PDF Oxu

Siyasət

  • 9 186

Zəlzələnin yaratdığı fəsadlar: psixoloji məqamlar və yoluxucu xəstəliklər TƏHLİL

Zəlzələnin yaratdığı fəsadlar: psixoloji məqamlar və yoluxucu xəstəliklər TƏHLİL

Dünya yaranandan bəşər övladı yerdə baş verən dinamik proseslər nəticəsində yaranan zəlzələlərdən əziyyət çəkmiş, milyonlarla insanın ölümünə səbəb olmuşdur. Güclü yeraltı təkanlar evləri və tikililəri uçurmuşdur. Dünya ölkələri ilə yanaşı, Azərbaycan da bu dəhşətli faciələrlə üz-üzə qalmış, on minlərlə insan zəlzələrinin qurbanı olmuşdur. Bir neçə saniyə içərisində insanın həyatının itməsinə, təhlükə altında olmasına zəlzələlər amansızlıqla hakim olmuşdur. Zəlzələnin intensivliyinə diqqət yetirsək görərik ki, əksər ölkələrdə 12 bala bölünmüş seysmik cədvəllə - Rixter şkalası ilə ölçülür. Bu cədvələ görə 1 bal-hiss olunmayan, 2 bal-çox zəif, 3 bal-zəif, 4 bal-orta, 5 bal-nisbətən güclü, 7 bal çox güclü, 8 bal-dağıdıcı, 9 bal-viranedici, 10 bal-məhvedici, 11 bal fəlakətli, 12 bal isə ən fəlakətli zəlzələ sayılır.

28 BÖYÜK ZƏLZƏLƏ SİYAHISINDA ŞAMAXI ZƏLZƏLƏSİ

Azərbaycan ərazisində baş vermiş ən dağıdıcı zəlzələ 1667-ci ildə Şamaxıda baş vermiş 6.9 bal gücündə olub. 80 min insanın həlak olduğu bu zəlzələ Azərbaycan tarixində ən dəhşətli zəlzələ kimi qeyd edilib və ABŞ Geologiya xidmətinin hazırladığı 28 böyük zəlzələ siyahısına daxil olub. 1902-ci ildə baş verən və eyni gücə malik daha bir zəlzələ isə 2 min insanın ölümü ilə nəticələnib. 1139-cu ildə Gəncədə baş verən 6.3 bal gücündə olan zəlzələdə isə 230 min, bəzi məlumatlara görə isə 300 min insan həlak olub. Göy-gölün yaranması da bu zəlzələ ilə əlaqələndirilir.
Bu gün dünyamız qardaş Türkiyədə baş vermiş ən dəhşətli bir zəlzələnin şahidi oldu. Seysmik cəhətdən aktiv ölkə olan Türkiyə tarixində kifayət qədər dağıdıcı zəlzələlər baş vermişdir. 10 sentyabr 1509-cu ildə 7,2 bal gücündə "Böyük İstanbul zəlzələsi", 23 fevral 1653-cü ildə 7,5 bal gücündə "Şərqi İzmir zəlzələsi", 10 iyul 1688-ci ildə İstanbulda 7 bal gücündə "İzmir zəlzələsi", 3 aprel 1881-ci ildə 7,3 bal gücündə Saqqız adasında zəlzələ, 10 sentyabr 1894-cü ildə isə 7 bal gücündə "İstanbul zəlzələsi" olub. Bu və ya digər zəlzələlər insan tələfatına, güclü dağıntılara səbəb olmuşdur.

TƏBİİ FƏLAKƏT BÖLGƏLƏRİNƏ YARDIMLAR VƏ MADDİ-MƏNƏVİ DƏSTƏK

Bu günlərdə fevralın 6-da Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələ nəticəsində 30 mindən artıq insan həyatını itirmiş, on minlərlə insan yaralanmışdır. Dağıntılar altında qalan insanların sayı hələ bəlli deyil.
Belə bir çətin şəraitdə Azərbaycan qardaş Türkiyənin yanındadır. Azərbaycan Prezidenti və xalqımız qardaş ölkədə baş verən təbii fəlakət bölgələrinə yardımlar edərək, maddi-mənəvi dəstək göstərirlər. Prezident İlham Əliyevin məsələyə son dərəcə həssas münasibəti, maddi vəziyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qardaş Türkiyəyə yardım göstərməsi bu birliyin, həmrəyliyin nümunəsidir. Türkiyənin zəlzələ bölgəsi üçün beynəlxalq yardım çağırışından sonra axtarış-xilasetmə qrupları göndərən ilk ölkənin Azərbaycan olması, məhz bunun bir daha təzahürüdür. Türkiyədə meydana gələn şiddətli zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyi hər cür tibbi avadanlıq və ləvazimat ilə təchiz olunmuş ikinci səhra xəstəxanasını Türkiyəyə göndərib.

SAĞ QALANLARI XİLAS ETMƏK ÜÇÜN BÖYÜK SƏYLƏR

Zəlzələnin baş verməsindən bir neçə gün ötməsinə baxmayaraq, hələ də sağqalma ehtimalı ilə axtarış davam edir. Xilasetmə qrupları həyat ehtimalı gördükləri yerlərdə, beton qalıqlarının altında sağ qalanları xilas etmək üçün böyük səy ilə işləyirlər. Mütəxəssislərin qənaətinə görə, iqlim, hava şəraiti və dağıntılar altındakı şəxsin fiziki və psixoloji vəziyyəti kimi ünsürlər qurbanların nə qədər müddət həyatda qala biləcəklərinə öz təsirin göstərir. Susuzluq, qanitirmə kimi hallar sağqalma ehtimalını sıfıra endirir. Dünya Səhiyyə Təşkilatına görə, uzunmüddətli sıxılma sindromu dağıntının yaratdığı təzyiq səbəbi ilə əzələlər zədələnəndə və toksin istehsal edəndə yaşanır. Dağıntı insanın üzərindən qaldırıldıqda isə toksinlər vücuda yayılır və ciddi nəticələrə səbəb olur. Əlbəttə ki, zəlzələdən dağıntılar altında qala insanların sağ qalmasında iqlim də mühüm rol oynayır.
Əlbəttə ki, zəlzələ psixoloji amillər də yaradır. Həyat ilə mücadilə aparmaq, öz yaxınlarının təhlükəli vəziyyətdə olmasını düşünmək, yaxud da görmək insanda gərgin anları yaradır. Təbii ki, qorxu hissi hər hansı fəlakət və faciə zamanı yarana biləcək bir hissdir. Belə bir vəziyyətdə insan psixoloji baxımdan güclü və dözümlü olmalıdır. Dünya təcrübəsindən məlumdur ki, zəlzələdən sonra dağıntılar altından 10 gündən artıq müddətdə sağ qalaraq çıxarılan insanlar olub. Onlardan biri, yağış suyunu içib, bir karton qutunu yeyərək həyatda qalmışdı. Ağlını işlək tutmaq üçün isə bir oyuncaqla oynamışdı.

TƏBİİ FƏLAKƏTİN YARATDIĞI ACINACAQLI VƏZİYYƏTDƏN HEÇ KƏS SIĞORTALANMAYIB

Zəlzələdən sonra fəlakət bölgələrində epidemiyalar müşahidə oluna bilər. İçməli suyun təmizliyindən tutmuş yaralarda yarana biləcək infeksiyalara qədər bir çox xəstəliyə qarşı diqqətli olmaq vacibdir. İnsan cəsədləri infeksiya, zəhərli su və s. epitemolji vəziyyəti gərginləşdirə bilər. Zəlzələdən 10 gün sonra dağılmış ərazilərdə qalmaq əlbəttə ki, təhlükə yarada bilər. Buna görə də mütəxəssislər sağ qalan insanları, uşaqları, heyvanları həmin ərazilərdən mümkün qədər tez evakuasiya etməyi məsləhət görürlər. Xilasedicilərin də ciddi mühafizə vasitələri ilə təmin olunmasına, əleyhqazlar taxmalarına ehtiyac yaranır. Mütəxəssislərin qənaətinə görə, dağıntılar altında qalan insan və heyvan cəsədlərinin təbii cürüməsi nəticəsində ətrafa kəskin qoxu və zəhərli maddələr xaric olur. Bu maddələr havaya, kanalizasiyaya, açıq su höfzələrinə keçir və nəticədə bir sıra infeksion xəstəliklərin yayılmasına səbəb olur. O da bildirilir ki, zəlzələdən sağ çıxanlarda sonradan toxumaların əzilməsi nəticəsində toksikoz, təzyiq, ürək problemləri, depressiya, intihara meyillilik, bağırsaq xəstəlikləri və s. başlayır.
Zəlzələ dağıntı və ölümə səbəb olmaqla yanaşı, sonradan yoluxucu xəstəliklərin yayılmasına da səbəb olur. Təbii fəlakətin yaratdığı acınacaqlı vəziyyətdən heç bir ölkə, şəhər və qəsəbə sığortalanmayıb. İstənilən dövlət bu faciənin qurbanı ola bilər və odur ki, insanlıq naminə bütün qüvvələr bu və ya digər çətinliklərin aradan qaldırılmasında səfərbər olunmalıdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər