“Ümummilli Lider Heydər Əliyev Azərbaycanın yeni tarixində ən çox iz qoymuş bir şəxsiyyətdir. Azərbaycanın müstəqilliyinin əldə edilməsi, möhkəmləndirilməsi, onun iqtisadi, siyasi, hərbi dayaqlarının yaradılması, beynəlxalq aləmdə tanıdılması Ulu Öndər Heydər Əliyevin xidmətlərinin və əsasını qoyduğu siyasi xəttin nəticəsidir”. Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Media eksperti “Səs” qəzetinə açıqlamasında bildirdi.Onun sözlərinə görə, Azərbaycanın müasir tarixində elə bir hadisə yoxdur ki, onun barəsində danışarkən Ümummilli Lider Heydər Əliyevin adı keçməsin: “Biz, Azərbaycanla bağlı istənilən bir proses barədə danışarkən, Ulu Öndər Heydər Əliyevin adını çəkməli oluruq. Çünki hər bir milli prosesin kökü onunla bağlıdır. Azərbaycan mediası ilə bağlı məsələlər də bu qəbildəndir. Müstəqil Azərbaycanda demokratik media mühitinin yaradılması, medianın azad fəaliyyəti üçün hüquqi bazanın formalaşdırılması Ulu Öndər Heydər Əliyev siyasəti ilə bağlıdır. 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Konstitusiyası mediamızın demokratik ruhlu hüquqi əsaslarını təmin etdi. 1998-ci ildə senzura da onun imzası ilə ləğv edildi. KİV-lər üçün iqtisadi dayaqların yaradılması, demokratik ölkələrə xas olan medianın özünütənzimləmə mexanizminin Azərbaycanda tətbiq edilməsi də məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu baxımdan, media icması Ulu Öndər Heydər Əliyev adını daim xatırlayırlar, istənilən mövzuda material hazırlayarkən, Ulu Öndərə istinad edirlər. Bütün bunlara əsaslanıb deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin adı nəinki onun doğumunun 100-cü ildönümündə, bütün tarix boyu xatırlanacaq. Nə qədər ki, müstəqil Azərbaycan var, nə qədər ki, türk-müsəlman dünyası var, Ümummilli Lider Heydər Əliyevin adı daim xatırlanacaq, yaddaşlarda qalacaq”.
Müəllif: Gülyana