“Azərbaycan və Türkiyə arasında münasibətlərdə qardaşlığın təzahürü olan məşhur Şuşa bəyannaməsi 2021-ci il iyunun 15 də Şuşada imzalanıb, bəyannamənin məhz 15 iyunda imzalanmasının şübhəsiz simvolik səciyyəsi var”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, həmin gün Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdış günüdür: “Bu gün ölkəmizdə 1997-ci ildən qurtuluş günü kimi qeyd olunur, Azərbaycanın Türkiyə ilə münasibətləri isə Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, "Bir millət, iki dövlət "ampluası üzərində qurulub. Zəlzələdən sonra Azərbaycan, onun dövlət başçısının baş verən faciəyə münasibəti də məhz bu qardaşlığın, qarşılıqlı etimadın bariz göstəricisi, münasibətlərin vaxtilə Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" üzərində inkişaf etdirilməsinin adekvat inikası oldu. Türkiyənin xarici işlər naziri M.Çavuşoğlu Azərbaycanın Türkiyəyə yardım təklif edən ilk ölkə olduğunu qeyd edib. Faciədən dərhal sonra Azərbaycanın dövlət başçısı türkiyəli həmkarına telefon açaraq dövlət və xalq adından qardaş Türkiyəyə başsağlığı vermiş, faciənin doğurduğu fəlakətin acı nəticələrinin aradan qaldırılması üçün qardaş yardımını təklif etmişdi. Zamanında Türkiyə lideri Mustafa Kamal Atatürk Antantanın təcavüzünə qarşı mübarizədə Sovet Azərbaycanın rəhbəri N.Nərimanova kömək üçün müraciət edəndə Nərimanovun göstərişi ilə qardaş ölkəyə on minlərlə silah, yüz minlərlə güllə, təxminən 500 kq. qızıl yardım olaraq göndərilmişdi, Atatürkün borc vermək təklifinə isə Nərimanov "qardaş qardaşa borc verməz, əl tutar" cavabı vermişdir. Bu mənada, bu gün Azərbaycanın Türkiyəyə dəstəyi iki dövlət arasında əsası Ulu Öndər Heydər Əliyev, N.Nərimanov tərəfindən qoyulmuş ənənələrin davamıdır”.
Elşən Manafov onu da bildirib ki, zəlzələdən bir neçə saat sonra Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyəyə 200 çadır, 180 istilikqızdırıcı, 420 xilasedicinin göndərilməsi Türkiyə rəhbərliyi tərəfindən gerçək qardaş yardımı kimi dəyərləndirilmişdir. “Ancaq Salyan və Neftçaladan qardaş ölkəyə göndərilən humanitar yardımın ümumi çəkisi 25 tondan çox olmuşdur. Ümumiyyətlə, artıq yüz tonlarla ərzaq, dərman, isti paltar və s. qardaş ölkəyə qədirbilən Azərbaycan xalqı tərəfindən göndərilmişdir, zira Türkiyənin sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir. Çanaqqalada türk və azəri oğulları birgə savaşdıqları kimi, Qarabağ uğrunda mücadiləmizdə də birgə idilər, bu, təkcə etnik və dini birliyin deyil, milli vəhdətin, dövlətlərin ümumbəşəri dəyərlərə söykənən mücadiləsinin rəmzidir”.
Gülyanə