“1990-cı ilin 20 Yanvar günü Azərbaycan tarixinin əbədi olaraq yaddaşlara həkk olunan qəhrəmanlıq tarixidir. O gün xalqımıza qarşı, sözün həqiqi mənasında, qətliam törədilsə də, azadlıq eşqilə döyünən qədim bir millətin qürurunun, qəhrəmanlığının, hünər və cəsarətinin sınaq günü oldu”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, biz bir millət olaraq həmin gün təkcə Sovet imperiyasına deyil, bütün dünyaya yenilməzliyimizi, başladığımız müqəddəs yoldan çəkilməyəcəyimizi nümayiş etdirdik: “Dünya tarixində müxtəlif xalqlar buna bənzər tarixi hadisələr yaşamışlar. Fəqət Azərbaycanda baş verən bu hadisə özünün əzəməti ilə xüsusi diqqət çəkir. Ən başlıcası ona görə ki, Azərbaycan xalqı iki yüz ilə yaxın bir dönəmdə xalqımıza müstəmləkə zülmü yaşadan, dünyanın ən nəhəng imperiyalarından olan sovetlər birliyinə qarşı dirəniş göstərirdi. 1989-cu ilin sonlarında Azərbaycan xalqının təkidi ilə Azərbaycan SSR Ali Sovetinin Suverenlik Haqqında Konstitusiya Aktı qəbul etməsi, keçmiş “DQMV”-nin ərazisində və Ağdamda Azərbaycan hakimiyyətinin razılığı olmadan yaradılmış Xüsusi Vəziyyətin və komendant saatının ləğvi haqqında qərarın qəbul edilməsi, ermənipərəst Moskvanı son dərəcə əsəbləşdirmişdi. Bu dırnaqarası "özbaşınalığa" dərs verməyi planlaşdıran Kreml, o zaman ki Azərbaycan rəhbərliyinin, yumşaq desək, acizliyindən yararlanaraq məqsədli şəkildə Bakıda qırğınların törədilməsini, ölkədə süni şəkildə xaos, hakimiyyətsizlik şəraiti yaradılmasını təşkil etdi və bunu "əsas" götürərək xalqımıza "dərs" vermək istədi”.T.Novruzov onu da bildirdi ki, qürur hissi ilə deməliyik ki, "dərs" vermək istəyən imperiya rəhbərliyi özü dərs almağa məcbur edildi: “Vətən yolunda, azadlıq naminə tankların, avtomat və pulemyotların qarşısına əliyalın çıxan millət fədailəri sübut etdi ki, bu xalq müqəddəs arzuların reallaşması yolunda ölümün də gözünə dik baxmağa qadir olan xalqdır. Həmin gün Azərbaycan xalqı dünyaya sübut etdi ki, onun Azadlıq və Vətənin bütövlüyü istəkləri ötəri deyil və bunu imperiya başbilənləri də anlamağa məhkumdurlar. 20 Yanvar hadisələrinin bir mühüm tarixi əhəmiyyəti də ondan ibarət oldu ki, hələ də Sovet Hakimiyyətinə, Kommunist rejiminə az-çox inamı olan insanların bu inamını da sıfıra endirdi. Xalq bütövləşdi və imperiyadan qurtulmaq üçün birləşərək vahid qüvvəyə çevrildi. Bütün bunlara görə 1990-cı ilin 20 Yanvar hadisəsini tariximizin şanlı səhifələrindən biri kimi xatırlayırıq. Allah canını Vətən və Azadlıq naminə qurban verən bütün şəhidlərimizə rəhmət eləsin. AMİN!”
Müəllif: Gülyana