“Madrid prinsipləri” 2009-cu ilin noyabr ayında İspaniyanın paytaxtı Madriddə keçirilən Minsk qrupu üvzlərinin görüşü zamanı əldə olunmuş sazişdir. Bu sazişə əsasən, Azərbaycan keçmiş Dağlıq Qarabağa yüksək status verməyə razılıq vermişdir və digər məsələlərlə bağlı razılığa gəlinmişdir. Lakin buna Ermənistan tərəfi razı olmadı, prosesi uzatdı. Nəticədə də 2020-ci ildə biz qələbə çaldıq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.Onun sözlərinə görə, qələbədən sonra isə bütün prinsiplər, ATƏT öz fəaliyyətini dayandırdı: “Biz onların yenidən fəaliyyət göstərməmələrini məqsədəuyğun hesab etdik.Hazırda Avropa İttifaqı, xüsusilə də Fransa yenidən həmin prinsiplərə qayıtmaq üçün canfəşanlıq edirlər. Qələbədən sonra aparılan görüşlərdə, sülh danışıqlarında Qarabağın status məsələsi birdəfəlik tarixin arxivinə göndərilib. Bu mövzuda biz öz konkret mövqeyimizi bildirmişik. Avropa İttifaqının prezidenti və Ermənistanın baş naziri də bununla razılaşıb.Yenidən “Madrid prinsipləri”ni qaldırmaq istəyən isə Fransadır. Lakin o bu məsələ üzrə istəyinə nail ola bilməyəcək. “Madrid prinsipləri”nə qayıtmaq ölünü diriltmək deməkdir. Bu isə təbii ki, mümkünsüzdür”.
Müəllif: Səbinə Hüseynli