Siyasət

  • 2 383

Azərbaycan ekoloji təmiz enerji ixracatçısına çevrilməkdədir

image

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində dünyada yaranmış yeni geosiyasi vəziyyətdə Azərbaycan beynəlxalq bazarda çox əlverişli mövqeyə sahib oldu. İndi Azərbaycanın siyasi və iqtisadi tərəfdaşları, strateji müttəfiqləri artmaqda, nüfuzlu təşkilatlarda sözü eşidilməkdədir. Bu gün Azərbaycan beynəlxalq tərəfdaşlıqda sərhəd tanımır. Dövlətimiz milli maraqların qorunması çərçivəsində yüksəksəviyyəli və geniştərkibli münasibətlər qurub. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır və ölkəmiz etibarlı tərəfdaşa çevrilir. Azərbaycan dövlətinin düşünülmüş şəkildə yürütdüyü uğurlu xarici siyasət nəticəsində beynəlxalq aləmdə Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı günbəgün artır.

Ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən birini məhz böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən də ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Bu dövlətlərdən biri də Birləşmiş Ərəb Əmirlikləridir. Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi artan xətt üzrə inkişaf edir. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il sentyabrın 1-də ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. BƏƏ BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Xankəndi-Laçın yolu ətrafında vəziyyətə dair mətbuat bəyanatının layihəsi ilə əlaqədar obyektiv mövqe nümayiş etdirib.
Yanvarın 16-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. Qlobal problemlərin yalnız inklüziv iştirak yolu ilə həll oluna biləcəyinə dair möhkəm inam əsasında qurulan bu platforma davamlı inkişafı təmin edəcək iqlim fəaliyyəti və innovasiyaları müzakirə etmək üçün dövlət başçıları, siyasətçiləri, sənaye liderləri, investorlar, sahibkarlar və gəncləri bir araya gətirir. Bu cür mötəbər tədbirə cənab prezident İlham Əliyevin dəvət olunması da münasibətlərin inkişafından və ölkəmizə, dövlətimizin başçısına ehtiramın bir nümunəsidir.
Tədbirdə çıxış edən cənab İlham Əliyev qeyd etmişdir ki: “Biz Azərbaycanda bərpa olunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpa olunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.”
Azərbaycanın dünyanın enerji təhlükəsizliyində roluna toxunan cənab Prezident qeyd etmişdir ki, bu gün Azərbaycan həm özünü enerji ilə təmin edir, həm də bir çox ölkələrə enerji ixrac edir: “Təbii qaz ixracımız artır – ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. O, artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpa olunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil, belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq.”
Qeyd etmək lazımdır ki, Azərbaycan və BƏƏ arasında “yaşıl enerji”, iqlim dəyişikliyi, “ağıllı şəhərlər”in qurulması, yüksək texnologiyalar və bərpa olunan enerji mənbələri kimi məsələlərdə əməkdaşlıq üçün zəmin var. Xüsusən külək enerjisinin hər iki ölkə iqliminə uyğunluğu gələcəkdə geniş əməkdaşlığa imkan verəcəkdir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” energetika şirkəti tərəfindən dəstəklənən bu qlobal təşəbbüs iqtisadi, sosial və ekoloji tərəqqidə bizimlə əməkdaşlıq etməsi müsbət haldır. Həmin şirkətlə bağlanmış qısamüddətli layihə nəticəsində “yaşıl enerji”nin 10 qiqavata qədər artırılacağına imkan verəcəkdir. Cənab prezidentin dediyi kimi: “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.” 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Sazişin imzalanması 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanının reallaşmasına yardım edəcəkdir.
Bütün bunlar göstərir ki, Azərbaycan dövlət olaraq dünyanın enerji təhlükəsizliyində, həm də ekoloji cəhətdən təmiz enerjinin alınmasında mühüm rol oynayan etibarlı və dayanıqlı tərəfdaş kimi tanınmaqda və inkişaf etməkdədir.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri

Digər xəbərlər