PDF Oxu

Siyasət

  • 2 754

Molla rejimi insanlıq üçün təhlükə mənbəyidir TƏHLİL

Molla rejimi insanlıq üçün təhlükə mənbəyidir TƏHLİL

44 ildir ki, əmmaməli mollalar xalqlar həbsxanası təsis edib və onu çox böyük vəhşiliklə "inkişaf" etdirirlər

Fars-molla rejiminin nəinki beynəlxalq aləm üçün, ümumilikdə öz xalqı üçün də fəlakətli rejim olduğu sübuta yetirilib. Ayrı-ayrı ölkələrdə terror aktlarının törədilməsinə 10 milyardlarla ABŞ dolları xərcləyən molla rejimi öz millətinə zülm, məşəqqət, aclıq və səfalət yaşadır. Yəni, 1979-cu ilin fevralında baş vermiş İslam İnqilabının 44 illik dönəmi xalqına heç bir xoş yaşam verməyib. 44 ildir ki, dilindən, milli mənsubiyyətindən asılı olmayarq insanlar ağır həyat tərzi sürürlər. Bir növ rejim 44 ildir ki, xalqlar həbsxanası təsis edib və onu çox böyük vəhşiliklə "inkişaf" etdirirlər. Adi görünən qaydalardan kənara çıxan insanlar vəhşicəsinə döyülür, təhqir edilir, asılmaqla öldürülür, həbsxanalara salınmaqla zindanlarda çürüdülürlər. Zülmün, əsarətin, işgəncənin altındadır. Xüsusilə də Cənubi Azərbaycan əyalətlərində yaşayan azərbaycanlılar fars –molla rejiminin gözündə düşmən olaraq görülür. Demək olar ki, güneyli soydaşlarımız hüquqsuz vəziyyətdədirlər. Onların adət -ənənələrini, mədəniyyətlərini əlindən almağa çalışan əmmaməli mollalar bununla güneyli soydaşlarımıza qarşı düşmən xislətlərini ortaya qoymuş olurlar. Bu da səbəbsiz deyil, molla rejimi hakimiyyətə gələrkən onlara qəti etirazlarını bildirən güneyli soydaşlarımız oldu. Sərt etirazın ağır nəticəsi olaraq molla rejimi minlərlə azərbaycanlını qətlə yetirdi, on minlərlə insanı isə həbsxanalara saldı, evlərini –eşiklərini qarət etdi. Amma güneyli soydaşlarımızın mübarizə əzmini qıra bilmədi, mübarizə bu gün də davam etməkdədir.

Güney Azərbaycanın müstəqil dövlət elan olunması uzaqda deyil

Görünən ondan ibarətdir ki, güneyli soydaşlarımız öz haqq və hüquqları uğrunda daim mübarizə aparıblar. 1905-ci il Səttərxan, Şeyx Məhəmməd Xiyabani hərəkatı, 1945-ci ildə isə Pişəvəri inqilabı baş verib. Pişəvəri hərəkatı güneyli soydaşlarımızın parlaq dövlətçiliklərini qurmaqla yekunlaşdı. Bu dövlət bir il yaşadı. Təəssüf ki, o vaxtkı SSRİ rəhbərliyinin İran rejimi ilə sıx işbirliyi milli hökumətin süqutu ilə yekublaşdı. Bir illik dövlətçilik tarixində Pişəvəri hökuməti qadınlarla kişiləri bərabər hüquqlara malik olmasına dair qanun qəbul etdi. Milli Məclis yaradıldı, Milli Ordu formalaşdı, Dövlətin bayrağı yaradıldı, demokratik seçki qanunu qəbul edildi, Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Dilimiz rəsmi dövlət dili oldu. Demokratik milli hökumət devrilsə də, ümidlər sonsuzdur ki, Güneydə müstəqil, azad dövlət yaradılacaq. Bu gün Güneydə 6 aya yaxındır ki, davam edən və bütün dünya azərbaycanlılarının dəstək verdiyi mücadilə onu deməyə əsas verir ki, bəlkə də yaxın vaxtlarda milli dövlətin yaradıldığı elan olunacaq.

Erməni- molla rejiminin tarixi qardaşlığı

Mövcud reallıq ondan ibarətdir ki, fars- molla rejimi ilə erməni qardaşlığının tarixi uzun illərə gedib çıxır. Əsasən də 1991- ci ildə Azərbaycanın müstəqillik əldə etməsi molla rejiminin ölkəmizə qarşı düşmən siyasətinin daha amansız forma almasına rəvac verdi. Hər vəchlə ermənilərə hərbi-siyasi dəstək göstərməklə torpaqlarımızın işğal edilməsinə yardımçı oldu. Hətta ermənilərlə müəyyən siyasi oyunlar qurmaqla Azərbaycanın başını qarışdırmağa və bununla da ərazilərimizin zəbt ediməsinə köməklik göstərdi. Yada salmaq lazımdır ki, 1992- ci ildə Şuşa işğal olunanda Azərbaycan Respublikasının Milli Məclisinin sədri, eləcə də prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov Tehranda idi. Orada Ermənistan prezidenti Ter-Petrosyanla cəbhədə atəşkəsə nail olunması ilə bağlı müqavilə imzalayırdı. Belə məqamda Şuşa işğal olundu. Bu, nə deməkdir? Yəni İran Yaqub Məmmədovu aldadaraq Tehrana apardı, ermənilər də asanlıqla Şuşanı işğal etdilər. 20 noyabr 1991-ci ildə Qarakənd səmasında Azərbaycanın dövlət rəsmilərinin və Rusiya hərbçilərinin olduğu vertolyotun vurulmasında da molla rejiminin əli vardı. Sübut olunub ki, bu hadisəni törədən 17 nəfərdən biri “SEPAH”-ın əməkdaşıdır. Həmin terror aktını törədən şəxsləri İran maneəsiz öz ərazisinə keçirdi. İşğalın davam etdiyi dövrdə molla rejimi Ermənistanı bu və ya digər formada dəstəkləyirdi. Hər gün ermənilər heç bir viza, şərt tələb olunmadan Xudafərin körpüsü vasitəsi ilə Tehrana və digər şəhərlərə gedib gəlirdilər. Bu, həm də onu göstərirdi ki, molla rejimi burada Rusiyanın maraqlarını təmsil edirdi. O zaman Ermənistan Rusiya üçün İrana silah ötürməklə bağlı ən yaxşı yol hesab olunurdu. Müxtəlif silahlar, yardımları məhz Rusiya Ermənistan vasitəsi ilə Tehrana çatdırırdı.

İslamın molla rejiminə aidiyyatı yoxdur

Molla rejimi özünü islam respublikası elan edib. Bu respublikanın banisi ayətullah Xomeneyidir. Xomeneyidən qalma ideologiyaya görə, (bu, həm də xomeneyizm ideologiyası adlanır) müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. İdeologiyanın birinci şərti budur. Amma molla rejiminin indiki və əvvəlki prezidentlərinin apardıqları siyasətə nəzər yetirdikdə, bu ideologiyanın ayaqlar altında tapdalandığını görmək olar. Hazırkı prezident İbrahim Rəisi və əvvəlki terror başçıları özlərini Xomeneyinin davamçıları kimi cəmiyyətlərinə sırımağa çalıblar. Amma onlar Xomeneyizm ideologiyasının birinci prinsipini - Azərbaycanın torpaqlarını işğal edib, 1 milyondan çox insanı ev-eşiyindən didərgin salmış Ermənistanla geniş əməkdaşiıq münasibətləri qurmaqla pozubdur. Bu gün xomeneyizm ideologiyasının mühüm prinsiplərindən biri də islam inqilabının ixracıdır. Amma burada da fərqli mövqe görünür. Yəməndə, Misirdə, Tunisdə inqilablar baş verəndə molla rejimi elan etdi ki, bu, xomeneyizm ideologiyasına əsasən İran inqilabının ixracının təntənəsidir. Molla rejimi Suriyaya qarşı münasibətdə isə əks-mövqe sərgilədi. Halbuki oxşar ssenari, oxşar proseslərdir. Deməli, lazım gələndə, siyasətdə xomeneyist də olmaq olar, başqa halda isə xomeneyzim ideologiyasının əleyhinə siyasət yürütmək də olar. Molla rejiminin ali dini rəhbərliyinin apardığı bu yanlış siyasət regionda vəziyyəti gərginləşdirməklə yanaşı, islam dünyasında da parçalanma yaratmağa xidmət edir. Bu nöqteyi-nəzərdən o qənaətə gəlmək olar ki, əgər yaxın qonşu müsəlman dövləti olan molla rejimi ikili siyasət yeridirsə, o zaman Azərbaycandan uzaq olan ərəb dövlətlərindən Ermənistana qarşı sərt mövqe sərgiləyəcəklərini gözləmək olarmı?

Azərbaycan regionun lider dövlətidir

Azərbaycanın regionun lider dövlətinə çevrilməsi beynəlxalq münasibətlər sistemində söz sahibi olması da ölkəmizə qarşı qısqanclıq hissinin yaranmasına səbəb olur. Bəzi dövlətlər zahirən özlərini dost ölkə kimi göstərsələr də, əslində, Azərbaycanın dünyada artan gücü, yüksələn iqtisadi potensialı onları narahat edir. Bir çox müsəlman ölkələrində hakimiyyət ilə xalq arasında dərin uçurum yaranıb. Onlar bundan da qısqanırlar ki, Azərbaycan sabit, sakit dövlətdir. Azərbaycanda milli birlik, mövcuddur. Həm də Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarını azad etməsi molla rejimini, eləcə də əmmaməli mollalar kimi düşünən qüvvələri ciddi narahat edir. Bu səbəbdən də, Azərbaycana qarşı məkrli və terrorizm siyasəti aparırlar. İngiltərə, Fransa və nəhayət, Tehranda səfirliyimizə edilən xain hücumlar ölkəmizin dünyada artan nüfuzuna, gücündən və qüdrətindən narahat olmalarından irəli gəlir. Yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən terror hücumu nəticəsində bir nəfər səfirlik əməkdaşı şəhid edildi, iki nəfər isə ağır yaralandı. Bu günə qədər də molla rejimi səfirliyə edilən xain hücuma düz-əməlli izahat verməyib, həm də dövlət səviyyəsində üzr istənilməyib. Azərbaycan səfirliyinin ərazisi Azərbaycan Respublikasının ərazisi sayıldığı üçün terror aksiyası, eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı qəsd kimi qəbul edilməli, sifarişçilərin və icraçıların tez bir zamanda Azərbaycan Respublikasının ədalət məhkəməsi qarşısında dayanması istiqamətində beynəlxalq müstəvidə məsələ qaldırılmalıdır. Azərbaycan səfirliyinə hücum, baş verən terror aksiyası ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət olunmalı, 1961-ci il Vyana Konvensiyasının 22, 23, 24, 25, 27, 29, 31, 37, 47-ci maddələrinin, Konsulluq münasibətləri haqqında 1963-cü il Vyana Konvensiyasının 28, 30, 31, 37, 47-ci maddələrinin, Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 4 və 7-ci maddələrinin və BMT Nizamnaməsinin 3 və 4-cü fəsillərinin 2 və 33-cü maddələrinə əsasən, molla rejiminə qarşı iddia qaldırılmalıdır. Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum BMT, NATO, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən 60-dan çox ölkənin dövlət başçıları, xarici işlər nazirləri və səfirləri tərəfindən terror aktı kimi pislənmişdir.

Molla rejiminin beynəlxalq hüquq baxımdan üzr istəməməsi və bu azmış kimi terrorçuya müəyyən məsələlərdə himayədarlıq etməsi onu deməyə əsas verir ki, terror aktının törədilməsində mollaların rolu var. Bu isə birbaşa molla rejiminin cani və quldur bir rejim olduğunu təsdiqləyir. Söz yox ki, Azərbaycan dövləti səfirliyə qarşı törədilən terror aktının geniş şəkildə pislənməsi və terror aktını törədənlərin cəzalandırılması üçün bütün müvafiq beynəlxalq platformalardan istifadə edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar tviterdə paylaşımda Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıb. Paylaşımda deyilir: "Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!" Dövlət başçımız bu hücumu beynəlxalq hüquq normalarına sığmayan qatı cinayət olaraq qiymətləndirib.

Fars -molla rejimi 45 illiyini qeyd edə bilməyəcək

Molla rejimi bütün insanlıq və bəşəri dəyərlərdən uzaq olan bir rejimdir. Belə rejimlər sivil, demokratik dünya üçün təhlükə mənbəyidir. Belə təhlükəli terrorçu dövlətin zərərsizləşdirilməsi dünyanın rahat nəfəs alması demək olar. Fikir versəniz görərsiniz ki, molla rejimi öz xalqına, xüsusilə də yuxarıda qeyd etdiyimiz kimi güneyli soydaşlarımıza qarşı amansızlıq göstərir. Üç aya yaxındır ki, rejimə qarşı etirazlar baş verir. Zorakılığa, qətliamlara məruz qalanlar arasında azərbaycanlılar çoxluq təşkil edirlər. 1000 -ə yaxın insan öldürülüb ki, onlarında yarıdan çoxu azərbaycanlılardır. 73 uşaq qətliamın qurbanı olub, 25 min insan gecələr evlərindən oğurlanaraq zindanlara atılıblar. Bu vəhşilik Xoy şəhərində baş verən zəlzələdən əziyyət çəkən azərbaycanlılara qarşı etinasız münasibətlə davam etməkdədir. Onlarla insan zəlzələnin qurbanı olub, minlərlə ailə evsiz-eşiksiz qalıb, soyuq havada çöldə yaşamaq məcburiyyətində qalıblar. Bəzi ölkələr, o cümlədən çox böyük gücə, qüdrətə malik olan Azərbaycan dövləti, eləcə də Türkiyə və Pakistan, Xoy şəhərində zəlzələdən əziyyət çəkən insanlara humanitar yardım təklif etsələr də, əmmaməli mollalar yardımdan imtina etdilər. Bu isə onu deməyə əsas verir ki, molla rejimi Azərbaycan dövlətinin tarixi torpaqlarında yaşayan soydaşlarımıza humanitar yardımların göstərilməsindən narahatdır. Qorxur, vahimələnir ki, güneyli soydaşlarımız qardaş yardımından ruhlanar və alqış sədaları göylərə yüksələr. Bu isə onlar üçün fəlakət deməkdir. Ancaq əminəm, çox çəkməyəcək ki, biz maneəsiz olaraq Təbrizə, Tehrana, Ərdəbilə, Xoy şəhərinə və digər tarixi torpaqlarımıza gedəcəyik. O gün uzaqda deyil. Qısası, molla rejimi yaratdığı zülmünün, qəddarlığının, vəhşiliyinin 45 illiyini qeyd edə bilməyəcək. Məhv olaraq tarixin zibilliyinə atılacaq və Təbrizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq.

İ.ƏLİYEV

Digər xəbərlər