PDF Oxu

Siyasət

  • 3 207

Türk toponimlərinə təcavüz TƏHLİL

Türk toponimlərinə təcavüz TƏHLİL

Prezident İlham Əliyev: "İndiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir"

Cənubi Qafqazda qədim türklərə məxsus toponimlərin yaranmasından min illərlə zaman keçir. Qədim türklər yaşadıqları ərazinin coğrafi relyefi, tarixi şəxsiyyətlərinin və tayfaların adları ilə adlandırmışlar. Tarixin dönəmlərində silah gücünə boşaldılmış azərbaycanlı yaşayış məntəqələrində Türkiyədən qaçıb gələn erməni qaçqınlarının məskunlaşdırılması ilə yanaşı, həmin yaşayış məntəqələrinin adları da dəyişdirilib. İndiki Ermənistan ermənilərin yox, türk mənşəli tayfaların yaşadığı ərazi olub. Ermənistanda Azərbaycan toponimlərinə qarşı siyasi kampaniya ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilib. 1826-1828-ci ilə qədər bu ərazidəki yaşayış məntəqələrinin hamısının adı türk mənşəli olmuşdur. Tarixi mənbələrə əsasən, 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülüb. 1893-1895-ci illərdə isə indiki Ermənistana 900 min erməni köçüb. Ermənilər türk mənşəli toponimləri dəyişdirmək məqsədi ilə bəzi adları "erməni dilinə" tərcümə ediblər, bəzilərini isə yeni erməni adları ilə əvəzləyiblər. Bu tarixin müxtəlif dönəmlərində baş verib. Azərbaycan xalqı öz tarixinin hər bir səhifəsinə gözəl bələddir. Baş verən proseslər zaman və məkan anlayışları çərçivəsində təhlil edilərək, elmi fakt və dəlillərlə mükəmməl bir tarixi ortaya qoymuş olur. Azərbaycan Prezident İlham Əliyev çıxışlarını birində belə demişdir: "Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir".

QARAMƏHƏMMƏD KƏNDİNİN ADI DƏYİŞDİRİLƏRƏK ALEKSANDROVKA QOYULDU

Ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasəti iki əsrlik tarixi dövrü əhatə edir ki, bu zaman məsafəsində təcavüzkar siyasətlərini davam etdiriblər. Azərbaycan toponomlərinə qarşı təcavüzkar siyasətilərini də reallaşdırıblar. Mənbələrə istinadən deyə bilərik ki, ilk addəyişdirmə 1801-ci ildə baş vermiş, türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilmişdir. Belə ki, ilk dəyişdirilən ad Cəlaloğlu rayonundakı (Stepanovan rayonu) Qaraməhəmməd kəndinin adının dəyişdirilərək Aleksandrovka qoyulması ilə başlayıb.
Tarixçi alimlərin qənaətinə görə, toponimlərimizə qarşı soyqırım 4 mərhələdə həyata keçirilib. İlk mərhələ Türkmənçay müqaviləsindən sonra başlayır. 1828-1832-ci illər ərzində İrandan və Türkiyənin müxtəlif bölgələrindən ermənilər kütləvi şəkildə Cənubi Qafqaza köçürüldülər. İlk kütləvi köçürülmə prosesi o zaman başladı. Həmin andan etibarən İrəvan və Naxçıvan xanlığı ərazisində yaşayan azərbaycanlıları öz doğma yurd yerlərindən qovmağa başladılar. O dövrdə təbii ki, Ermənistan anlayışı yox idi. Qeyd edək ki, Ermənistan ərazidəki türk mənşəli adların dəyişdirilməsi siyasətinə "Türkmənçay" sülh müqaviləsindən sonra, XIX əsrin 30-cu illərindən sistemli və məqsədli şəkildə başlanılmışdır. 1850-ci ildə İrəvan quberniyası yaradılan zaman Kəvər yaşayış məntəqəsinin adı dəyişdirilərək Novo-Bayazet adlandırılmış və eyniadlı qəza mərkəzinə çevrilmişdir.
Çar Rusiyası tərəfindən İrəvana köçürülən ermənilər əvvəlcə məskunlaşdıqları kənd, rayon, qəsəbə, dağ-dərə, mahal və digər yerlərin adlarını dəyişərək erməniləşdiriblər. Bu ərazidə olan azərbaycanlı adlarını öz adları ilə əvəzləyiblər. O vaxt Qərbi Azərbaycanın-indiki Ermənistanın 34 rayonunun adı dəyişdirilib.
Tarixin müxtəlif dönəmlərinə nəzər salsaq görərik ki, ermənilərin 1918-20-ci illərdə xalqımızı soyqırıma məruz qoyduqları kimi, qədim tarixi abidələri, binaları yandırır və addəyişməni davam etdirməklə mənəvi soyqırıma məruz qoyurdular. Həmin dövrün materiallarını əks etdirən sənədlərdə qeyd olunur ki, 1918-1920-ci illərdə Qərbi Azərbaycan ərazisində türk mənşəli adlar Yuxarı Ağdam - Qanzakar (İcevan), Tamamlı - Burastan (Artaşat) və s. erməni mənşəli sözlərlə əvəzləndi. 1924-cü ildən aparılan addəyişdirmə prosesi nəticəsində Gümrü Leninakan adlandırıldı. Sonra Böyük Qarakilsə Kirovakan oldu. 1924–1930-cu illər ərzində Ermənistanda türk mənşəli 80 toponim dəyişdirilmişdir.

29 RAYONDA 72 TÜRK TOPONİMİ DƏYİŞDİRİLƏRƏK MƏNƏVİ SOYQIRIMI QURBANI OLUB

Toponimlərin dəyişdirilməsinə səbəb kimi Ermənistan SSR-nin rəsmi qərarı göstərilirdi. Rəsmi qərarda qeyd olunurdu ki, Ermənistandakı yer adları dini məna daşıdığı, keçmişin feodal ünsürlərini özündə əks etdirdiyinə görə dəyişdirilməlidir. Təbii ki, Ermənistandakı türk toponimlərinin dəyişdirilməsinə əsas səbəb bu adların türk mənşəli olması idi.
Toponimlərin dəyişdirilməsi prosesi İkinci Dünya müharibəsindən sonra daha da sürətləndi. 1946–1948-ci illərdə Yaxın Şərqdən, Şərqi Avropa və Amerikadan Ermənistana köçən ermənilərin sayının artması, eləcə də qeyd olunan illərdə təqribən 90 000 erməninin Qərbi Azərbaycana köçürülməsi buna səbəb idi. Tarixçi alimlərin qənaətinə əsasən, toponimlərin dəyişdirilməsinin digər səbəbi Ermənistan ərazisindən azərbaycanlıların kütləvi şəkildə deportasiyası idi. Bu qərara əsasən, 1948-ci ildə 10 000, 1949-cu ildə 40 000, 1950-ci ildə 50 000 azərbaycanlı Ermənistandan köçürüldü. Vurğulayaq ki, Ermənistan SSRİ Ali Soveti Rəyasət Heyətinin ilk fərmanı ilə 29 rayonda 72 türk toponimi dəyişdirilərək mənəvi soyqırım qurbanı olub.
Zaman-zaman türk mənşəli toponimlər təcavüzə məruz qalmışdır. Adı dəyişdirilən rayonlardan biri də Basarkeçər rayonu olub. Basarkeçər rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il iyunun 11-nə kimi Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Rayon ərazisində irili-xırdalı çoxlu dağ zirvələri və Göyçə gölünə tökülən çaylar vardır. Onlardan ən böyüyü Məzrə (dəyişdirilmş adı Masrik) çayıdır. Çaxırlı yaylası da bu rayon ərazisindədir. Tarixi mənbələrdə göstərilir ki, 1948-1951-ci illərdə rayon əhalisinin bir qismi Azərbaycan ərazisinə köçürülmüşdür. Təkcə Zod kəndindən 100 ailə Xanlar (indiki Göygöl rayonu) rayonunda məskunlaşdırılmışdır. Bu vaxt Basarkeçərin 37 kəndində 30-u azərbaycanlı, 5-i erməni, 2-si isə qarışıq kəndlər idi.
Tarixçi alimlərin fikirlərinə istinadən deyə bilərik ki, bir çox hallarda yeni ad tapa bilmədiklərindən Azərbaycan toponimləri erməni "dil"inə tərcümə olunmuş, ya da bir-iki hərf dəyişdirilmişdir. Dəmirçi-Darpnik, Ağqala-Berdkunk, Ayrıvənk-Hayravan, Zod-Sotk, Qızıl Bulaq-Xaçaxbyur, Məzrə-Masrik, Qaraqala-Sevaberd, Göykilsə-Kaputan, Oxçaberd-Voxçaberd, Yengicə-Norabats, Xaçaparaq-Xaçpar, Güllüdüz-Vardahovid, Zeytə-Zedeya, Armutlu-Danzud, Almalı-Xizorud, Nəzrvan-Kazaravan, Ağbulaq-Axpurak, Bəriabad-Barapet, Ağkilisə-Cermakavan, Acıbac-Acabac, Qovşud-Kavçut, Kərd-Kard, Ağudi-Aqitu, Aravus-Aravis, Bayandur-Baqatur, Yeni kənd-Nor-Gyuq, Gabut-Kapuyt, Molla Musa-Musakan, Piraqan-Byurakan, Daşqala-Karaberd, Bəzirxana-Dzithankov, Qızıltamur-Vosgevaz, Melikkənd-Melikgyuğ və s. Sovet Ermənistanı ərazisində olan Azərbaycan mənşəli bütün toponimlərin - çayların, dağların, dərələrin, təpələrin, düzənliklərin adları belə dəyişdirilib erməniləşdirilmişdir. İndi Ermənistan adlanan ərazinin toponimlərinin əksəriyyətini türk mənşəli toponimlər təşkil edirdi.

"BİZİM DOĞMA TORPAĞIMIZ ZƏNGƏZURDUR, BİZİM DOĞMA TORPAĞIMIZ GÖYÇƏ MAHALIDIR, İRƏVANDIR"

Vurğulamaq yerinə düşər ki, 28 noyabr 1988-ci il tarixdə daşnak terror qrupları Basarkeçər rayonunun Çaxırlı, Qanlı, Kərkibaş, Şişqaya, Zod kəndlərinə basqınlar edərək nəqliyyat vasitəsi olmayan imkansız, əliyalın əhalidən 34 nəfəri döyərək işgəncə ilə qətlə yetirmişlər. Qarda-çovğunda borana düşən qaçqınlardan 12 nəfər isə donvurmadan tələf olub. Basarkeçər rayonunun Daşkənd, Nərimanlı, Ağkilsə, Pəmbək, Qızılvəng, Şişqaya, Zod, Qanlı, Yuxarı Zağalı, Sətənağac, Kəsəmən, Göysu, Dərə, Subatan, Sarıyaqub, Çaxırlı, Zərkənd, Canəhməd, Yarpızlı, Böyük Məzrə, Kiçik Məzrə, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Qoşabulaq, İnəkdağı, Babacan, Kərkibaş, Qayabaşı, Qaraiman, Ağyoxuş, Yuxarı Şorca, Aşağı Şorca, Qırxbulaq, Gödəkbulaq, Tüskülü, Qamışlı, Aşağı Zağalı kimi kəndləri var.
44 günlük Vətən müharibəsi 30 ilə yaxın işğala son qoydu. Bu gün türk mənşəli tarixi adlarımız da özünə qaytarılır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb və orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. Basarkeçər rayonuna Ermənistanda "Vardenis rayonu" deyilir. "Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır", - deyə Cənab Prezident bildirib: "Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona "Vardenis" adı qoymuşdur". Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra 2020-ci ilə qədər Madagiz adlanmış Suqovuşan da öz tarixi adına qovuşdu. Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsində olan Suqovuşan 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. 44 günlük Vətən müharibəsində işğaldan azad edilən bu ərazinin tarixi adı Prezident İlham Əliyev tərəfindən bərpa edilərək Suqovuşan adlandırılmışdır.
Yaxın tariximizə nəzər salsaq, görərik ki, 1988-89-cu ilə qədər azərbaycanlılar yaşamış 16 rayonda 90 türk mənşəli toponimlər dəyişdirilərək erməni adı ilə əvəzləndi. Bu rəsmi statistika Ermənistan prezidentinin fərmanı ilə 1991-ci ili əks etdirir. XX əsrin əvvəllərində Qərbi Azərbaycanda 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəlli idi. Bu gün Azərbaycan öz tarixi torpaqlarına qovuşub. Azərbaycanın tarixi adları yenidən özünə qaytarılır. Azərbaycan tarixi, əzəli torpaqlarına sahib olacaq: "Biz tarixi unuda, kiminsə siyasi maraqlarının girovuna çevrilə bilmərik", - deyən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib: "Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur… Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır... Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə..." O zaman toponimlərimiz də tarixi adlarına qovuşacaqlar.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər