PDF Oxu

Siyasət

  • 2 359

Həyata keçirilən islahatlar müasir dövrün çağırışıdır

Həyata keçirilən islahatlar müasir dövrün çağırışıdır

Ölkəmizdə çoxpartiyalı sistemin formalaşması, həmçinin bütün siyasi partiyalara fəaliyyətləri üçün bərabər şəraitin yaradılması dövlət siyasətinin əsasını təşkil edir. “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu zəruri idi. Xatırladaq ki, mövcud “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 1992-ci il 3 iyun tarixində qəbul edilib. Aydındır ki, ötən 30 ildə siyasi münasibətlərə baxış dəyişib və ölkədə formalaşan yeni siyasi düzən hüquqi müstəvidə də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını vacib edirdi. “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı siyasi partiyalardan daxil olan təkliflər nəzərə alınmış, beynəlxalq təcrübəyə istinad edilmişdir. Yeni Qanun layihəsinin hazırlanması zamanı aşağıdakılar nəzərdən keçirilib: Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət” (233 tövsiyə - onlardan 132-si sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aiddir).Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”. 24 ölkənin təcrübəsi (Almaniya, ABŞ, Fransa, İsveç, İspaniya, Niderland, İtaliya, Avstriya, Türkiyə, Polşa, Bolqarıstan, Çexiya, Macarıstan, Latviya, Litva, Estoniya, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, Tacikistan, Özbəkistan və Ermənistan). 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif. Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif.Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, bu gün cəmiyyəti düşündürən məsələlərin iqtidar və müxalifət nümayəndələri arasında açıq şəkildə müzakirəsi demokratiyanın göstəricisidir. Sevindirici haldır ki, artıq milli birlik və vətəndaş həmrəyliyi siyasi partiyaların fəaliyyətində prioritet təşkil edir. Mövcud Qanuna görə dövlət büdcəsindən siyasi partiyalar üçün ayrılan vəsaitin (2022-ci ildə 5.000.000 AZN) 95 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar (40 faizi – bərabər, 50 faiz – deputatların sayına görə, 5 faizi – sonradan seçilmiş deputatlara görə), 5 faizi isə irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünür. Bundan sonra sonuncu 5 faiz aşağıdakı qaydada bölünəcək:
- vəsaitin 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünəcək;
- vəsaitin 2,5 faizi yuxarıda qeyd edilmiş siyasi partiyalar arasında qazanılmış səslərin sayına uyğun olaraq proporsional qaydada bölünəcək. Qeyd edilən bölgüyə əsasən siyasi partiyaya ayrılan illik dövlət maliyyə yardımının yuxarı həddi həmin partiyanın təqdim etdiyi maliyyə hesabatında göstərilən illik daxilolmalarının (dövlət maliyyə yardımı çərçivəsində ayrılmış vəsait nəzərə alınmadan) iki mislindən çox ola bilməyəcək. Həmçinin, yuxarıda qeyd edilən bölgüyə əsasən dövlət maliyyə yardımı yeni Qanun qüvvəyə mindikdən sonra Milli Məclisə keçiriləcək seçkilərdə etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara ayrılacaq.
Deputat diqqətə çatdırıb ki, Siyasi partiyanın mülkiyyətində torpağın ola bilməməsi ilə bağlı qadağa aradan qaldırılmışdır. İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin siyasi partiyanın əsaslandırılmış müraciəti əsasında və mövcud imkanlar daxilində onun qərargahla təmin edilməsi üçün tədbirlər görməsi nəzərdə tutulmuşdur. Yeni Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya həmin Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının 5000-ə çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək Ədliyyə Nazirliyinə təqdim etməli olacaq. Ədliyyə Nazirliyi 30 gün müddətində sənədləri yoxlayır. Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edilmədikdə siyasi partiya 90 gün müddətində nizamnaməsini və proqramını yeni Qanunun tələblərinə uyğunlaşdırmalı, proqramı olmadığı halda onu qəbul etməli və nizamnaməsində və proqramında edilmiş dəyişiklikləri, yaxud yeni nizamnaməni və proqramı Ədliyyə Nazirliyinə təqdim etməli olacaq.

Kamran Bayramov
Milli Məclisin deputatı

Digər xəbərlər