PDF Oxu

Siyasət

  • 2 909

Beynəlxaq tədbirləri milyonlara təqdim edən televiziya TƏHLİL

Beynəlxaq tədbirləri milyonlara təqdim edən televiziya TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə 940 500,0 (doqquz yüz qırx min beş yüz) avronun manat ekvivalentində vəsait ayrılıb

XX əsrin ən möhtəşəm kəşflərindən olan və hər gün insanlarla ünsiyyət yaradan, cəmiyyət həyatında əvəzsiz yer tutan televiziya yarandığı zamandan keşməkeşli günləri də, xoş soraqları da izləyicisinə çatdırıb. Ölkənin ictimai-mədəni həyatında əhəmiyyətli hadisələri milyonlarla tamaşaçıya təqdim edən Azərbaycan televiziyası hər kəsin evində bir ab-hava yaradıb. Xalqın maarifləndirilməsi, əxlaqi-estetik tərbiyəsi, məlumatlandırılması kimi təməl prinsiplərini fəaliyyət məqsədinə çevirən televiziya hər nəslin müasiridir. Ölkəmizdə fəaliyyət göstərən televiziyalar sırasında İctimai Televiziya və Radio Yayımının da öz yeri, çəkisi var. İctimai Televiziya müxtəlif məzmunlu proqramların, bir sıra beynəlxalq telelayihələrin Azərbaycanda eksklüziv yayımçısına çevrilib. Kann kinofestivalını, Vyana Filarmoniya orkestrinin konsertini, "World Music Awards", Olimpiya oyunları kimi bütün dünyada maraqla izlənən böyük layihələri Azərbaycan auditoriyasına, məhz İctimai Televiziya təqdim edib. 24 saat ərzində Azərspace və Hotbird peykləri vasitəsilə İctimai Televiziya və Radio dünyanın əksər ölkələrinə, www.itv.az ünvanlı internet saytı ilə bütün dünyaya yayımlanır.
Türkiyə, Macarıstan, Polşa, Koreya, Rumıniya, Gürcüstan, Almaniya, Fransa və digər ölkələrin ictimai yayımçıları ilə əməkdaşlıq şəraitində işləyərək, sözügedən telekanallarla mübadilə proqramları həyata keçirir. Belə əməkdaşlıq sayəsində təşkil edilən telekörpülər, birgə layihələr mədəniyyətlər vasitəsi ilə müxtəlif xalqlar arasında körpü yaradır, müxtəlif mədəniyyətə və dini görüşə malik xalqların daha da yaxınlaşmasına, qarşılıqlı anlaşmaya və inkişafa yardımçı olur.
Bu kanalın qısa müddətdə özünə layiq yer tutmasi, Azərbaycana bir çox yeniliklər gətirməsi, "Eurovision" və bunun kimi digər transmilli layihələrdə iştirakı qurumun həqiqətən də vətənpərvər bir telekanal olduğunu sübut etdi. "Eurovision" Mahnı Müsabiqəsi Azərbaycanda ilk dəfə 2006-cı ildə yayımlanıb. Həmin ilin may ayında İctimai Televiziya Yunanıstanda keçirilən 51-ci "Eurovision" Mahnı Müsabiqəsini Azərbaycan izləyicilərinə təqdim edib. Bu ənənə 2007-ci ildə də davam edib və Finlandiyanın paytaxtı Helsinkidə təşkil olunan Avropanın möhtəşəm televiziya şousu – "Eurovision" Mahnı Müsabiqəsi ikinci dəfə Azərbaycan auditoriyasına yayımlanıb. Artıq Azərbaycanın "Eurovision" Mahnı Müsabiqəsində fəal iştirakı üçün sosial tələbat var idi. 2007-ci ilin iyul ayında Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin timsalında Avropa Yayımları Birliyinə (EBU) üzv qəbul olundu. Elə həmin ildən də ölkəmiz "Eurovision" Mahnı Müsabiqəsi layihəsinə iştirakçı kimi qoşulub. Həmin ildən başlayaraq müsabiqədə Azərbaycanın adı ön sıralarda çəkildi. Bu, Azərbaycan musiqisini əzəmətini, onun tarixi köklərinin möhtəşəmliyini əsaslandıran amildir. Televiziya xaricdə yaşayan soydaşlarımızı da unutmadı. "Qərib axşamlar" verilişi vətəndən uzaqda yaşayan insanlarınızın problem və istəklərini, uğurlarını bölüşdü. Bütün bunlarla yanaşı, İTV beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə hazırlığı ilə tarixə düşdü. Müxtəlif məzmunlu proqramları yayımlayan İctimai Televiziya müasir dövrün XXXIII Olimpiadasının Oyunları adlandırılan 2024-cü il Yay Olimpiya Oyunlarını da yayımlamaq hüqüqundadır. Hər dörd ildən bir yay fəslində keçirilən bütün dünyanı əhatə edən çox növlü idman yarışı məhz İctimai Televiziya vəsitəsi ilə milyonlarla insanlara təqdim olunacaqdır. Bildiyimiz kimi, "Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İctimai Televiziya və Radio Yayımları Şirkətinə 640,0 (altı yüz qırx) min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılmışdır. Vurğulamaq yerinə düşər ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti dövr ilə ayaqlaşan gənc, yaradıcı, möhtəşəm idman növlərini təqdim edəcək XXXIII Yay Olimpiya Oyunlarını da işıqlandırmaq üçün yayım hüququnu qazanaraq, böyük auditoriyaya yayımlayacaq.
9 fevral 2023-cü il tarixində isə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə 940 500,0 (doqquz yüz qırx min beş yüz) avronun manat ekvivalentində vəsait ayrılıb.
Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin edərək, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirən İctimai Televiziya bütün informasiyaları, tədbirləri müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaq kimi məqsədə xidmət göstərir. Belə ki, yarandığı zamandan İctimai Televiziya milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyub inkişaf etdirən maarifləndirici, məlumatlandırıcı proqramlar vasitəsilə vətəndaşların maraqlarını təmin edir. Azərbaycan və dünya müəlliflərinin əsərləri üzrə yüksək sənətkarlıq nümunəsi olan tamaşalar, bədii, sənədli və cizgi filmləri, seriallar, incəsənət əsərləri, mühüm tarixi və mədəni tədbirlər lentə alınaraq "Qızıl fond"da saxlanılır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər