Mehriban xanım Əliyeva: "Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!"
Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda fəaliyyəti ilə tanınan və nüfuz qazanan Heydər Əliyev Fondu əsrimizin qabaqcıl və humanizm prinsiplərini bəşər övladına təqdim etmək gücündə olan qurum kimi beynəlxalq miqyasda hörmətlə qarşılanır. Firavanlığı yaratmaq, həyat tərzində sağlam mühiti formalaşdırmaq, insanların fiziki sağlamlığına diqqət yetirmək, sülhün, əmin-amanlığın carçısına çevrilmək, müasir dövrün tələblərinə və gələcəyin təminatı olan təhsilə, elmə böyük diqqət ayırmaq fondun məqsədi olaraq özünü büruzə verir. Xalqlar arasında dostluğu möhkəmləndirən mesenatlıq və xeyriyyəçilik layihələri ilə dünyada tanınan Heydər Əliyev Fondun fəaliyyəti dövründə həyata keçirilən genişmiqyaslı layihələr məqsəd tək qarşıya qoyduğu amalların reallaşmasına səbəb olub. Hər addımı böyük təntənəyə səbəb olan fond, xüsusilə, humanitar missiyada fəaliyyət proqramını həyata keçirməklə insanların qayğı və problemlərinin təminatçısına çevrilib.
Millət və dövlət maraqları baxımından, müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin ali ideallarını özündə ehtiva edir. İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanizm prinsiplərindən yaranır.
HEYDƏR ƏLİYEV FONDU ÇƏTİN ANLARDA TÜRK XALQININ YANINDADIR
Bu gün qardaş Türkiyədə baş vermiş güclü zəlzələ hər kəsi sarsıtmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-da Türkiyəyə Heydər Əliyev Fondunun ilk humanitar yardım təyyarəsi göndərilib. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırıb. Həmçinin qeyd edək ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi fevralın 8-dən humanitar kampaniyaya start verib. Bu kampaniya çərçivəsində vətəndaşlardan toplanan humanitar yardımlar da Heydər Əliyev Fondunun dəstəyi ilə zəlzələ bölgəsinə çatdırılır. Daha bir humanitar yardım təyyarəsi göndərilib. Növbəti humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir. Heydər Əliyev Fondu, "AzərEnerji" ASC və "Azərişıq" ASC-nin dəstəyi ilə göndərilən yardım fevralın 10-da zəlzələ bölgəsinə çatdırılıb. Həmçinin qeyd edək ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi fevralın 8-dən humanitar kampaniyaya start verib. Bu kampaniya çərçivəsində vətəndaşlardan toplanan humanitar yardımlar da Heydər Əliyev Fondunun dəstəyi ilə zəlzələ bölgəsinə çatdırılır.
Bu gün hər bir Azərbaycan vətəndaşı türk qardaşının yanındadır və onun dərdinə şərikdir. Baş vermiş faciə ilə əlaqədar bütün Azərbaycan xalqı, ölkənin bütün təşkilatları qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşımında belə qeyd edib: "Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: "BİZ TƏK BU GÜN DEYİL, ÖLƏNƏDƏK BİRLİKDƏ OLACAĞIQ"
Qeyd edək ki, zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb. Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü ifadə edən Rəcəb Tayyib Ərdoğan bildirib: "İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!". Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulması, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib: "Öz adımdan, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!"
Azərbaycana dost, qardaş ölkə olan Azərbaycan-Türkiyə münasibətləri Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, dünyada bənzəri olmayan qarşılıqlı etibara və etimada əsaslanır. Bizim xalqlarımızı birləşdirən yalnız etnik, dini və mədəni köklər deyil, eyni zamanda, mürəkkəb və ziddiyyətli proseslərin cərəyan etdiyi XXI əsrdə bir-birimizin yanımızda olmağımızdır. Azərbaycan-Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqlarının dalğalanması qırılmaz dostluğumuzdan qaynaqlanır. 44 günlük Vətən müharibəsində Türkiyənin ilk anlardan Azərbaycanın yanında olması bu münasibətlərin yüksələn xətlə inkişafına söykənir.
