Müasir dünyanın yeni geosiyasi mühitinin formalaşması fonunda yeni iqtisadi perspektivləri yaranır. Bu proseslər içərisində Avropa və Asiya arasında tranzit rolu oynayan Azərbaycan üçün mühüm layihələrə yol açılır. Maraqlıdır ki, Azərbaycan hərbi-siyasi cəhətdən qeyri-sabit region olsa da, dünya ölkələri müştərək layihələrdə respublikamızla əməkdaşlığa can atır. İlham Əliyev 19 yanvar 2023 tarixində Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasında iştirak edib. Cənab İlham Əliyev forumda Orta Dəhlizin üstünlüklərini, nəhəng layihələrdə iştirak edən ölkələrin əhəmiyyətli münasibətlərini, respublikanın yükdaşıma gücünü, biznes mühitinin yaradılmasının, investisiyaların vacibliyini təhlil etmişdir. Azərbaycan Respublikası yerləşdiyi coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında mühüm mövqe tutur. Belə ki, Azərbaycanın Qərbində Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ölkələrinin yerləşməsi imkan verir ki, vasitəçilik missiyası fonunda yükdaşıma həcmi ildən-ilə artırılsın. Prezident İlham Əliyev məlum çıxışında Azərbaycanın liman dəhlizinin həcminin 25 milyon tona qədər genişlənəcəyi mesajını verdi. İqtisadi-ticari əməkdaşlığın intensivliyi naminə Cənab İlham Əliyev “vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmasını təklif etdi.Biznes mühitinin təkmilləşdirilməsi, xüsusən, Azərbaycan üçün vacibdir. Regionda Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərarası siyasi münasibətlərin müsbət müstəvidə olması Asiya və Avropa ölkələrini Qafqazda əminliklə iqtisadi layihələrə cəlb edir. Prezident İlham Əliyev dəhlizin Qafqaz hissəsində məsələlərin həll olunması ilə yanaşı “bütün iştirakçı ölkələrin – Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, avropalı tərəfdaşların daxil olduğu rəhbər komitə, bir növ idarə heyəti, o cümlədən bütün nəqliyyat infrastrukturu yaradılmalıdır” təklifini irəli sürərək bir növ foruma əhəmiyyətli istiqamət verdi.İşğalçı missiyasını davam etdirən Ermənistan Qafqazın nəhəng layihələrindən kənarda qaldığı kimi gələcək əməkdaşlıqlar içərisində də görünməməkdədir. Azərbaycanla sülh bağlanmasından yayınan Ermənistan haqqında Prezident İlham Əliyev forumda demişdir: “əfsuslar olsun ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Komissar Han Ermənistanın burada iştirak etməməsinə eyham vurdu, dedi ki, burada iki Cənubi Qafqaz ölkəsi var, lakin onların sayı 3-dür. Mən onun kimi nəzərdə tutduğunu bilirəm. Ermənistanın burada olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib.” Göründüyü kimi, Azərbaycan Respublikası sülhə doğru mümkün addımları atdığı halda Ermənistan revanşiszm meyllərinin təsiri altındadır. İki respublika arasında gərginliyin davam etməsinə baxmayaraq, dünya ölkələri Azərbaycana etibarlı tərəfdaş kimi baxır və investisiyalar qoymağa hazırdırlar. Bu, respublikanın məqsədyönlü beynəlxalq siyasətinin nəticəsidir.Qeyd etmək yerinə düşər ki, bu layihələrin kökündə Ümummilli lider Heydər Əliyevin imzası ilə həyata keçirilən “Əsrin müqaviləsi”, Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum kimi böyük layihələr durur. Heydər Əliyevin əsasını qoyduğu siyasi-iqtisadi kursun davamı kimi bu gün Azərbaycan Respublikası dünya iqtisadiyyatında mühüm halqa kimi diqqət mərkəzindədir.
Leyla Hüseynova
YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix
İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini