Qusarda Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir öncəsi YAP Qusar rayon təşkilatının qərargahındakı Ulu Öndər Heydər Əliyevin büstü önünə tər qərənfillər düzülüb. Tədbirdə Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin, qardaş Türkiyədə zəlzələdən həlak olmuş qardaş və bacılarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov partiyanın tarixindən, 30 ildə keçdiyi şərəfli və məsuliyyətli yol haqqında məlumat verdi. Qeyd olundu ki, YAP Qusar rayon təşkilatının 14 fevral 1993-cü ildə təsis konfransı keçirilmişdir. Hal-hazırda 61 Ərazi Partiya Təşkilatı 6260 nəfər üzvü sıralarında birləşdirir. Təşkilatın üzvlərindən 2983 nəfəri qadın, 3217 nəfəri isə gəncdir. Rayon təşkilatı fəal mövqeyi ilə hər zaman Yeni Azərbaycan Partiyasının çağırışlarında iştirak edir. Rayon təşkilatının sədr müavini Neva Abdurahmanova müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmlənməsi, ölkəmizin siyasi və iqtisadi böhrandan çıxarılması baxımından partiyanın əhəmiyyətindən, Heydər Əliyevin xilaskarlıq missiyasından məruzə ilə çıxış etdi. YAP Qusar rayon təşkilatının təsis olunmasında iştirak edən veteran üzvlərdən Telman Kazımov, rayon ağsaqqalları Fəxrəddin Qaçabəyov, Ağabala Ağabalayev 30 il bundan öncəki tarixi şəraitdən söz açaraq bu gün Cənab Prezident, partiyanın Sədri İlham Əliyevin işğal altındakı torpaqların azad olunmasındakı iradə və siyasi bacarığından danışdılar. Tədbirin sonunda partiya veteranlarına fəxri fərman və hədiyyələr, yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri verildi.