Tarix sadəcə təqvimlərdən ibarət deyil; bəzi tarixlər var ki, bir xalqın taleyini, şərəfini və milli mənliyini yenidən yazır. Müasir Azərbaycan tarixinə Cəbrayıl şəhəri günü kimi həkk olunmuş 4 oktyabr məhz belə günlərdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 oktyabr tarixinin Cəbrayıl şəhəri günü kimi təsis edilməsi sadə bir təqvim günü deyil. Həmin gün, 27 illik həsrətə son qoyan rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıq dastanı, şəhidlərimizin əziz xatirəsi və doğma torpağa “Böyük Qayıdış” fəlsəfəsinin dövlət səviyyəsində əbədiləşdirilməsidir.
Cəbrayılın ağrılı tarixi 23 avqust 1993-cü ildə – Ermənistan Silahlı Qüvvələrinin işğalı ilə başladı. O vaxt cəmi 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan, sement, mərmər, mişar daşı kimi təbii sərvətlərlə zəngin, dəmir filizi və neft yataqlarının qucağında bərəkət saçan bu füsunkar rayon bir gündə xarabazara çevrildi. İşğaldan əvvəl Cəbrayılın zəhmətkeş insanları üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olur, elmin, maarifin, mədəniyyətin zirvələrini fəth edirdilər. 510 çarpayılıq xəstəxanalar, 72 məktəbdə dərs deyən 1660-dan çox fədakar müəllim, musiqi məktəbləri, 78 kitabxana və Tarix-diyarşünaslıq muzeyində qorunan 20 mindən çox nadir eksponat... Hər şey bir göz qırpımında erməni faşizminin qurbanı oldu.
Düşmən təkcə torpağı deyil, insanlığı və mədəniyyəti hədəf aldı. İşğalın nəticələri dəhşətli idi: Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində maddi ziyan vuruldu. 1050 kadratkilometrlik rayon ərazisi və buradakı 100-ə yaxın kənd vəhşicəsinə yerlə-yeksan edildi. 72 məktəb, 8 xəstəxana, 150 mədəniyyət ocağı talan olundu.
Birinci Qarabağ müharibəsində Cəbrayıl 362 nəfər şəhid verdi, 191 nəfər sakini isə əlil oldu. Rayonun torpaq uğrunda canından keçən 6 qəhrəman övladı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Vətənindən didərgin düşən 52 minlik Cəbrayıl əhalisi respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində – çadır düşərgələrində, yük vaqonlarında, soyuq yataqxanalarda məskunlaşdı. Amma ruhları sarsılmadı, gözləri həmişə Arazın o tayına – doğma yurdlarına dikildi.
Mədəni soyqırım da amansız oldu: rayon ərazisində yerləşən qədim “Divlər Sarayı” mağarası, “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Mazannənə, Mərmər nənə məqbərələri, əsrlərin şahidi “Başıkəsik Gümbəz”, “Qala”, “Qız qalası”, qədim türk qəbiristanlıqları, “Sultan Məcid hamamı” və Şıxlar, Xubyarlı kəndlərindəki dairəvi türbələr erməni vandalizminin qurbanına çevrilərək dağıdıldı.
Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışından bir neçə ay sonra, hələ 1994-cü il yanvarın 5-də uğurlu Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Lakin strateji yüksəkliklər düşmən əlində olduğundan orada yaşamaq qeyri-mümkün idi. 2016-cı ilin aprel döyüşləri isə hər şeyi dəyişdi. Azərbaycan Ordusunun sarsıdıcı əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi azad olundu. Bu qələbə Cocuq Mərcanlıya həyatın qayıtmasını təmin etdi. Cocuq Mərcanlının yenidən qurulması xalqımızın tarixinə “Böyük Qayıdışın” ilk qaranquşu, qaranlığı yaran ilk işartısı kimi düşdü.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayıl üçün də qurtuluş savaşına çevrildi. İlk gündəcə – sentyabrın 27-də rayonun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərindən düşmən qovulduqdan bir gün sonra rəşadətli ordumuz Cəbrayıl şəhərini və rayonun daha 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini düşməndən təmizlədi. Ümumilikdə hərbi əməliyyatlar nəticəsində 1 şəhər və 90 kənd azadlığa qovuşdu.
Cəbrayıl əməliyyatı hərb elmində xüsusi çəkiyə malikdir. Düşmən rayon ərazisində uzun illər boyu keçilməz görünən, bir neçə xətdən ibarət mürəkkəb mühəndis-istehkam qurğuları qurmuşdu. Bu beton divarları və minalanmış sahələri yarmaq ancaq Azərbaycan əsgərinin polad iradəsi, yüksək fədakarlığı və canı bahasına mümkün oldu.
Cəbrayılın azad edilməsi müharibənin gedişatında strateji dönüş nöqtəsi yaratdı. Bu zəfərdən sonra Xocavəndin cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində əməliyyatların keçirilməsi üçün geniş qapılar açıldı. Ordumuz Zəngilanı, Qubadlını və Laçının cənub hissəsini sürətlə azad edərək Laçın dəhlizini tam nəzarətə götürdü.
Dövlətimiz bu qəhrəmanlığı unutmadı; 26 noyabr 2020-ci ildə təsis edilən “Cəbrayılın azad olunmasına görə” medalı ilə döyüşlərdə şəxsi igidlik göstərmiş 22 797 hərbi qulluqçu təltif edildi.
Cəbrayıl zəfərinin ən emosional və rəmzi anı isə qədim Xudafərin körpüsünün azad edilməsi oldu. Əsrlər boyu birliyin və tarixin simvolu olan bu körpüdə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Zəfərdən dərhal sonra – 2020-ci il noyabrın 16-da Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Dövlət Bayrağının ucaldılması həm tarixi ədalətin bərpası, həm də bütün dünyaya verilən “Dəmir yumruq” bəyanatı idi.
Ümumiyyətlə, Cəbrayılın azadlıqdan sonrakı tarixi həm də dövlətin gücü ilə yenidən qurulan nəhəng bir bərpa epopeyasıdır. Prezident İlham Əliyevin rayona etdiyi hər bir səfər Cəbrayılın gələcəyinə qoyulan yeni bir kərpic, atılan strateji bir addım oldu. 2021-ci ilin fevralında Soltanlı kəndində azad olunmuş torpaqlarda ilk əkin işlərinə başlanıldı, ardınca rayonun girişində məşhur “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsi bərpa olundu, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi istifadəyə verildi. Həmin ilin oktyabrında isə “KamAZ” və “Gəncə Avtomobil Zavodu”nun birgə servis mərkəzinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına məktəbin və şəhərdə ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərinin atılması, “Cəbrayıl” yarımstansiyasının açılışı isə şəhərin bərpası üçün dönüş nöqtəsi oldu.
Düz bir il sonra, 2022-ci il oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Qumlaq stansiyasının, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi keçirildi. 2023-cü ilin mayında isə bölgəni Qarabağa bağlayan 43 kilometrlik, 4 hərəkət zolaqlı Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlin atıldı. Həmin ilin sentyabrında isə Prezident İlham Əliyev tərəfindən rayon mərkəzində inzibati binanın təməlinin qoyulması, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk yaşayış kompleksində işlərlə tanışlıq və “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı həyata keçirildi.
2024-2025-ci illərdə rayonda quruculuq işləri daha da genişləndirildi: əvvəlcə may ayında eyni gündə dörd kəndin (Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı) təməli qoyuldu, region üçün strateji əhəmiyyətli “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları istismara verildi, daha sonra Horovlu kəndində fərdi evlərin inşasına başlanıldı, M.Mehdizadə adına tam orta məktəb binasının və Cəbrayıl yaşayış kompleksinin rəsmi açılış, alkoqolsuz içkilər istehsalı və damazlıq yumurta fabriklərinin təməlqoyma mərasimi baş tutdu. 2025-ci ilin oktyabrında isə Cəbrayıl şəhər məscidinin, şəhərdə ikinci və üçüncü yaşayış komplekslərinin, “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməli atıldı. Bu ilin may ayında isə Şükürbəyli kəndinin təntənəli açılışı ilə sakinlər öz doğma evlərin qayıtdılar, Soltanlı kəndində isə 330 kV-luq nəhəng “Şəfəq” yarımstansiyası istifadəyə verildi.
Cəbrayıl şəhərinin mərkəzində ucalan yeni yaşayış massivləri müasirliyin və rahatlığın rəmzidir. Açılışı edilmiş 7,9 hektarlıq sahəni əhatə edən ilk Cəbrayıl Yaşayış Kompleksi 7-si beşmərtəbəli, 26-sı dördmərtəbəli olmaqla 712 tam təmirli mənzildən ibarət 33 möhtəşəm yaşayış binasından ibarətdir. Qeyd edək ki, hər bir mənzil vətəndaşlara mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi və bütün fərdi sayğaclarla təchiz olunmuş vəziyyətdə təqdim edilir. Azərbaycan dövlətin şəhərsalma hədəflərini davam etdirərək, Cəbrayıl şəhərində 615 mənzilli (23 bina) və 746 mənzilli (25 bina) ikinci və üçüncü yaşayış komplekslərinin inşasını da sürətlə davam etdirir.
Beləliklə, azad olunmuş torpaqlarımıza, o cümlədən Cəbrayıla Böyük Qayıdış artıq xəyal deyil, fərəh doğuran reallıqdır. İllərlə yataqxanalarda, sanatoriyalarda çətin şəraitdə yaşayan cəbrayıllıların ilk köç karvanı 2024-cü il sentyabrın 26-da Bakının Qaradağ rayonundan doğma yurda yola salınıb, torpaq öz sahiblərinə qovuşub. Dövlət proqramının uğurlu icrası nəticəsində artıq Cəbrayıl şəhərində 680 ailə (2974 nəfər), Şükürbəyli kəndində 599 ailə (2749 nəfər), Horovlu kəndində 321 ailə (1326 nəfər) doğma yurduna tamamilə qayıdıb daimi məskunlaşıb.
Cəbrayıl bu gün Azərbaycanın yaşıl enerji xəritəsinin əsas mərkəzlərindən birinə çevrilib. Rayonda qurulan enerji şəbəkəsi gələcək sənayenin əsas təminatçısıdır: “Cəbrayıl” yarımstansiyası (2021) əgər dövlətimiin rayondakı şəhərsalma konsepsiyasının, hərbi obyektlərin və kəndlərin ilk işıq mənbəyi idisə, “Şəms” və “Üfüq” Günəş Elektrik Stansiyaları (2025), eləcə də Şahvəlli kəndindəki hər birinin gücü 50 meqavat olan stansiyaların inşası rayona ekoloji təmiz güc qatır, “Şəfəq” yarımstansiyası isə Soltanlı kəndində regionun enerji dayanıqlılığını təmin edir. Azad edilmiş torpaqlarda ilk sənaye miqyaslı xarici investisiya layihəsi olaraq məşhur bp şirkəti tərəfindən tikilməkdə olan eyni adlı 240 meqavatlıq “Şəfəq” GES Cəbrayılı beynəlxalq yaşıl enerji qovşağına çevirir.
Qarabağ və Şərqi Zəngəzurda icra olunan ən mühüm 10 layihədən biri olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu rayonun əsas nəqliyyat sütunudur. Belə ki, inşası davam etdirilən Əhmədbəyli-Füzuli-Şuşa, Xudafərin-Qubadlı-Laçın və tamamlanmış Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolları başlanğıcını məhz bu magistraldan götürür. 20-yə yaxın yaşayış məntəqəsini birləşdirən bu yollar Cəbrayılı Şərqi Zəngəzurun loqistika mərkəzinə çevirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” müasir şəhərsalmanın nümunəvi sənədidir. Proqnoza görə 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakin yaşayacaq. Bunun üçün 143 hektar ərazidə 4 mərhələdən ibarət plan əsasında binalar inşa ediləcək, sakinlərin 82 faizi binalarda, qalan hissəsi isə fərdi evlərdə məskunlaşacaq. Bu ilin sonunadək artıq 3800 nəfərin şəhər mərkəzində daimi məskunlaşdırılması planlaşdırılır. Bundan başqa Baş plana uyğun olaraq rayonun digər kəndləri də sürətlə tikilir və canlanır.
Cəbrayıl artıq köçkünlük ağrısı ilə sızlayan yaralı bir rayon deyil. O, öz müasir evləri, yaşıl enerji stansiyaları, sənayesi güclənən, tariximizin izlərini özündə daşıyan Xudafərinində bayrağı qürurla dalğalanan müzəffər Azərbaycanın qələbə rəmzidir. Üçüncü ildir qeyd etdiyimiz və bundan sonra hər il qeyd olunacaq 4 oktyabr – Cəbrayıl şəhəri günü bizə həm şəhidlərimizin əziz xatirəsini, həm də dövlətimizin qüdrətini xatırladan bir qürur abidəsi olaraq gələcək nəsillərə ötürüləcəkdir.
Zəfərin və dirçəlişin mübarək, yenidən doğulan Cəbrayıl!
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent