Siyasət

  • 1 441

"Mirzoyanın bu təhdidi Ermənistan üçün intihara çağırışdır" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

image

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan özündən əvvəlkilərin təxribatçı fikirlərinin aqibətini nəzərə almadan məsuliyyətsizliklə Avropa Parlamentində Laçın yolunda yeni müharibəyə çağırış kimi bəyanatla çıxış edib. Hələ II Vətən müharibəsindən əvvəl Ermənistanın müdafiə naziri Tonoyan yeni torpaqların işğalı naminə müharibə adlı bəyanat vermişdi və onunla eyni vaxtda baş nazir Paşinyan “Qarabağ Ermənistandır” şəklində təxribatçı fikirlər irəli sürmüşdü. Həmin bu təxribatçı bəyanatların sonunun Ermənistan üçün nə ilə nəticələndiyini hər kəs bilir. Azərbaycan Ermənistan ordusunu və onun dünyadakı strukturlarını darmadağın etdi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.Onun sözlərinə görə, Mirzoyanın bu təhdidi faktiki olaraq Ermənistan üçün intihara çağırışdır: “İndiki şəraitdə Ermənistanın müharibəyə girməsinin necə nəticələnəcəyini bütün ağıllı adamlar bilir. Ermənistan dünya miqyasında olan-qalan dəstəyini də itirib, müttəfiqləri artıq onun siyasətindən bezib. Erməni lobbisinin əvvəlki gücü qalmayıb. Çox təəssüf ki, Ermənistanın xarici işlər naziri bunu anlayaraq və ya anlamayaraq belə bir çağırış edib. Ermənistan bu cür bəyanatlar etməklə bölgədə sülhün bərqərar olmasında maraqlı olmadığını nümayiş etdirir”.Ekspert sözlərinə davam edərək bildirib ki, Ermənistan hakimiyyəti indiyə qədər sülh prosesində əldə olunmuş bütün nəticələrin üzərindən xətt çəkməyə çalışır: “Çünki sülh danışıqlarının onlar üçün əlverişli istiqamətdə getmədiyini bilirlər. Beləliklə də, regionu açıq-aşkar müharibəyə sürükləyir. Təbii ki, Mirzoyanın bu çağırışına dəstək verərək heç kim Azərbaycanla müharibəyə başlamayacaq. Belə çağırışların bizim üçün müəyyən qədər önəmi də var. Biz Ermənistanın sülh istəmədiyini bir daha dünyaya nümayiş etdirmək imkanı qazanırıq. Eyni zamanda, Mirzoyanın bu çağırışı Rusiyanı narahat etməlidir. Çünki bu müharibə indiki halda Rusiyanın mənafeyinə uyğun deyil. Əksinə, proseslərin dondurulması Rusiya üçün daha arzuolunun bir ssenaridir. Rusiya da bu bəyanata haqlı cavabı verməlidir. Kimin hansı cavabı verməsindən asılı olmayaraq ordumuzun və siyasətimizin gücü hər cür təxribatın qarşısını almaq imkanındadır”.

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər