PDF Oxu

Siyasət

  • 2 938

Can Azərbaycan Türkiyənin yanındadır ŞƏRH

Can Azərbaycan Türkiyənin yanındadır ŞƏRH

Türkiyədə baş verən dəhşətli zəlzələ və hər gün artmaqda olan çoxsaylı insan tələfatı barədə xəbərlər hər birimizi çox sarsıtdı. Bu acı tək Türkiyənin deyil, bütün türk dünyasının, o cümlədən Azərbaycanın acısıdır. 2023-cü il fevralın 6-da “əsrin fəlakəti” adı verilən zəlzələnin xəbəri yayıldığı andan Azərbaycan qardaş Türkiyənin yanında oldu. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubunda bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirdi. Belə ki, faciənin əhatəsi saatlar sonra məlum oldu. Azərbaycan xalqı çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərlərlə sarsıldı. Türkiyədə iki dəfə zəlzələ baş verməsi ağır nəticələrə yol açdı. Türkiyə beynəlxalq yardım zərurətini özündə ehtiva edən 4-cü dərəcəli həyəcan elan etdi. Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin ilk saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşdü və axtarış-xilasetmə işlərində aktiv iştirak etdi. Çətin gündə qardaş türk xalqının harayına ilk yetişən Azərbaycan oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən Azərbaycan xalqı adından kədərini ifadə etdi: “Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir.”

İlk saatlardan cənab İlham Əliyevin dost yardımlarını çağırış kimi qəbul edərək hər bir vətəndaş yardım etməyə can atdı. Yardım kampaniyası ümumxalq aksiyası xarakterini aldı. Bütün bölgələr, müəssisələr, şirkətlər, dövlət orqanları təlaşla yardım toplamağa başladı. Bu qardaşlıq, bir millət, iki dövlət ifadəsinin real təntənəsidir. Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu qardaş ölkəyə böyük miqdarda humanitar yardım göndərdi. Mərhəmətli, qayğıkeş, vətənpərvər Azərbaycan qadını olaraq Mehriban xanım Əliyeva Türkiyə xalqına göstərdiyi dəstəklə xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərini, qarşılıqlı sevginin sarsılmazlığını nümayiş etdirdi.

Azərbaycan dövləti, eyni zamanda qardaş Türkiyəyə mobil səhra hospitalı, peşəkar tibbi heyət dəstəyi verib, insanların yerləşdirilməsi üçün çadırlar və qızdırıcılar göndərib. Fəlakətin əhatəsi çox geniş olduğundan Azərbaycan dövlətinin yardımları da çoxşaxəlidir. Beləki, Prezident İlham Əliyevin göstərişi ilə bütün yardım məsələləri bir mərkəzdən idarə olunması üçün Prezident Administrasiyasının rəhbərinə göstəriş verilib. O cümlədən, xəstəxanalarda yaralıların müalicəsi uçun bütün şərait olduğundan həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb.Qardaş Türkiyənin ağır günlərində “bir millət, iki dövlət” olaraq yumruq olub bütün çətinlikləri dəf etmək üçün səfərbər olduq. Güclü Türkiyə və Azərbaycan dövlətləri hər bir faciənin yaralarını birgə sağaldır. Bu, dövlətlərimizin daxili gücünün və birliyinin sarsılmaz olduğuna dəlalət edir.

Leyla Hüseynova

YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər