən dedim ki, bizim vətəndaşlar o evlərdə yaşamayacaq. Onlardan biz kazarma kimi istifadə edirik. Amma zabuxlular üçün Zabux kəndində yeni qəsəbə salınır və bu il biz onları oraya göndərəcəyik".Bütün bunlarla yanaşı, bir çox kəndlərdə artıq inşaat işlərinə başlanılıb. "Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq", - deyən dövlət başçısı bildirib ki, bir neçə kəndin təməli qoyulub: "Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik. Bununla paralel olaraq, Şuşada, Ağdamda, Füzulidə məktəblər, xəstəxanalar hazır olacaq. Əlbəttə ki, təhlükəsizlik məsələləri də ciddi nəzərə alınmalıdır. Çünki əfsuslar olsun ki, 279 azərbaycanlı mina partlayışlarında ya həlak oldu, ya da ki, öz sağlamlığını itirdi. Ona görə oraya qayıdacaq soydaşlarımız çox ehtiyatlı olmalıdırlar, ancaq icazəli yerlərə getməlidirlər. Artıq biz bu il Böyük Qayıdışın sürətli inkişaf mərhələsinə başlayırıq. Əlbəttə ki, infrastruktur olmadan insanları köçürmək mümkün deyildi. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olundu. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşuldu. Biz azad olunmuş torpaqlarda 11 su elektrik stansiyasını inşa etdik və onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Yəni, bu, böyük rəqəmdir və bölgəni indiki şəraitdə tam təmin edir. Bu, ümumi sistemdə olduğu üçün əlbəttə ki, bərpaolunan enerji növlərinin bizim enerji balansımızda payını da artırır. Hazırda 7 stansiyanın inşası gedir və bütövlükdə orada 50-yə yaxın su elektrik stansiyası yaradılacaq".
"Torpaq çəkir və əminəm ki, bizim keçmiş köçkünlərimizin hamısı qayıdacaq"
Bu gün artıq bir çox ərazilərimiz kimi, Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində də bərpa-quruculuq işləri davam etdirilir. İlkin mərhələdə 20 ev müasir tələblərə uyğun qurularaq bir zamanlar doğma yurdlarından didərgin düşən ailələrə təhvil veriləcək. Artıq 20 evin əsaslı təmir-bərpa işləri başa çatıb. Evlərin daxilində kommunikasiya sistemi çəkilib, hər bir ev mətbəx mebeli ilə təchiz edilib. Məişət avadanlıqları sakinlərin köçürülməsindən öncə qurulub, tam hazır və işlək vəziyyətə gətiriləcək. Kənddə inzibati binada, məktəbdə, uşaq bağçasında, xeyir-şər evi və mağazada əsaslı təmir işləri davam edir. Talış kəndində qaz, elektrik, su, rabitə xətlərinin çəkilişi aparılır. Müasir kanalizasiya sistemi inşa olunur. Kəndarası yollar da yenidən qurulur. Yolların işıqlanması günəş panelləri ilə çalışan işıq dayaqları vasitəsilə həyata keçiriləcək."Bu, doğrudan da böyük xoşbəxtlikdir. Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq - bundan böyük xoşbəxtlik ola bilməz", - deyə bildirən Prezident vurğulayıb ki, bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğrudan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı: "Zəngilanın Ağalı kəndində uşaqların baxışlarını, gülüşlərini görəndə vallah, adam sanki uçur. Axı onlar bu yerləri ancaq kitablarda görüblər, məktəblərdə eşidiblər, valideynlərindən, babalarından, nənələrindən eşidiblər, amma indi gəliblər oraya. Torpaq çəkir və əminəm ki, bizim keçmiş köçkünlərimizin hamısı qayıdacaq".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər