“Tehranda Azərbaycan səfirliyinə olan terror hücum diplomatik nümayəndəliklərin statusu və fəaliyyəti haqqında 1961-ci il Vyana konvensiyasının, habelə Diplomatik nümayəndəliyinin toxunulmazlığı və müdafiəsi haqqında 1977-ci ilin Vyana konvensiyalarının məlum müddəalarının İran tərəfindən kobud şəkildə pozulmasıdır”: Bunu "Səs" qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.
Politoloq bildirib ki, Beynəlxalq Cinayət hüququna görə, bu səpkili cinayətlər ətrafında təhqiqat və istintaqın aparılması üçün vaxt müəyyən edilib və həmin vaxt ərzində təhqiqatla bağlı məlumatların yayılmaması istintaq sirridir və İranın bu mənada hərəkətlərində beynəlxalq cinayət hüququna zidd mövqe yoxdur: “Azərbaycan tərəfi indiki halda baş vermiş olayda ona dəymiş maddi və mənəvi ziyana görə xüsusi məbləğdə maliyyə vəsaitinin ödənilməsini tələb edə bilər. Səfirlik dövlətin ərazisi və mülkiyyətidir və beynəlxalq hüquqa görə səfirliyə hücum dövlətçiliyə hücum anlamında da qəbul oluna bilər. Biz də israrla Azərbaycan-İran münasibətlərində gərginliyin artmasına çalışan bəlli dairələlərin dövlətçilik deyil, firqə, korporativ və konyunktur maraqlardan çıxış etmələri istisna deyil. Rusiyanın Ankarada fövqəladə və səlahiyyətli səfiri qətlə yetirildi, bu hadisə məlum dövlətlər arasında ötəri də olsa gərginlik yaratsa da, sonda yüksək dairələr hər iki dövlətin qarşılıqlı maraqlarına cavab verən bir mövqe sərgilədilər, dövlətlər arası münasibətlərdə zaman-zaman belə hadisələr yaşanıb, lakin Təhlükəsizlik, qarşılıqlı, faydalı münasibətlər, əməkdaşlığın perspektiv imkanları ilə bağlı amillərdən çıxış edən yüksək dövlət rəsmiləri və diplomatiya məlum həddə dayanmağı bacarıblar".