"GÜCLÜ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ DAĞILMIŞ QIZLAR MƏKTƏBİNİN TİKİNTİSİ ÇOX UĞURLU OLMUŞ VƏ GƏLƏCƏK ƏMƏKDAŞLIĞIMIZ ÜÇÜN YAXŞI ƏSAS YARATMIŞDIR"
Onu da vurğulayaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında əhəmiyyəti ilə seçilir. Bu gün deyə bilərik ki, dünyanın bütün ölkələrində Fondun həyata keçirdiyi layihələrə münasibət yüksəkdir. Mehriban xanım Əliyevanın dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülməsi də elə bu bəşəri dəyərlərə münasibətinin və fəaliyyətinin nəticəsidir. Azərbaycanın Birinci Xanımı sivilizasiyalararası dialoqa töhfə verməklə yanaşı, məktəblərin tikintisinə, dini məbədlərin bərpasına da köməklik göstərir. Ölkələr arasında qarşılıqlı əlaqələrdən söz açarkən Azərbaycan və Pakistan arasında dostluq münasibətlərini də qeyd etməliyik. Pakistanda talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün Heydər Əliyev Fondunun dəstəyi ilə xeyriyyə aksiyasının keçirilməsi də məhz xeyriyyəçilik əməllərinin təzahürü idi. Aksiya çərçivəsində İslamabad şəhərində yerləşən Sundas Talassemiya Mərkəzinə Fondun dəstəyi ilə alınmış qan kisələri və tibbi ləvazimatlar, ərzaq paketləri və hədiyyələr təqdim edilmişdi. Qeyd edək ki, Fondun sosial və humanitar layihələri Pakistanın bütün əyalətlərində davamlı həyata keçirilib. Fondun İslamabadda yerləşən Talassemiya Mərkəzinin təsis edilməsi, təcili yardım avtomobillərinin, minlərlə qan kisəsinin Pakistanın müxtəlif xeyriyyə təşkilatlarına təqdim olunması ilə yanaşı, hər il Ramazan ayında kimsəsiz və qüsurlu uşaqları da unutmur və onlar üçün iftar yeməkləri verilir, hədiyyələr təqdim edilir. Mehriban xanım Əliyeva çıxışlarının birində vurğulamışdır ki, Heydər Əliyev Fondu tərəfindən bir sıra mühüm layihələr və xeyriyyə proqramları Pakistanın müxtəlif yerlərində icra olunur: "Çox fərəhlənirik ki, birinci layihəmiz - Müzəffərabadda 2005-ci ilin oktyabrında güclü zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi çox uğurlu olmuş və gələcək əməkdaşlığımız üçün yaxşı əsas yaratmışdır". Mehriban xanım Əliyevanın təşəbbüsü ilə zəlzələdən ən çox dağılan bölgələrdən olan Müzəffərabadın Rara bölgəsində 500 şagirdlik qızlar məktəbi tikilib. Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində "Edhi Home" kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və Hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmış, Peşavər şəhərində "Akbar Care" serebral iflic institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilmişdir. Eyni zamanda, Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadın və uşaq xəstəxanasında açıq ürək əməliyyatları aparılmış, Hamza Fondu (Peşavər) üçün müasir qanköçürmə avadanlığı, laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və iki min qanköçürmə paketi alınmış, Xayber Göz Fondunun yeni binasının tikintisi üçün maddi yardım göstərilib.
Fondun Pakistanda həyata keçirdiyi layihələr Azərbaycan və Pakistan xalqlarının dostluq və qardaşlıq münasibətlərinin inkişafına öz töhfəsini verir. Bütün sosial və humanitar layihələr Pakistanla Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirməsinə və dərinləşdirməsinə xidmət edir. Əlbəttə ki, Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələri səmimi münasibət və möhkəm təməllər üzərində qurulub. Mehriban xanım Əliyeva tərəfindən icra olunan sosial və humanitar layihələr onun Pakistana olan səmimi münasibətinin təzahürüdür.
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn tərəfindən Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı – "Hilal-e-Pakistan" ordeninin təqdim edilməsi də təsadüfi deyildi. Həyata keçirilən xeyirxah işlər Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, habelə, bu gün Vətən, xalq naminə aparılan məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürü olmaqla yanaşı, həm də fondun cəmiyyətdə və xaricdə artan nüfuzunun ifadəsidir.
Nəzakət ƏLƏDDİNQIZI