PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik”
Bəli, Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas başlıca hədəfi insanların sosial rifahının yaxşılaşdırılmasıdır. Ötən il bu istiqamətdə yürdülən siyasət nəticəsində əhatəli sosial müdafiə tədbirlərini həyata keçirib və əhalinin sosial rifah halı daha da yaxşılaşıb. Prezident İlham Əlyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” imzaladığı müvafiq Sərəncamla əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlərin icrası nəzərdə tutulub. Belə ki, minimum əmək haqqqının 300 manatdan 345 manata qaldırılması, minimum pensiya məbləğinin 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması bir daha təsdiqləyir ki, Azərbaycanın sosial dövlət modeli nümunəvi və uğurludur.
BİZİM SİYASƏTİN MƏRKƏZİNDƏ AZƏRBAYCAN XALQI DAYANIR, ONUN SOSİAL RİFAHININ GÜNDƏN-GÜNƏ YAXŞILAŞDIRILMASI DAYANIR
Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi bizim siyasətin mərkəzində Azərbaycan xalqı dayanır, onun sosial rifahının gündən-günə yaxşılaşdırılması dayanır. Sosial islahatlar bütün dövrlərdə və bütün ölkələrdə ən çətin, ağır gedişli və daha çox məsuliyyət tələb edən islahatlardır. Prezident İlham Əlyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam əhalinin, xüsusilə, həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir. Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə, aztəminatlı təbəqəyə və həssas qruplara mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Beləliklə, aztəminatlı əhali təbəqəsi üçün narahatlıq yaradan kommunal tariflərin dəyişdirilməsi yeni sərəncamla onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır. Sərəncama əsasən Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.Qeyd edək ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır ki, bu da vətəndaşlar tərəfindən rəğbətlə qarşılanmışdır. Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilmiş, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləğinin 72 faiz, minimum əməkhaqqının 92 faiz, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50 faiz artırılması təmin edilmişdir. Görülmüş tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39 faiz, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunmuşdur.Həmçinin, bütün dünyanı ağuşuna alan COVID – 19 pandemiyasının bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da yaratdığı sarsıntıları geridə qoyaraq, 2021-ci ildə ölkəmiz inamlı şəkildə iqtisadi bərpa yoluna qayıtmışdır. Bu, dünya miqyasında pandemiyaya qarşı peyvəndlərin ərsəyə gətirilməsi, ölkəmizdə isə insanlarımızın bu xəstəlikdən qorunması istiqamətində dövlət tərəfindən əhatəli və effektiv sosial-iqtisadi tədbirlərin, xüsusilə genişmiqyaslı peyvəndləmə kampaniyasının keçirilməsi, həmçinin 2020-ci ildə əhalinin sosial baxımdan həssas qruplarına maliyyə və sosial dəstək göstərilməsi, eləcə də pandemiyadan zərər çəkmiş iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara, qurumlara vergi və bank-kredit güzəştlərinin verilməsi sayəsində mümkün olmuşdur. Bununla yanaşı, qeyd olunmalıdır ki, dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi müşahidə olunmaqdadır. İmzalanmış yeni sərəncam məhz bu məqsədi daşıyır ki, əmtəələrdəki qiymət artımı vətəndaşların büdcələrinə uyğun şəkildə olsun. Ona görə də sərəncamda göstərilir ki, beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. ƏƏSMN-dən aldığımız məlumata görə, həmin təkliflərin hazırlanmasına artıq başlanıb və qısa müddət ərzində bu təkliflər yekunlaşdırılaraq büdcə layihəsinə daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.Sosial ödənişlərdə növbəti artımlar edilməsini nəzərdə tutan bu sərəncam vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsinin Prezident İlham Əliyevin siyasətində başlıca istiqamət olduğunu bir daha təzahür etdirir. Bu sahədə islahatlar xüsusilə, son illərdə inqilabi xarakter alıb. Sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqlarının ciddi şəkildə artımı təmin edilib, yeni sosial təminat növləri təsis olunub. Bir sözlə, Azərbaycan Prezidentin imzaladığı sərəncam sübut edir ki, Azərbaycan dövləti öz vətəndaşlarının sosial rifahını qorumaq üçün zəruri addımlarını davam etdirməkdə qərarlıdır. Dövlətimizin sosial siyasəti ardıcıl xarakter daşımaqla bilavasitə əhaliyə yönəlik hərtərəfli sosial dəstəyi təmin edir.
700 MİN İŞÇİNİ ƏHATƏ EDƏCƏK MİNİMUM AYLIQ ƏMƏKHAQQI ARTIMI ÜÇÜN BÜDCƏDƏN 450 MİLYON MANAT AYRILMASI NƏZƏRDƏ TUTULUB
Onu da qeyd edək ki, dövlət başçımızın son sərəncamı ilə Azərbaycanda 700 min işçini əhatə edəcək minimum aylıq əməkhaqqı artımı üçün büdcədən 450 milyon manat ayrılması nəzərdə tutulub. Sərəncam əsasında həyata keçiriləcək minimum əmək pensiyalarının artımı 100 minədək pensiyaçını əhatə edəcək.Ölkənin ahıl vətəndaşları üçün daha bir güzəşt bu il yanvarın 1-dən fərdi hesabında pensiya kapitalı olanlara 25 il staj hədiyyə edilməsi müddətinin daha üç il uzadılmasıdır. Artıq bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişiklik edilib.Belə ki, “Əmək pensiyaları haqqında” qanunda 2019-cu ilin əvvəlindən tətbiq olunan dəyişikliyə əsasən, fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatan şəxsə avtomatik 25 il sosial sığorta stajı (pensiya hüququ qazanmaq üçün də minimum staj tələbi 25 ildir) hədiyyə edilir. Nəticədə o, hətta heç bir stajı olmadıqda belə, pensiya hüququ qazanır.Bir sözlə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət son nəticədə təhsil və səhiyyə də daxil olmaqla, ümumən sosial sahədə geniş miqyaslı işlərin görülməsinə zəmin yaradıb. Prezident İlham Əliyevin sosial siyasətinin əsasını səbəb və nəticə amili, ölçülü-biçili, hesablanmış proqramlarla maliyyələşmə, regional idarəetmə, mükəmməl iqtisadi siyasəti və infrastrukturun modernləşdirilməsi faktorları təşkil edir. Sosial siyasətin Azərbaycan modelində sosial xidmətlərin əsas istehsalçısı kimi dövlət, xərclərin bölüşdürülməsində isə dövlət büdcəsi mühüm rol oynayır, səbəblər aradan qaldırılır, nəticədə problemlər azalır, deinstitutlaşma siyasəti qanunvericilik səviyyəsində ardıcıl həyata keçirilir, ölkədə əlil və şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, veteranların, ahılların sosial şəraitinin yaxşılaşdırılması üçün onlara sistemli yardımlar, mənzillər, minik maşınları verilir, işsizliyin aradan qaldırılması üçün kiçik və orta sahibkarlıq inkişaf etdirilir, yoxsulluğun sıfıra endirilməsi istiqamətində daim iş aparılır, proqramlarla və regional idarəetməyə üstünlük verilir, messenatlıq və xeyriyyəçilik fəaliyyətinin genişləndirilməsi üçün müvafiq şərait yaradılır.Bu gün Azərbaycan vətəndaşı inamlı və sabahından arxayındır! O inanır ki, Azərbaycan dövləti hər an öz vətəndaşının arxasındadır. O inanır ki, Prezident İlham Əliyev hər an Azərbaycan vətəndaşının rifahının güclənməsi barədə düşünür və sosial müdafiə məsələsi daim onun diqqət və qayğısı altındadır.
İKİNCİ DÜNYA MÜHARİBƏSİ İŞTİRAKÇILARINA PREZİDENT TƏQAÜDÜ 330 MANATA ÇATDIRILIB
Prezident İlham Əliyev 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 330 manat müəyyən edilsin.
ŞƏHİD AİLƏSİ ÜÇÜN PREZİDENT TƏQAÜDÜNÜN MƏBLƏĞİ 600 MANAT MÜƏYYƏN EDİLİB
Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.
AZƏRBAYCAN SOSİAL DÖVLƏTDİR VƏ BİZ BUNU SÖZLƏ YOX, ƏMƏLİMİZLƏ TƏSDİQLƏYİRİK
Azərbaycan Prezidenti İlham Əliyev bunu sözdə yox, əməldə göstərib. Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev sosial sahənin çoxşaxəli olduğunu qeyd edərək deyib ki, buraya özünüməşğulluq proqramını da əlavə etmək olar: «Bir neçə il ərzində belə bir təşəbbüs irəli sürüldü. Çox böyük maraq doğurdu və bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Hətta biz beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb etmişik. Bu, həm sosial, həm iqtisadi, həm iş yerlərini, yəni, bütün bu sahələri əhatə edən bir sahədir. Ona görə bu il də istisna olmayacaq. Çünki bir daha demək istəyirəm, Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik. İmkan daxilində bu il də bu proqramlar icra ediləcək». İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edildiyini söyləyən dövlət başçısı söyləyib ki, cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Yəni, biz öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışırıq. Əlbəttə ki, bu, yüksək texnologiyalı protezlər olduğu üçün onlar vaxtaşırı dəyişdirilməlidir. Bütün bu proqramlar da gündəlikdədir.Bəli, sözü ilə əməlləri üst-üstə düşən Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial sahə həmişə paralel getməlidir: “Ona görə də, hələlik, limitsiz xarici kreditlərin cəlb edilməsinə ehtiyac yoxdur. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir”.Dövlət başçısı müsahibəsində sosial rifah sahəsində atılan praktiki addımlardan danışarkən deyib ki, minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb: «Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq”.Beləliklə, bütün bu uğurlu nəticələr, onu bir daha göstərir ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü kursun gələcək illərdə də davam etdirilməsi qarşıda duran prioritet vəzifələrdən olacaqdır. Və Azərbaycan Prezidentinin imzaladığı sərəncam sübut edir ki, Azərbaycan dövləti öz vətəndaşlarının sosial rifahını qorumaq üçün zəruri addımlarını davam etdirməkdə qərarlıdır. Və 2023-cü il də sosial islahatların həyata keçirildiyi növbəti illərdən biri olacaqdır.
RƏFİQƏ KAMALQIZI