2023-cü il fevral ayının 6-da Türkiyə Respublikasının cənub-şərq bölgələrində baş vermiş dəhşətli zəlzələ bütün tərəqqipərvər bəşəriyyəti sarsıtdı. Zəlzələnin baş verdiyi ilk saatlardan etibarən qardaş Türk xalqı kimi Azərbaycan xalqı da böyük hüzn və üzüntü yaşadı. Azərbaycan xalqının böyükdən kiçiyə, yaşlıdan cavana hər bir nümayəndəsi qardaş Türk xalqı ilə bərabər matəmə büründü. Faciənin yaşandığı andan etibarən Azərbaycan bütün varlığı və gücü ilə Türkiyənin yanında olduğunu bəyan etdi. Qardaş dövlətə ilk xilasedicilər qrupu da məhz Azərbaycan Respublikasından göndərildi. Fevral ayının 6-da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayaraq ölkənin cənub-şərqində baş vermiş və qardaş ölkənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərin Azərbaycan xalqını çox kədərləndirdiyini ifadə etdi.
Zəlzələnin baş verdiyi ilk gündə Azərbaycanda fəaliyyət göstərən QHT – lər bir araya gələrək Türkiyə dövlətinə dəstək məqsədilə “Qardaş köməyi” adlı platforma yaratdılar. “Qardaş Köməyi” platforması zəlzələdən zərər çəkənlərə yardım etmək üçün Azərbaycan və Türkiyənin aidiyyatı dövlət qurumları ilə birgə, koordinasiyalı fəaliyyət həyata keçirməyi qərarlaşdırdı. “Səninləyəm Türkiyəm!” başlığı altında aparılan yardım kampaniyası zəlzələdən zərər çəkənlərə kömək məqsədilə pul, qan, tibbi ləvazimat və s. zəruri əşyaların çatdırılması üçün aktiv fəaliyyətini davam etdirir. İctimai dəstək kampaniyası artıq Azərbaycanın bütün bölgələrini əhatə edir. Ölkəmizin ali təhsil müəssisələrində zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə tələbə və əməkdaşlar arasında yardım kompaniyası təşkil olunub.
Prezident İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunmuşdur. Eyni zamanda ölkə başçımızın tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar 8 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsilə qardaş ölkəyə yola salınıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar qardaş ölkəyə yardım kampaniyasına qoşulmuşlar.
Türkiyə qədim və zəngin dövlətçilik ənənələrinə malik olan, kifayət qədər güclü dövlətdir. Azərbaycan xalqı da canı, qanı, ruhu ilə öz qardaşının yanındadır. Bu faciə sarsılmaz qardaşlığımızı bir qədər də möhkəmlətdi. Çünki Türkiyə - Azərbaycan qardaşlığı əbədidir və əbədi olacaq. Bu faciəni də birlikdə adladacaq, iki qardaş dövlət, bir xalq və bir ürək olaraq türk dünyasına günəş kimi doğacağıq.
Cavid Məmiyev
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini