Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına növbəti müsahibəsi, verdiyi bəyanatlar, səsləndirdiyi fikirlər 2023-cü ildə ölkəmizin həm regional, həm beynəlxalq müstəvidə irəliləyəcəyi, eyni zamanda, dövlətimiz və xalqımız üçün yaxın gələcəyə yönəlik çox vacib olan yol xəritəsini müəyyən etmək baxımından ciddi siyasi hadisə hesab edilməlidir.Dövlətimizin başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Azərbaycan Prezidenti, həmçinin vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu. Azərbaycan Prezidenti ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə etdi. Ölkəmizin bu mövqeyi dəyişməzdir. İlk növbədə, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilməli, Ermənistan bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Həmçinin Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar konkret addımlar atmalı, vaxtında sülh müqaviləsinə hazırlıq işləri görməlidir. Dövlətimizin başçısı həm də Ermənistanın Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində təbii sərvətlərimizi qanunsuz istismar etməsinin, ekoloji terror törətməsinin yolverilməz olduğunu diqqətə çatdırdı. Ermənistanın vaxtaşırı olaraq hərbi təxribatlar törətdiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, bütün təxribatların qarşısı qalib Azərbaycan Ordusu tərəfindən alınacaq və Ermənistanın bu siyasəti onun özü üçün çox ağır nəticələr verəcək. Başqa bir mühüm məsələ Azərbaycanın regionda kommunikasiyaların bərpası ilə əlaqədar mühüm təşəbbüslər irəli sürməsi və qətiyyətli mövqe sərgiləməsidir.Xüsusilə də, Zəngəzur dəhlizinin açılması məsələsi bu kontekstdə mühüm yer tutur. Bu, regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından strateji əhəmiyyətlidir. Dəhliz, eyni zamanda, Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsinin təhlili deməyə əsas verir ki, Azərbaycanın Avropa İttifaqı və onun ayrı-ayrı üzvləri ilə əməkdaşlığı yaxın perspektivdə daha da genişlənəcək və rəsmi Bakı köhnə qitənin enerji təhlükəsizliyi üzrə əsas tərəfdaşlarından birinə çevriləcək. Eyni zamanda, Azərbaycanın uzun illərdən bəri üzərində çalışdığı nəqliyyat-logistika layihələrinin əhəmiyyəti artıq regional müstəvidən qlobal miqyasa proyeksiya edir. Azərbaycanda bu vaxta qədər həyata keçirilən layihələr, aparılan siyasət ölkəmizə qlobal səviyyədə baş verən genişmiqyaslı dəyişikliklərə adaptasiya olmağa və faydalanmağa imkan verib. Azərbaycanın etibarlı tərəfdaş olması, müstəqil xarici siyasət aparması Avropada etimad yaradıb və rəsmi Bakının etibarlı tərəfdaşlar klubu yaranıb. Azərbaycanın strateji dəyəri artır və bu, həm regional, həm də beynəlxalq müstəvidə milli maraqlarımızın həyata keçirilməsi üçün yeni imkanlar açır. Azərbaycanın bütün çətinliklərə baxmayaraq “Cənub Qaz Dəhlizi” layihəsini uğurla reallaşdırması, onun potensialını aydın şəkildə nümayiş etdirib. Ölkəmiz zamanında atılmış düzgün addımlarla artıq çox qısa müddətdə Avropanın artan enerji ehtiyaclarını qarşılaya biləcək.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri