Cari ildə Türkiyədə fevralın 6-na keçən gecə baş verən 7,6 və 7,7 bal gücündə zəlzələlərdən sonra dağıntıların miqyasının qiymətləndirməsi davam edir. Bu təbii fəlakət regionda 1939-cu ildən bəri ən dəhşətli hadisə olub və ümumilikdə 20 milyondan çox insanı, o cümlədən 1,4 milyonu uşaqları əhatə etmişdir. Bu gün üçün Türkiyədə zəlzələ qurbanlarının sayı təəssüf ki, artır. Ölən və yaralananların sayının on minlərlə insan olduğu, onların arasında uşaqların da olduğu bildirilir. İnfrastruktura ciddi ziyan dəyib, çoxlu sayda bina dağılıb, bəzilərini bərpa etmək mümkün deyil. Reuters-in hesablamalarına görə, insan tələfatlarının sayına görə zəlzələ XXI əsrin təbii fəlakətləri arasında artıq altıncıdır.
Azərbaycan, zəlzələdən sonra Türkiyəyə yardım edən ilk ölkə oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək bildirib ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar xəbəri Azərbaycanı dərindən sarsıdıb və kədərləndirib, zəlzələdə həlak olanların ailələrinə və qardaş türk xalqına öz adından və xalqımız adından başsağlığı verib, həlak olanların tezliklə sağalmasını arzulayıb. Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin dərdinə şərikdir. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Rəcəb Tayyib Ərdoğan zəng və başsağlığı üçün dərin təşəkkürünü bildirib. Dövlətimizin başçısı bildirib ki, onun tapşırığına əsasən, artıq 420 nəfərdən ibarət xilasedicilər qrupu qardaş ölkəyə yola salınıb və onlar hadisə yerinə çatdıqdan sonra, dərhal türkiyəli həmkarları ilə birgə fəaliyyətə başlayacaqlar. Cənab Prezident İlham Əliyev yaxın vaxtlarda qardaş ölkəyə lazımi ləvazimatların da göndəriləcəyini qeyd edib. Türkiyə Prezidenti qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verməsi, Azərbaycanın Türkiyəyə verdiyi ciddi önəmdən xəbər verir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, cənab Prezidentin böyüklüyünü qeyd edərək, göstərdiyi diqqətə və qayğıya görə dərin təşəkkürünü bildirib. Azərbaycan xalqının dərhal və bütövlüklə gücü nəyə çatırsa yardım etməsini, yardım üçün çalışan insanların və qurumların zəhmətlərini vurğulayaraq, Türkiyənin bütün Azərbaycana təşəkkürlərini çatdırdı.
Fevralın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələ nəticəsində zərər çəkmiş Qəhrəmanmaraş şəhərinə səfər edib. Ceyhun Bayramovu hava limanında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qarşılayıb. Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu qeyd edən Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə, təbii fəlakətin baş verdiyi ilk gündən ölkəmizin həyata keçirdiyi dəstək tədbirləri barədə məlumat verib. Ceyhun Bayramov, həmçinin zərərçəkənlərə lazımı tibbi yardımın göstərilməsi üçün, Azərbaycan tərəfindən göndərilən bütün lazımı avadanlıq və dərmanlarla təchiz olunmuş, səhra xəstəxanasına baş çəkib və bu xəstəxanada çalışan azərbaycanlı həkimlərlə görüşüb. Nazir bu məsuliyyətli işdə əməyi olan həkimlərə minnətdarlığını bildirib.
Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələdən sonra, zərərçəkənlərə dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Fond qardaş ölkəyə humanitar yardım göndərib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, faciə ilə bağlı başsağlığında Türkiyənin dərdinin bizim dərdimiz olduğu qeyd edilir.
Azərbaycan ilə Türkiyə arasında münasibətlərin qədim tarixi var. Ortaq köklər, dil, dini birlik, oxşar mədəniyyətlər, adət-ənənələr bu əlaqələri şərtləndirən amillərdəndir. Türkiyə və Azərbaycan tarixinin ən çətin dövrlərində bir-birinə dəstək olublar.
Azərbaycan–Türkiyə münasibətlərinin ideoloji əsası, əslində XIX əsrin sonlarında qoyulmuşdu. Bu dövrdə Osmanlı dövlətində türkçülük cərəyanının ideologiyasının formalaşması, yüksəlişi və təşkilatlanmasında azərbaycanlılar da aparıcı rol oynamışdılar. Birinci Dünya müharibəsində, Şərqi Anadoluda Çar Rusiyası ordusunun əsir aldığı Osmanlı əsgərləri, Gəncə üzərindən Sibirə və Xəzər dənizində yerləşən Nargin adasına göndərilmişdi. Azərbaycan xalqı əsir düşmüş türk əsgərlərinin taleyinə biganə qalmamış, onlara maddi və mənəvi yardım göstərmişdi. 1918-ci ildə Nuri Paşanın komandanlığı ilə Türkiyənin Qafqaz İslam Ordusunun uzun sürən mübarizə və müharibələr nəticəsində Bakını xilas etməsi, Azərbaycan üçün mühüm dönüş nöqtəsi oldu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Türk ordusunun Azərbaycana, Bakıya gəlişi, Azərbaycanın daşnak təcavüzündən xilası hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı o çətin dövrdə türk xalqının onlara göstərdiyi köməyi heç vaxt unutmayacaq”. Qazi Mustafa Kamal Atatürkün başçılığı ilə Anadoluda aparılan milli mübarizəyə azərbaycanlılar maddi və mənəvi dəstək olublar.
Hər iki tərəf Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında maraqlıdır. Əgər Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycan dövlətinin gücü Türkiyənin dünya siyasətində gücünün və rolunun artması deməkdir. Ona görə də bu iki dövlət arasında münasibətləri beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişaf etdirmək lazımdır.
44 günlük Vətən müharibəsində apardığımız bu haqq savaşı, dost və qardaş ölkələri bizə bir daha tanıtmaqla yanaşı, həm də özünü dost kimi qələmə verib, məkrli siyasət aparan dövlətlərin əsl simasını da üzə çıxardı. Hər zaman, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə, bu dəfə də dövlətimizin çətin günündə öz mənəvi, siyasi dəstəyini və köməyini əsirgəmədi. Türkiyə kimi regionda və dünyada güclü bir dövlətin Azərbaycanın mövqeyini dəstəkləməsi, Vətən müharibəsində bizə çox böyük siyasi və mənəvi dəstək oldu, gücümüzə güc qatdı. Müharibənin başlandığı ilk günlərdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar onu göstərdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var. Qarabağ zəfəri sayəsində dünya iki qardaş ölkənin bir-birinə necə bağlı olduğunun şahidi oldu.
Bu gün isə Azərbaycan öz qardaş ölkəsi olan Türkiyənin, xoş gününədə olduğu kimi dar günündə yanındadır və Azərbaycan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə, təbii fəlakət nəticəsində dəyən maddi və mənəvi zərərin aradan qaldırılmasında, Türkiyənin daim yanında olacaqdır. Heydər Əliyevin “Biz bir millət, iki dövlətik”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, kəlamları həm Türkiyədə, həm də Azərbaycanda tarixi, iki ölkə arasında münasibətlərin reallığı və perspektivlərini dəqiq ifadə edən ən mükəmməl düstur kimi qəbul edilir.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü