Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu diplomatik siyasəti nəticəsində təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Respublikası arasında əməkdaşlıq yüksələn sürətlə inkişaf edir. Bu günədək iki ölkə arasında bir çox rəsmi sənəd imzalanıb.16 yanvar 2023-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib. Dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfə alan, qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsipləri əsasında öz proqramını həyata keçirən bu tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev çıxış edib. Çıxışı zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı bir çox sahələr üzrə ikitərəfli münasibətlərin strateji əhəmiyyətə malik olduğunu bildirib.Azərbaycanın iqtisadi inkişafının əsas göstəricilərindən olan energetik resurslardan, bərpa olunan enerji mənbələrindən bəhs edən dövlət başçısı qeyd edib ki, Azərbaycan öz enerji təhlükəsizliyini hələ bir neçə il əvvəl təmin edib və bu gün həyata keçirilən layihələr yalnız öz enerji təhlükəsizliyimizin təmin edilməsi üçün nəzərdə tutulmur. O, bildirib ki, bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramın təmamilə fərqli gündəliyə malik olduğunu vurğulayan dövlət başçısı bunu mövcud olan nəhəng potensialla əlaqələndirib və bu potensial sahəsində ixracın şaxələndiriləcəyini, nəticədə Azərbaycanın iqtisadiyyatının yeni, ekoloji, təmiz sektorunun yaranacağını əlavə edib.Prezident İlham Əliyev bildirib ki, iki il öncə Azərbaycan öz tərəfdaşları ilə Cənub Qaz Dəhlizi meqa enerji layihəsini başa çatdırıb və Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş, uzunluğu 3500 km olan boru kəmərləri sistemini qurub. Ötən illə müqayisədə (19 milyard m3) Azərbaycanın təbii qaz ixracı artaraq bu il 24 milyard kubmetrə çatacaq və artmaqda davam edəcək.Azərbaycanın bərpa olunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarının Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı olmadığını söyləyən dövlət başçısı dövlətimizin bu sahədəki potensialı ilə bağlı bəzi rəqəmləri diqqətə çatdırdı: “Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən Müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. 200 qiqavata yaxın potensialımız var. Əlbəttə ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün layihələri mərhələli şəkildə icra edirik”.Birləşmiş Ərəb Əmirliklərinin “MASDAR” və Azərbaycan Respublikasının neft şirkəti SOCAR arasında imzalanmış 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma barədə məlumat verən dövlət başçısı bu layihənin hələ qısa müddətli olduğunu, orta müddətli layihələr nəticəsində güclərin 10 qiqavata qədər artırılacağını və bununla bağlı artıq yol xəritəsinin olduğunu bildirib və əlavə edib ki, MASDAR şirkəti ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək.Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı bütün anlaşma memorandumları və sazişlərin külək və günəş enerjisi istesalını 22 qiqavata qədər artırmaq imkanı yaradacağını söyləyən Prezident İlham Əliyev bu məqsədlər üçün ixrac marşrutlarının gərəkdiyini vurğulayıb: “Keçən il dekabr ayının 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüsanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Bu Saziş Avropa Komissiyası prezidentinin şahidliyi ilə imzalandı. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir”. Azərbaycanda investisiya mühitinin çox müsbət olduğunu, bu günə kimi neft və qaz sektoruna böyük sərmayələr cəlb edildiyini qeyd edən dövlət başçısı çıxışının yekununda əsas hədəfimizin Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi olduğunu diqqətə çatdırıb.
Günay Məmmədli
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə
ərazi partiya təşkilatının sədri