Gənc nəslə qoyulan investisiya dövlətin parlaq gələcəyinin təminatıdır. Gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara dövlət qayğısı müstəqil Azərbaycan dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir. Azərbaycanda son 30 ildə həyata keçirilən gənclər və idman siyasətinin prioritet istiqaməti gənc nəslin fiziki-mənəvi potensialının möhkəmləndirilməsi və bu potensialın tam açılmasına xidmət edən kompleks tədbirlərin gerçəkləşdirilməsidir. Bu strateji xətti uğurla davam etdirən Prezident İlham Əliyev daim gənclərə layiq olduqları imkanlar səviyyəsində geniş meydan verilməsinə, bu təbəqənin zəruri tələbat və ehtiyaclarının ödənilməsinə çalışmışdır. Dövlət başçısının bu çevik sosial zümrəyə diqqət və qayğısı ulu öndərimiz Heydər Əliyevin möhkəm təməllərlə əsasını qoyduğu gənclər siyasətinin məntiqi davamıdır. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan xaos və anarxiya girdabından çıxdığı kimi, idmanımızın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri də dövlət siyasətinin mühüm qollarından birinə çevrildi. Gənclər, bədən tərbiyəsi və idman sahəsində ciddi irəliləyişlər təmin olundu, müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınması, olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. O ağır dövrdə xalqının səsinə səs verərək xilaskar kimi özünü yetirən, qardaş qırğınlarının qarşısını alan, ölkənin parçalanmasına imkan verməyən, Azərbaycan dövlətini işıqlı bir yola çıxaran Heydər Əliyevin 1993-cü ilin 15 sentyabrında - ölkədə ziddiyyətli ictimai-siyasi proseslərin cərəyan etdiyi bir zamanda gənclərlə görüşə vaxt tapması, onların problemlərini dinləməsi ümummili liderimizin Azərbaycan gəncliyinin cəmiyyət həyatındakı roluna verdiyi böyük önəmin, onun Azərbaycan gəncliyinə xüsusi rəğbət və qayğısının göstəricisi idi.2003-cü ilin oktyabrından dövlətin gənclər siyasəti Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Xatırlatmaq lazımdır ki, 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə cənab İlham Əliyev kimi idarəçi və təşkilatçının seçilməsi idman və gənclər siyasəti sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə uğurla davam etdirilməsinə böyük imkanlar açmışdır. Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev ölkədə Olimpiya hərəkatının genişlənməsi, idman və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün ciddi tədbirlər həyata keçirmişdir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlər görülmüşdür. Bu sahəyə göstərilən diqqət və qayğı Azərbaycanın milli genefondunun qorunması, habelə gənclərin vətənpərvər və sağlam ruhlu təbəqə kimi tərbiyə edilməsi məqsədindən irəli gəlmişdir.Unutmadığımız bir məqam odur ki, bu illər ərzində vətənpərvərlik ruhunda böyüyüb yetişdirilmiş mətin gənclərimiz bir addım belə geri çəkilməyərək 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdilər. Əslində, gənclərimiz bütün dövrlərdə dövlətə və millətə sahib çıxmış, torpaqlarımız və istiqlalımız uğrunda şəhid olaraq ölkəmizin inkişafına önəmli töhfələr vermişlər. 2020-ci ildə isə bu vətənpərvərlik, qəhrəmanlıq nümunələri xüsusi ilə özünü göstərdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında, sözün həqiqi mənasında, möhtəşəm bir tarix yazdı.Bu gün Gənclər Gününü qeyd edən Azərbaycan gəncliyinin düşməni diz çökdürməkdə, tarixi ədaləti bərpa etməkdə böyük rolu oldu. Bu gün gənclər dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında, digər təşkilatlarda təmsil olunurlar və cəmiyyətin inkişafına öz töhfələrini vermək imkanına malikdirlər. Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması, onların ictimai-siyasi fəallığının artırılması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şəraitlərin yaradılmasını sürətləndirmişdir. Bütün gənclərimizi və özünü gənc hiss edən hər kəsi “Gənclər günü” münasibəti ilə təbrik edirəm. Dövlətimizin inkişafı və çiçəklənməsi uğrunda xidmət edən gənclərimizə uğurlar arzu edirəm.
Zahid Cəfərov
YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri