"Zaman və yaranan yeni reallıqlar, hadisələrə çevik, düşünülmüş, sabaha hesablanmış proqramlar, planlar tələb edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri qeyd edib ki, 30 il bundan əvvəl hazırlanıb qəbul edilmiş Siyasi Partiyalar Haqqında Qanunun yenilənməsi, bu günün reallıqlarına əsaslanan bir sənəd kimi qəbul edilməsi bu baxımdan təbiidir.“Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin siyasi partiyalar haqqında yeni qanun layihəsinin hazırlanması barədə Milli Məclisin rəhbərliyinə müraciət etməsi başadüşüləndir və düzgün təşəbbüs idi. Bu mühüm sənədin hazırlanması və qəbul edilməsi yalnız Milli Məclisdən asılı olmayıb. Qanun layihəsinin hazırlanıb qəbul edilməsində demək olar ki, ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların təklifləri nəzərə alınıb, 47 siyasi partiya, 250-dən çox təklif verib. Bununla bərabər qanun layihəsi hazırlanarkən bir çox qabaqcıl ölkələrin təcrübəsi öyrənilib, Venesiya komissiyasının tövsiyələri nəzərə alınıb, beynəlxalq əhəmiyyətli sənədlərə müraciət edilib.Qanun layihəsi nəinki siyasi dairələrdə, ictimaiyyət arasında geniş əks-səda yaradıb. O, son illərdə Milli Məclis tərəfindən qəbul edilən qanunlar içərisində ən geniş müzakirəyə səbəb olan, ən çox təklifləri, çıxışları özündə əks etdirən bir sənəd kimi yadda qalandır. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə bir neçə dəfə dinləmələrdən keçən qanun layihəsinin hər bir maddəsi üzərində iş aparılıb, mətbuat və sosial şəbəkələrdə şəslənən təkliflərə belə həssas yanaşılıbdır. Bunun nəticəsidir ki, qanun layihəsində 110-dan çox düzəliş edilib. Yeni qanun siyasi sistemin təkmilləşdirilməsinə, partiyaların rolunun artırılmasına və fəaliyyətlərinin genişləndirilməsinə, həm də onların məsuliyyətlərinin artırılmasına, beynəlxalq aləmə çıxışlarının təmin edilməsinə imkan yaradır.Yeni qanuna əsasən, dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunvericiliyə uyğun olaraq onlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. Şəraitə uyğun olaraq partiyaların iclaslarının videokonfrans sistemi vasitəsi ilə keçirilməsinə icazə verilməsi də müsbət məqamlardandır. Siyasi Partiyalar Haqqında Qanun ölkədə çoxpartiyalı sistemin yaradılmasına, vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir və bilavasitə milli maraqları özündə birləşdirir”, deyə Tahir Rzayev bildirib.
Müəllif: İnam Hacıyev