Azərbaycan və Türkiyə qardaş dövlətlər olaraq tarix boyu bir-birinin yanında olduğu kimi, bu gün də arxa, dayaq, qardaş və dost ölkə olduqlarını əməli fəaliyyətlərində təsdiqləyirlər. Bu münasibətlər tarixin sınağından çıxmış və qardaş ölkələrin mənəvi-siyasi dəstəyi böyük rəğbət, sevgi ilə qarşılanıb, Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərkən haqlı mübarizəmizdə qardaş ölkə Türkiyə tərəfindən açıq siyasi və mənəvi dəstək göstərilməsi dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə dağıdıcı zəlzələ baş verən zamandan Azərbaycan da bir dost ölkə olaraq Türkiyənin yanında olaraq birlik nümayiş etdirir. Prezident İlham Əliyev "Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir", - deyərək zəlzələnin çox böyük bəla, böyük faciə olduğunu bildirmişdir: "Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir".
Bu gün hər bir Azərbaycan vətəndaşı dağıntıların aradan qaldırılması, eləcə də zərər çəkənlərə maddi və mənəvi yardım etmək məqsədi ilə ayaqdadır. Dövlət səviyyəsində, o cümlədən fərdi şəkildə Türkiyəyə göstərilən yardımın ardı-arası kəsilmir.
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardımlar davamlı olaraq göndərilir. Bununla əlaqədar olaraq, ilk olaraq faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdırıldı. Qeyd edək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd edərək, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulamışdır. Hər zaman humanizm prinsipləri ilə insanların ümid yeri olan Mehriban Əliyeva bu gün də türk qardaşlarımıza maddi və mənəvi dayaqdır. Söylədiyi fikirlər, həyata keçirdiyi əməlləri ilə bunu təsdiqləyir. Növbəti humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlardan ibarət idi. Fevralın 15-də isə zəlzələ bölgəsinə uçan təyyarədə çadırlar və qızdırıcılar daxil olmaqla ümumilikdə 40 ton yardım yola salındı. Faciənin ilk günündən qardaş ölkəyə öz dəstəyini göstərən Heydər Əliyev Fondu tərəfindən daha bir 105 tonluq humanitar yardım aparan təyyarə ilə qardaş ölkəyə zəlzələdən zərər çəkmiş insanların soyuq qış aylarında ən çox ehtiyac duyduqları qızdırıcılar və çadırlar çatdırılıb.
Eyni zamanda, vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə vətəndaşlardan toplanan isti geyim və avadanlıqlar da Türkiyəyə çatdırılıb.
Əlbəttə ki, bu və ya digər maddi və mənəvi dəstək Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına əsaslanır. Əsrlər boyu Azərbaycan və Türkiyə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişdir. "Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə"- deyə Prezident bildirib.
Qeyd edək ki, zəlzələdə yaralananların müalicəsi üçün dövlətimizin başçısının tapşırığına əsasən Bakıda və Naxçıvanda xüsusi şərait də yaradılıb.
Əlbəttə ki, hər zaman güclü dövlət olan Türkiyə bütün çətinliklərdən məğrur çıxdığı kimi, bunun da öhdəmindən gələcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Bu, qardaş xalqımızı sarsıtmayacaq, Türkiyə dövlətinin iradəsinə təsir etməyəcək. Türkiyə dövləti güclü dövlətdir və bu fəlakətlə də mübarizədə öz gücünü göstərir".
Bu iki dövlət arasında münasibətlər həmişə səmimi dostluğa, qardaşlığa, mənəvi birliyə əsaslanıb. Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb.
Nəzakət ƏLƏDDİNQIZI