PDF Oxu

Siyasət

  • 523

Cəbrayıl – Zəfərdən Böyük Qayıdışa uzanan dövlətçilik yolu

image

İlqar İlyasov
YAP Qaradağ rayon təşkilatının sədri

4 Oktyabr – Cəbrayıl şəhəri günü Azərbaycan xalqının yaddaşında böyük qürur və tarixi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix 27 illik işğal həsrətinin sona çatdığı, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm tarixi mərhələnin tamamlandığı və Cəbrayılın yenidən öz sahibinə qovuşduğu gün kimi xüsusi məna daşıyır. Cəbrayılın azad edilməsi Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlığın, peşəkarlığın və yüksək döyüş ruhunun parlaq nümunələrindən biridir.

1993-cü il avqustun 23-də Cəbrayıl rayonunun işğal olunması ilə minlərlə insan doğma torpaqlarından didərgin düşdü. Rayonun şəhəri və kəndləri dağıdıldı, tarixi-mədəni irsə qarşı məqsədyönlü vandalizm törədildi, yüzlərlə sosial və iqtisadi obyekt məhv edildi. Cəbrayılın qədim tarixi ilə bağlı çoxsaylı maddi-mədəniyyət nümunələri də işğalın ağır nəticələrindən zərər çəkdi. Lakin bütün bunlar Cəbrayıl sakinlərinin doğma yurda bağlılığını və qayıdış inamını sarsıda bilmədi.
Cəbrayılın azadlığına aparan yol Azərbaycan xalqının uzun illər ərzində qoruduğu milli iradənin və dövlət siyasətinin məntiqi nəticəsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni səhifə açdı. Müzəffər Azərbaycan Ordusu qısa müddət ərzində böyük hərbi uğurlara imza ataraq düşmənin uzun illər ərzində qurduğu istehkamları yarıb keçdi. Sentyabrın 27-dən başlayaraq Cəbrayıl rayonunun kəndlərinin azad edilməsi, oktyabrın 4-də isə Cəbrayıl şəhərinin düşmən işğalından qurtarılması tarixi Zəfərimizin mühüm mərhələsinə çevrildi.
Cəbrayılın azad olunmasının hərbi və strateji əhəmiyyəti də olduqca böyük idi. Rayonun azad edilməsi Azərbaycan Ordusunun sonrakı istiqamətlərdə uğurlu əməliyyatlar həyata keçirməsi üçün mühüm imkanlar yaratdı. Cəbrayıl Zəfərindən sonra Azərbaycan Ordusunun Xocavənd, Hadrut, Zəngilan, Qubadlı və Laçın istiqamətlərində irəliləyişi üçün geniş strateji imkanlar yarandı. Beləliklə, Cəbrayılın azad edilməsi Vətən müharibəsinin ümumi qələbə xəritəsində mühüm yer tutdu.
Cəbrayılın azadlığı ilə bağlı ən yaddaqalan tarixi məqamlardan biri də Xudafərin körpüsündə Azərbaycan Bayrağının ucaldılması oldu. Əsrlər boyu Azərbaycanın tarixi və mədəni irsinin mühüm simvollarından biri olan Xudafərin körpüsündə üçrəngli bayrağımızın dalğalanması həm milli qürurun, həm də tarixi ədalətin bərpasının rəmzinə çevrildi. Bu mənzərə uzun illər doğma torpaqlarına həsrətlə baxan milyonlarla insan üçün Zəfərin ən təsirli görüntülərindən biri oldu.
Lakin Cəbrayılın azad edilməsi ilə qarşıda daha böyük və məsuliyyətli mərhələ – bərpa və quruculuq dövrü başladı. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi Azərbaycan dövlətinin qarşıya qoyduğu strateji məqsədlər sırasında xüsusi yer aldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Cəbrayılın da simasını sürətlə dəyişməyə başladı.
Bu gün Cəbrayılın ərazisində müasir yol və nəqliyyat infrastrukturu yaradılır, enerji layihələri həyata keçirilir, yeni yaşayış məhəllələri, məktəblər, sosial obyektlər və istehsal müəssisələri inşa olunur. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması rayonun iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu layihə Cəbrayılın yalnız yaşayış məkanı kimi deyil, həm də regionun iqtisadi inkişafında mühüm rol oynayan istehsal və logistika mərkəzinə çevrilməsinə imkan yaradır.
Enerji sahəsində görülən işlər də Cəbrayılın gələcək inkişafının mühüm dayaqlarındandır. Yeni yarımstansiyaların yaradılması, günəş elektrik stansiyalarının inşası və yaşıl enerji potensialından istifadə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə tətbiq etdiyi müasir inkişaf modelinin mühüm göstəriciləridir. Bu yanaşma Cəbrayılın gələcəkdə dayanıqlı, müasir və ekoloji baxımdan əlverişli yaşayış məkanına çevrilməsinə xidmət edir.
Cəbrayıl şəhərinin Baş planının təsdiqlənməsi də qarşıdakı inkişafın sistemli xarakter daşıdığını göstərir. Şəhərin yeni siması müasir şəhərsalma prinsipləri əsasında formalaşdırılır. Burada yaşayış binaları ilə yanaşı, sosial obyektlərin, ictimai məkanların, təhsil və xidmət infrastrukturunun yaradılması nəzərdə tutulur. Məqsəd sadəcə dağıdılmış şəhəri yenidən qurmaq deyil, gələcək nəsillər üçün rahat, təhlükəsiz və müasir şəhər mühiti formalaşdırmaqdır.
Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Horovlu və Şükürbəyli kəndlərində həyata keçirilən layihələr də Böyük Qayıdışın miqyasını göstərir. Yeni evlərin tikilməsi, məktəblərin, uşaq bağçalarının, tibb və digər sosial obyektlərin yaradılması kəndlərin əvvəlki həyat ritminin müasir standartlar əsasında bərpasına xidmət edir.
Bütün bu proseslərin ən mühüm nəticəsi isə insanların öz doğma torpaqlarına qayıtmasıdır. Cəbrayıl şəhərinə və rayonun kəndlərinə keçmiş məcburi köçkünlərin yerləşdirilməsi Böyük Qayıdış siyasətinin real nəticələrinin aydın göstəricisidir. İllərlə müxtəlif bölgələrdə müvəqqəti məskunlaşmış insanların doğma evlərinə qayıtması həm tarixi ədalətin, həm də milli həmrəyliyin böyük qələbəsidir.
Cəbrayılın dirçəlişi yalnız bir rayonun bərpası deyil. Bu proses Azərbaycanın öz ərazilərinə sahib çıxmasının, milli irsin qorunmasının, insan amilinin dövlət siyasətində prioritet olmasının və Zəfərin quruculuq mərhələsinə keçməsinin parlaq nümunəsidir.
Bu gün Cəbrayılın simasında iki böyük tarixi proses birləşir: Zəfər və Qayıdış. Dünən işğaldan azad edilən Cəbrayıl bu gün yeni yolları, məktəbləri, yaşayış məhəllələri, sənaye müəssisələri və qayıdan sakinləri ilə gələcəyə doğru inamla addımlayır. Bu mənzərə Azərbaycan dövlətinin gücünün və milli iradəmizin ən aydın ifadələrindən biridir.
4 Oktyabr Cəbrayıl üçün sadəcə təqvim günü deyil. Bu tarix torpağın azadlığının, insanın öz yurduna qayıdışının və dövlətin öz vətəndaşına verdiyi sözün gerçəkləşməsinin rəmzidir. Cəbrayılın yenidən qurulan siması Zəfərimizin əbədiliyini, Böyük Qayıdışımızın dönməzliyini və Azərbaycanın gələcəyinə olan inamımızı təcəssüm etdirir.

Digər xəbərlər