Çox mürəkkəb və həssas coğrafiyada yerləşən müasir Azərbaycan Respublikasının çoxtərəfli və balanslaşdırılmış xarici siyasətinin mühüm istiqamətlərindən birini də Rumıniya ilə hər iki ölkənin milli maraqlarına cavab verən əməkdaşlıq münasibətləri tutur. Xüsusi qeyd etmək lazımdır ki, Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 11də tanıyan, sayca ikinci dövlətdir. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyunun 19 da yaradılmışdır. Rumıniyanın Azərbaycan Respublikasındakı səfirliyi 1998-ci il noyabrın 3-də, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi isə 2001-ci il mayın 21-də açılmışdır. Rəsmi əlaqələrin qurulmasından sonrakı, ötən dövr ərzində yüksəksəviyyəli qarşılıqlı səfərlər baş tutmuş, ikitərəfli əlaqələrin inkişafında əsas kimi çıxış edən hüquqi sənədlər imzalanmışdır. Rəsmi münasibətlər yaradılandan bəri Milli Məclis sədrinin, Rumıniya Senatı sədrinin, Rumıniya Deputatlar Palatası sədrinin, hər iki ölkənin müxtəlif nazir və digər rəsmilərinin qarşılıqlı səfərləri baş tutmuşdur. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan–Rumıniya parlamentlərarası dostluq qrupu, Rumıniya parlamentində isə Rumıniya–Azərbaycan dostluq qrupu fəaliyyət göstərir.Təməli ümummilli Lider Heydər Əliyev tərəfinfən qoyulan, Azərbaycanın yeni xarici siyasət strategiyasının əsasını təşkil edən “neft diplomatiyası”, Rumıniya da daxil olmaqla, dünya ölkələri ilə münasibətlərdə siyasi və iqtisadi məsələləri vəhdətdə müzakirə edilməsi, enerji resurslarının istismarı məsələsində Azərbaycanın milli maraqlarını əsas prinsipi kimi götürülməsi başlıca rol oynayırdı.Bu strategiyanın bir neçə spesifik xüsusiyyəti var idi. Bu xüsusiyyətlərdən başlıcası milli maraqların təmin edilməsi və xarici siyasətdə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ölkənin enerji resurslarından effektiv istifadə olunması idi. Belə ki, xarici ölkə şirkətlərinin Azərbaycanın neft və qaz yataqlarının istismarı sahələrindəki iştirakı bilavasitə, həmin ölkələrin Azərbaycanın milli maraqları ilə hesablaşmalarından asılı idi. Bu strategiyanın digər vacib xüsusiyyəti xarici siyasətdə ikitərəfli münasibətlərə xüsusi önəm verilməsi idi.Azərbaycan və Rumıniya arasında əlaqələrin mühüm hadisəsi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri zamanı, 2009-cu il sentyabrın 28-də iki dövlətin prezidentləri tərəfindən “Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Deklarasiya”nın imzalanmasını qeyd etmək lazımdır. 2011-ci il aprelin 18-də isə, Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana rəsmi səfəri çərçivəsində, Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın həyata keçirilməsi üçün fəaliyyət planı qəbul edilmiş və hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmışdır. Bu planın qəbul edilməsi siyasi, enerji təhlükəsizliyi, iqtisadi, mədəni sahələrdə, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bünövrəsinin möhkəmləndirilməsi üçün vacib hadisə idi və bu gün də bu istiqamətdə işlər davam hər iki dövlətlər arasında davam etdirilir.2022-ci il dekabrın 17-də Buxarest şəhərində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin təsdiqlənməsi buna baris nümunədir. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. 2023-cü il Fevralın 2-də isə, Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana rəsmi səfər çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış etmələri, iki dövlət arasında görülən və görüləcək işlərin məmnunluğundan və pespektivlərindən xəbər verir. Əminliklə qeyd etmək olar ki, enerji və nəqliyyat layihələri Azərbaycan–Rumıniya tərəfdaşlığının əsas istiqamətlərindən sayılır. Hər iki dövlət Xəzər və Qara dəniz regionlarını əhatə edən nəqliyyat layihələrinin inkişaf etdirilməsində maraqlıdır.Azərbaycanla Rumıniya arasında münasibətlərin davamlılığında maraqlı olan hər iki tərəf, əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi məqsədilə, müxtəlif səviyyələrdə qarşılıqlı görüş və səfərlər, Xarici İşlər nazirlikləri arasında vaxtaşırı məsləhətləşmələr keçirilməsinin vacib olduğu qənaətindədir. Rumıniya və Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi bu ölkələrin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına əsaslanır. XX əsrin sonlarında Şərqi Avropa dövlətlərinin yenidən Qərb təsisatlarına inteqrasiyasından sonra Rumıniya Aİ, xüsusilə NATO ilə keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynamışdır. Rumıniya Azərbaycanın Aİ və NATO ilə əməkdaşlığının genişlənməsi və gələcək inkişafına dəstək verən dövlətlərdəndir. Rumıniya NATO standartlarına uyğun olaraq öz təcrübəsini, təhlükəsizlik və müdafiə sektorlarında islahatların həyata keçirilməsi üçün ekspert biliklərinin verilməsini təqdim etməklə Avratlantik məkanla iş təcrübəsini paylaşa bilən NATO üzvü kimi də çıxış edir. Rumıniyanın Azərbaycandakı səfirliyi 4 dəfə NATO-nun ölkədə əlaqələndirici səfiri kimi fəaliyyət göstərmişdir. Əməkdaşlıq üçün mövcud təcrübə və geniş imkanlar iki ölkə arasında əlaqələrin inkişafı üçün möhkəm əsaslar yaradır.Kimlik və mədəniyyət kimi faktorlar xarici siyasətin qərarvermə mexanizmlərində mühüm rol oynadığından, iki ölkə arasında sosial və mədəni əlaqələrin möhkəmləndirilməsi, elmi, mədəni və humanitar münasibətlərin inkişafı və bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi xüsusi önəm kəsb edir. Belə ki, iki ölkə xalqları arasında mədəni və humanitar əlaqalərin inkişafı Azərbaycanla Rumıniya arasında qarşılıqlı inam mühitinin möhkəmləndirilməsində mühüm rol oynayır.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü