"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixinin ən ağır mərhələlərindən birində ölkənin hansı istiqamətdə gedəcəyinin müəyyənləşməsindən gedirdi.
1993-cü ildə Azərbaycan ciddi siyasi böhranla, daxili qarşıdurma təhlükəsi ilə, iqtisadi və hərbi problemlərlə üz-üzə idi. Belə bir şəraitdə əsas məsələ hakimiyyət uğrunda mübarizə deyil, dövlətin özünün qorunub saxlanılması idi.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə dövlət idarəçiliyində sabitlik və ardıcıllıq mərhələsi başladı. Dövlət institutlarının möhkəmləndirilməsi, ordunun formalaşdırılması, iqtisadiyyatın dirçəldilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində ciddi addımlar atıldı.
1995-ci ildə Konstitusiyanın qəbul edilməsi, iqtisadi islahatlar, neft strategiyasının formalaşdırılması və Azərbaycanın dünya ilə daha geniş inteqrasiyası həmin dövlətçilik xəttinin mühüm nəticələri idi.
Burada mühüm bir məqam var. Heydər Əliyev yalnız o günün problemlərini həll etmirdi. O, Azərbaycanın gələcəyinin siyasi, iqtisadi və institusional əsaslarını formalaşdırırdı."Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, məhz buna görə 2003-cü ildə İlham Əliyevin prezident seçilməsi də ayrıca bir hadisə kimi deyil, əvvəlki illərdə formalaşdırılmış siyasi kursun davamlılığı kontekstində qiymətləndirilir.
"Başqa sözlə, 1993-cü ildə dövlətin sabitliyi və müstəqilliyinin qorunması üçün atılan addımlar sonrakı mərhələdə Azərbaycanın inkişaf strategiyasına çevrildi. 2003-cü ildən etibarən isə bu xətt yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirildi və Azərbaycan suveren dövlət kimi təsdiqləndi.
Bu gün 3 oktyabrı xatırlayarkən əsas məsələ tarixə yalnız nostalji ilə baxmaq deyil. Əsas məsələ odur ki, həmin dövrdə verilmiş siyasi qərarların Azərbaycan dövlətçiliyinin sonrakı inkişafına necə təsir etdiyini düzgün dərk edək.
Çünki dövlətçilik tarixində elə tarixlər var ki, onlar sadəcə təqvimdə qalmır. 3 oktyabr 1993-cü il də Azərbaycanın müasir dövlətçilik tarixində belə dönüş nöqtələrindən biridir."-deyə, B.Quliyev əlavə edib.