PDF Oxu

Siyasət

  • 3 642

Xilasedicilərimiz: ilk gündən son günədək... TƏHLİL

Xilasedicilərimiz: ilk gündən son günədək... TƏHLİL

Türkiyə günlərdir ki, fevralın 6-da gecə saatlarında bir-biri ilə 9 saatlıq zaman kəsiyində baş verən 7,7 və 7,6 bal gücündə iki böyük zəlzələnin acılarını yaşayır. Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Osmaniye, Adana, Şanlıurfa, Malatya, Diyarbəkir, Kilis və Elazığa dünyanın əksər ölkələrindən üz tutan xilasedicilər günlərdir ki, dağıntılar altından insanları xilas edir və ya kədərli anlarla qarşılaşaraq onların cəsədini çıxarır.

Türkiyə mediasının da vurğuladığı kimi, zəlzələyə ilk yardım edən Azərbaycan olub. Ölkəmizin başçısı cənab İlham Əliyev zəlzələ baş verən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla əlaqə saxlayaraq, böyük fəlakət üçün narahatlığını bildirib, başsağlığı verib. Həmin andan etibarən isə Türkiyəyə həm canlı, həm də humanitar yardımın göstərilməsi üçün göstəriş verib. Prezident bu barədə Türkiyənin ölkəmizdəki səfirliyində olarkən də bildirib: Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə.

Xilasedicilərimiz böyük əzmlə çalışırlar

Ölkəmizin rəhbərinin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstələri zəlzələnin ilk günündən Türkiyəyə yardım etmək üçün yollanıblar. Televiziya ekranlarından da gördüyümüz kimi, qardaş və dostumuz olan Türkiyənin bu ağır günlərində bizim xilasedicilərimiz həm gündüz, həm də gecə çalışaraq əllərindən gələni köməkliyi göstərməyə çalışırlar. Onların belə canıyanarlığı, bir insanın xilası üçün vaxt itirmədən çalışmaq əzmləri təbii ki, medianın da nəzərindən yayınmadı. Dəfələrlə Azərbaycan xilasedicilərindən danışan Türkiyə mediası onların fəaliyyətini işıqlandırmaqla gecə-gündüz çalışdıqlarını vurduladı.

Prezident cənab İlham Əliyev: Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir.

Bilirsiniz ki, Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir.

Bizim ictimai təşkilatlarımız da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar.

Bəli, dövlətimizin başçısının göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 725 əməkdaşı, o cümlədən 34 nəfərlik tibbi heyəti günlərdir ki, zəlzələ bölgəsində xilasetmə və yardım işləri ilə məşğuldurlar. Qürurverici haldır ki, ölkəmizə məxsus bu insanlar orada belə böyük fədakarlıqla çalışır və bir insanın daha tez xilası-yaşaması üçün səy göstərirlər. Həm də elə bir fədakarlıq göstərirlər ki, bu, diqqəti cəlb edir və günlərdir ki, bütün kütləvi informasiya vasitələri xilasedicilərimizin bu cür əzmindən, qayğısından ağızdolusu danışır.

53 həyat, 691 cəsəd

İnsan oğlu yaranandan həyatının hansı anında nə kimi hadisələrlə qarşılaşacağından xəbərsizdir. Alın yazısı deyilən bir yazı ilə yaşayan insan bu yazının ona nələr vəd etdiyindən də xəbərdar deyil. Bu səbəbdən də istənilən an alın yazısı, taleyin hökmü ilə müxtəlif qəzaların, fəlakətlərin, müharibələrin bəxş etdiyi “töhfələrlə” yaşamağa məcburdur.

Türkiyədə baş verən və əsrin fəlakəti adlandırılan məlum zəlzələ də kütləvi insan qırğını və dağıntılarla müşahidə olundu. Gecə saatlarında baş verən və insanları yuxuda ikən ağuşuna alıb onlara öz dəhşətlərini yaşadan bu böyük zəlzələ bəlkə də gündüz saatlarında olsaydı, bu qədər insan tələfatı ilə nəticələnməzdi. Gecə saat dörd ilə beş arasında insanların yuxuda ikən qarşılaşdıqları ağır zəlzələ onların kütləvi şəkildə məhvinə səbəb oldu.

Atalarımız necə də yerində söyləmişlər: gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdır. Bəli, gecə onsuz da qaranlığı, sükutu ilə qorxuncdur. Hələ üstəlik də yuxunun ölüm kimi bir an olduğunu nəzərə alanda, gecə daha qorxunc olur. Hər hansı bir hadisənin baş verməsinin gecəyə təsadüf etməsi isə, təbii ki, heç də yaxşı əlamət deyil və bu hadisədən asanlıqla qurtarmaq mümkün deyil. Yol qəzaları, xəstəlik halları baş verən gecələrin qurbanları az olmayıb ki...

Türkiyənin 11 şəhərində də o müdhiş gecə insanları yuxudan silkələnmələr, uğultulu səslər, sanki yerlə göyün qovuşması kimi dəhşətli anlar oyatdı. Onların əksəriyyəti oyananda özlərini dağıntıların altında gördü. Bunu görən də oldu, bəli, görməyən də. Görməyənlər artıq o anın dəhşətli dağıntılarının qurbanı olmuşdular. Qaçmağa cəhd edənlər də oldu. Lakin çox az adam buna müvəffəq ola bildi. Çünki yuxudan qəfil oyanan insanlar nə edəcəklərini, başlarına nə gəldiyini ayırd edənədək iş işdən keçmişdi. Bu səbəbdən də itki çox oldu.

Fevral ayının 15-nin axşam saatlarına olan məlumata görə artıq 35 mindən artıq insan bu dəhşətli zəlzələnin qurbanı olub. Ölkəmizin Fövqəladə Hallar Nazirliyinin Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına cəlb edilmiş xilasediciləri zəlzələ bölgəsinə getdikləri gündən bu günədək Kahramanmaraşda dağıntılar altından 53 nəfəri sağ çıxarıblar.

Çox təəssüf ki, həyat hər an bizi arzuladığımız, görmək istədiyimiz hadisələrlə qarşılaşdırmır. Elə buna görə də xilasedicilərimiz Kahramanmaraşda dağıntılar altından həm də 691 nəfərin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

53 nəfərin sağ olduğunu görərkən xilasedicilərimiz 53 dəfə sevindilərsə, 691 cəsədlə qarşılaşanda isə bir o qədər kədərləndilər. Çünki həyatlarını itirənlərin hər biri bizim dostumuz, qardaşımız, əzizimiz olmaqla yanaşı, bir evin atası, anası, babası, nənəsi, gənci, körpəsi idi. Bir ailənin həyatını itirmiş, arzuları yarımçıq qalmış əzizi idi. Bəlkə də onlar arasında bir ailə də var idi. Yer üzündən silinən bir ailə. Dağıntılar altına özü ilə birlikdə arzuları, istəkləri gömən ailə...

Xilasedicilərimiz hələ də Türkiyədədir

Dünən televiziya ilə bir çox ölkələrdən, hətta Türkiyənin digər şəhərlərindən zəlzələ bölgəsinə yardım etmək üçün gələn xilasetmə qruplarının geri döndüyünü izlədik. Lakin FHN-nin xilasediciləri hələ də zəlzələ bölgəsində fəaliyyət göstərirlər. Xilasedicilərimizin hələ də orada qalmalarını və dağıntılar altından xilasetmə işlərini davam etdirmələrini Türkiyə mediası yenə xüsusi vurğuladı.

Bu kadrlara baxdıqca qürur duyduq. Həqiqətən də, dost dar gündə tanınar, deyib atalarımız. Necə ki, Türkiyə 44 günlük Vətən müharibəsində hər an bizim yanımızda oldu, öz dəstəyini göstərdi, biz də bu böyük fəlakət zamanı Türkiyənin yanındayıq. Və bununla da həm Türkiyə, həm də Azərbaycan bir-biriləri üçün əsl dost olduqlarını nümayiş etdirdilər.

Yadımdadır, 44 günlük müharibə zamanı xalqımızın itkiləri üçün başsağlığı verənlər, Qarabağda gedən müharibəyə münasibət bildirənlər də vardı, həm yaxşı, həm də pis mənada rəylərini söyləyənlər də vardı. Lakin Türkiyə tamamilə bizim yanımızda idi. Müharibə bitən bir günə kimi də yanımızda oldular. Böyük Zəfərimizin sevincini də bizimlə birlikdə yaşadılar.

Bu gün isə biz onların yanındayıq. Hər cür yardımımızla, köməyimizlə Türkiyədəyik. Dövlətimizlə yanaşı, Azərbaycanın hər yerindən insanların zəlzələdən əziyyət çəkə insanlara yardım etməsi onun göstəricisidir ki, biz qonşu, dost dövlət olmazdan əvvəl qardaşıq. Bir-birimizə canımız yanır. Can yananda isə insanlar əvvəldən axıradək bir-birilərinin yanında olurlar.

Xilasedicilərimiz bu gün də öz qardaşlarının yanındadır. Sonadək də orada olacaqlar. Çünki bir qardaş-bacılarının həyatını xilas etmək onlar üçün isti evlərindən, istirahətdən dəfələrlə önəmlidir.

FHN əməkdaşları ilə qürur duyuruq

Bəli, ölkəmizin adını uca tutan FHN əməkdaşları ilə qürur duyuruq. Onlar Vətənimizdə də bütün lazımi anlarda öz vəzifələrinin öhdəsindən layiqincə gələn insanlardır. Biz dəfələrlə yanğın, dağıntı olan ərazilərimizdə xilasetmə qrupunun təqdirəlayiq fəaliyyəti ilə qarşılaşmışıq. Onların fədakarlıqlarını 44 günlük Vətən müharibəsində də gördük. İşğaldan azad olan ərazilərimizdə lazimi işlərin həyata keçirilməsində xilasetmə qruplarının özünəməxsus fəaliyyəti oldu ki, onlar həmin bölgələrdə digər işlərin həyata keçirilməsi üçün zəmin yaratdılar.

Bu gün onların səsi qonşu, dost, qardaş Türkiyədən gəlir. Və türk mediasının səsi ilə bütün dünyaya yayılır. Deməli, onların sayəsində bütün dünya bizim Türkiyə ilə qardaşlığımıza şahidlik edir.

Bir insana həyat vermək, onu ölümün caynağından almaq insan övladına xas olan keyfiyyətlərdəndir. 53 insana həyat verən, onları ölümün ağuşundan zorla qoparıb həyata, yaşamağa qaytaran FHN əməkdaşları həqiqətən təqdirəlayiqdirlər. Qışın şaxtalı, boranlı günlərində, hər an təhlükə ilə üz-üzə olan zəlzələ bölgəsində gecə-gündüz yorulmadan çalışan xilasedicilərimizi alqışlayırıq. Onlara Türkiyədə fəaliyyətlərini bitirəndən sonra sağ-salamat ölkəmizə qayıtmalarını diləyir və xalqımızın bu qədər dəyanətli, fədakar övladları ilə bir daha qürur duyduğumuzu bildiririk.

Mətanət Məmmədova

Digər xəbərlər