Siyasət

  • 1 978

Builki Davos Forumu da xüsusi əhəmiyyəti ilə yadda qaldı

image

“Davos Forumu dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, böyük şirkətlərin rəhbərlərinin, biznes sektorunun aparıcı nümayəndələrinin təmsil olunduğu qlobal forumdur. Davos Forumunun məqsədi dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa və əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, bu istiqamətdə müzakirələr aparmaqdır. Hər il ənənəvi olaraq keçirilən Davos Forumunda bu il dünyanın 130 ölkəsindən rekord sayda - 2700-dən artıq tanınmış şəxs, habelə 52 dövlət və hökumət başçısı iştirak edib. Sevindirici haldır ki, Azərbaycan da bu forumda ən yüksək səviyyədə təmsil olunur”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev Davosa bu dəfəki səfəri çərçivəsində də çoxsaylı səmərəli görüşlər keçirib, iclaslarda iştirak edib: “On beşinci dəfədir ki, Davos Forumunda iştirak edən Prezident İlham Əliyevin bu dəfəki İsveçrə səfəri də çoxsaylı yüksək səviyyəli görüşlərlə yadda qaldı. Heç şübhəsiz ki, bu görüşlərin təşəbbüskarları bir qayda olaraq qarşı tərəf olur. Bu, bir tərəfdən Prezident İlham Əliyevin şəxsiyyətinə marağın və rəğbətin göstəricisi, digər tərəfdən isə ölkəmizdə xarici investisiyalar üçün yaradılmış münbit şəraitin bariz sübutudur. Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin 8 qlobal şirkətin rəhbər şəxsləri, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə görüşüb. Bununla yanaşı, dövlət başçımızın ilə Latviya, Litva, Xorvatiya, Monteneqro, Hollandiya dövlət və hökumət başçıları ilə də görüşləri olub. Bu görüşlər əsnasında Prezident İlham Əliyev tərəf müqabillərinə həm də regional vəziyyət haqqında ətraflı məlumat verib. Xüsusilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, bu məsələdə Ermənistanın destruktiv mövqeyi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olan müxtəlif bəhanələri və danışıqlar prosesindən yayınmaq cəhdləri geniş müzakirə mövzusu olub. Prezident İlham Əliyev keçirdiyi bütün görüşlərdə Laçın yolu ətrafında yaranmış vəziyyət, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin talan edilməsinə qarşı etiraz aksiyasından danışıb. Bu aksiyanın legitim əsaslara söykəndiyi vurğulanıb. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində kriminal qruplaşmaların mövcudluğu, Laçın yolundan uzun müddət minaların daşınması üçün istifadə edildiyi diqqətə çatdırılıb. Bir sözlə, Davos Forumu həm də Ermənistanın iddialarının və yalanlarının ifşası baxımdan xüsusi əhəmiyyət kəsb etdi”.
“Davos forumu Azərbaycanla müxtəlif sferalarda əməkdaşlıq etmək istəyənlərin sayının gündən günə artdığını növbəti dəfə göstərdi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, istər görüşlər, istərdə də sessiyalarda aparılan müzakirələr əsasən Azərbaycanın Avropanın enerji təhlükəsizliyin təmin edilməsində artan mühüm rolundan, dünya ticarət sisteminin nəqliyyat və logistika sektorunda Azərbaycanın əhəmiyyətindən, ölkəmizin Avropa qitəsinə ixrac edəcəyi bərpaolunan enerji potensialından və başqa qlobal məsələlərdən ibarət olub: “Yüksək səviyyəli görüşlərin və müzakirələrin keçirilməsi əlbəttə ki, Azərbaycana olan maraqdan irəli gəlir. Forum çərçivəsində gedən müzakirələrin nəticələri bir daha Azərbaycanın uğurlarının, inkişafının, onun dünya miqyasında əhəmiyyətinin göstəricisi olduğunu isbatlayır. Artıq bütün dünya bilir ki, Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir”.

yap.org.az

Digər xəbərlər