Siyasət

  • 3 586

Avropa Parlamenti “siyasi şou-biznes səhnəsi” kimi – TƏHLİL / VİDEO

image

Bu gün bir sıra ölkələrin müstəqil xarici siyasət yürütməsini həzm edə bilməyən bəzi qərəzli qüvvələr selektiv yanaşma sərgiləyərək “insan hüquqları” pərdəsi arxasında onlara təzyiq göstərməyə çalışırlar. Biz bu qərəzin həm işğal zamanı, həm 44 günlük müharibə dövründə, həm də müharibədən sonra Ermənistanın təcavüzkar siyasətinə göz yumularaq Azərbaycanın əsassız şəkildə ittiham olunduğu açıq bəyanatlarda, müxtəlif sənədlərdə dəfələrlə şahidi olmuşuq.

Avropa Parlamentinin cari ilin yanvar ayının 19-da qəbul olunmuş, reallıqlardan uzaq, böhtan xarakterli məsələlərin yer aldığı qətnaməsi də eyni siyasətin - ikili standartlar oyununun davamıdır.

Bu bir daha onu göstərir ki, Avropa Parlamentinin timsalında bəzi beynəlxalq qurumların dəm vurduğu “demokratik dəyərlər” heç kəsdən asılı olmayan dövlətlərə qarşı təzyiq kampaniyasına xidmət edir. Belə olmasaydı, Ermənistanın vandal davranışları, ekosid və urbisid cinayətlərinə obyektiv münasibət sərgiləmək əvəzinə, Avropa Parlamenti ölkəmiz haqqında həqiqətə uyğun olmayan iddia və ittihamları ilə diqqət çəkməzdi.

Sənəd Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun “blokada”da olması kimi sərsəm iddialarla zəngindir. Qətnamədə Laçın yolundan humanitar yüklərin və təcili yardım maşınlarının maneəsiz keçməsi ilə bağlı faktların yer almaması onun erməni lobbisinin sifarişi əsasında hazırlandığına şübhə yeri qoymur.

Digər gülünc məqam isə tarixin arxivinə gömülən “Madrid prinsipləri”nin gündəmə gətirilməsidir. Görünür, Avropa Parlamenti müharibədən sonra yaranan yeni reallıqları dərk, qəbul və həzm edə bilmir. Və Ermənistan rəsmilərinin belə xatırlamağa çətinlik çəkdiyi bu prinsiplərin bəndlərinə istinad edərək ermənilərə vaxt qazandırmağa çalışır.

Əlbəttə, heç bir hüquqi qüvvəyə malik olmayan qətnamənin – adi kağız parçasının qəbulunun Azərbaycanın müstəqil siyasətinə və ictimai rəyə heç bir təsiri yoxdur. Beynəlxalq ictimaiyyət görür ki, özlərinin yazıb - oxuduqları belə “namə”lər fonunda Avropa Parlamenti siyasi şou-biznes səhnəsinə çevrilib.

Nəhayət, Avropa Parlamenti bir qrup siyasi korrupsioner deputatın canfəşanlığı və erməni lobbisinin təşəbbüsü ilə Azərbaycan əleyhinə qərəzli “müzakirə” platformasına çevrilməklə, əslində, Avropa İttifaqına və bütövlükdə “qoca qitə”nin maraqlarına qarşı çıxış edir.

Bütün bu reallıqların fonunda sual olunur: “Avropa dəyərləri” adlandırdıqları insan hüquqlarından, sivil dəyərlər üzərində bərqərar olunmuş cəmiyyətdən, qarşılıqlı hörmətdən danışan Avropa Parlamentinin və Avropanın imici nə üçün ayaqlar altına atılır? Hər halda, qurumun özü və başbilənləri bu suala cavab versələr, daha yaxşı olar. Amma bütün hallarda təkzibedilməz reallıq budur ki, Avropa Parlamenti özünü təkzib, ifşa və rəzil edir!

Digər xəbərlər