Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Azərbaycan və Türkiyə dövlətləri kədərli, sevincli günlərində həmişə bir-birinin yanında olub, indi də belədir. Prezident İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dost, qardaş münasibətləri xalqlarımızı bir-birinə daha da doğmalaşdırdı. Türkiyədə baş verən dəhşətli, dağıdıcı zəlzələnin minlərlə insanın həyatına son qoymasını hər bir Azərbaycan vətəndaşı öz acısı, dərdi kimi qəbul etdi. Zəlzələ baş verdiyi gün Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı və zəng edərək birbaşa əlaqə saxladı. Dövlətimizin başçısı bu ağır günlərdə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi. Prezident İlham Əliyev həlak olanların ailə üzvlərinə, yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından başsağlığı verərək yaralananlara şəfa dilədi. Fevralın 8-də dövlətimizin başçısı Türkiyənin Azərbaycandakı səfirliyinə gələrək zəlzələnin fəsadlarının aradan qaldırılmasında sona qədər Azərbaycan dövləti və Azərbaycan xalqının Türkiyənin yanında olacağını, hər cür kömək və dəstək ediləcəyini bildirdi.
Zəlzələ baş verdiyi ilk gündən bütün Azərbaycan qardaş türk xalqına dəstək üçün ayağa qalxdı. Bakıda, daha sonra bütün rayonlarımızda əhali yardım kampaniyasına qoşuldu. Tonlarla isti geyim, məişət əşyaları, ərzaq məhsulları toplanaraq qardaş Türkiyəyə yola salındı və bu kampaniya sona qədər davam etdiriləcək. İnsanlarımız bu kampaniyaya öz arzuları ilə, bacı-qardaşlarına, doğmalarına yardım etmək üçün qoşuldular. Bu gün hansı vəzifədə, peşədə çalışmalarından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı maddi cəhətdən də Türkiyəyə dəstək olur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, hökumət üzvləri, sadə türk vətəndaşları da qeyd edirlər ki, bu çətin, ağır günlərdə ilk yardım qardaş Azərbaycandan gəldi. Azərbaycan dövləti öz qardaşlıq missiyasını əsirgəyə bilməzdi. Bu yardımlar təmənnasız, qardaşın-qardaşa olan sevgi və ehtiramından irəli gəlir. Azərbaycan zəlzələnin baş verdiyi ilk dəqiqələrdən Türkiyəyə həm mənəvi, həm də maddi dəstəyini göstərib. Bütün dünya iki qardaş ölkə arasındakı bu münasibətləri, təmənnasız dəstəyi parlaq nümunə kimi qəbul edir.
Hər bir insan, ölkə çətinliklə üzləşəndə özünə dost, qardaş saydığı ölkələrə güvənir, onlardan kömək, yardım gözləyir. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Türkiyəyə necə güvənirdisə, bu gün qardaş ölkəmiz də bizə eyni dərəcədə inanır, arxalanır. Biz Azərbaycan və Türkiyə qardaşlığının təntənəsini dünyaya sübut etdik və edirik. Əminəm ki, böyük türk xalqı bu çətin anları geridə qoyacaq və yenidən o şəhərlər, kəndlər, dağılmış evlər bərpa olunacaq, insanlar yenidən öz yaşamına qayıdacaqlar. Bu proseslərdə Azərbaycan dövləti hər zaman qardaş Türkiyənin yanında olacaq. Xalqımıza xas olan dəyərlər var, o çətin vaxtda yardımlaşmaq böyük ürəyə sahib olmağı göstərir. Azərbaycanın hər bir vətəndaşı son tikəsini belə bu gündə öz qardaşı ilə paylaşır. Yardımda hər hansı bir formada payı olmasını istəyir. Azərbaycan xalqının bu cür bəşəri dəyərlərə sadiqliyi ilə vətəndaş olaraq qürur duyuram. Biz bu məqamda insanlığımızla bərabər dosta, qardaşa nə qədər bağlı olduğumuzu bir daha bütün dünyaya bəyan etdik.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri