PDF Oxu

Siyasət

  • 4 270

Bir gecənin soyqırımı TƏHLİL

Bir gecənin soyqırımı TƏHLİL

Bu nə nağıldır, nə hekayə, nə də əfsanə. Nə də ki, təbii fəlakət nəticəsində baş verən faciə. Bu sivil dünyada yaşadığımız əqli ilə kosmosa uçuş edən, elmi axtarışları ilə yerin altını, dərinliklərini öyrənən müasir dünya "insan"ının törətdiyi vəhşilikdir. Tarixdə görünməyən bir vəhşilik: bir gecədə məhv edilən şəhər. Azərbaycan xalqının genetik yaddaşında, tariximizdə yer almış Xocalı soyqırımı. İllərdir bu soyqırımının ağır nəticələrini yaşatdığı faciənin acısını, iztirabını və zülmünü yaşayırıq. Artıq oradan yeni doğulmuş və sağ çıxmış bir körpənin bu gün 31 yaşı var. 31 il. Bir insan ömrü, insan taleyi. İşgəncələr yaşamış, doğmalarının ölümü gözü qarşısında olan, qışın sazağında donub məhv olan insan ömürlərini vərəqlədikcə dəhşət səni bürüyür. Necə ola bilər ki, bir gecənin içində şəhər məhv olsun? Bu ağrılı olsa da bir həqiqətdir. Zaman baxımından uzun müddət olmasa da insanların yaşadığı böyük faciə sanki onlara bir əsrin ağrısını yaşatmış oldu. Soyqırım etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsi olduğundan ermənilərin törətdikləri Xocalı soyqırımı da məhz bu məqsədi daşıyırdı. Bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi sayılıb. Beynəlxalq hüquq normalarına görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Ermənilərin azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinin tarixi əsrləri əhatə edir. Odur ki, ermənilər törətdikləri cinayətə görə, beynəlxalq trubunalardan mühakimə olunmalı və iç üzləri dünya ictmaiyyətinə təqdim edilməlidir.

"XOCALI SOYQIRIMI GÜNÜ" ELAN EDİLDİ

Dünya tarixində nə qədər qətliamlar, soyqırımlar olsa da, Azərbaycanda baş verən Xocalı soyqırımı yanında sönük görünür. Bir gecədə insanların vəhşicəsinə məhvi, şəhərin yerlə-yeksan edilməsi insanlığa sığmayan vəhşiliyin təzahürüdür. Uşaq, qoca və hamilə qadınlara qarşı qəddarlıq insanlığa qarşı törədilmiş bəşəri cinayətdir. Beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı xalqımızın növbəti faciəsini yaşadığı bir tarixdir. Xocalı haqqında həqiqətin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlanmışdır. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı "Xocalı soyqırımı günü" elan edilmişdir.

TARİXİMİZDƏN DANIŞAN SƏNƏDLƏR

Tarixin dönəmlərinə bir daha nəzər salaq. Tarixi reallıqlar bizə deməyə əsas verir ki, 1917-ci ildə Rusiyada çar hökuməti devrildikdən sonra, Almaniya və Avstriya cəbhələrində xidmət edən minlərlə erməni əsgəri öz silahları ilə daşnaqların niyyətlərini həyata keçirmək üçün Bakıda cəmləşiblər. Bəzən böyük dövlətlər müharibə ocaqlarının yaranmasında ermənilərdən istifadə ediblər. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Cənubi Qafqazdakı tarixi ərazilərində etnik təmizlənmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkləri, erməni daşnakları tərəfindən kütləvi surətdə qətllərə yetirilmiş, ata-baba yurdlarından deportasiyalara məruz qalmışlar. Azərbaycanın taleyi ilə bağlı olan bu tarixi məsələlərin öyrənilməsi 70 ildən çox müddətdə qadağan edilmiş, tədqiqatçılar məxfi arxivlərə yaxın buraxılmamışdır. XX əsrin əvvəllərində türklərin başlarına gətirdikləri qanlı faciələrdən doymayan ermənilər, illər uzunu fürsət düşdükcə, xaricdəki türk diplomatlarına və iş adamlarına qarşı terror əməliyyatları aparmışlar. 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın tariximizdən silinməyəcək. Rəsmi mənbələrə görə, 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı bu dəhşət hadisələr sırasındadır. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi foto şəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir. Onların çoxunun meyitləri tapılmamışdır. Hadisənin şahidlərinin dediklərinə görə, ermənilər meyidləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.
Ötən əsrdə qeyd etdiyimiz kimi, 1905-1906, 1918-1920, 1948-1953-cü illərdə baş verən hadisələrdən sonra 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti onların çirkin niyyətini bir daha təsdiqləmiş oldu. Xocalı soyqırımında baş verənlər günahsız insanların faciəsidir. Xocalı 1991-ci il noyabrın 1-dən 1992-ci il fevralın 25-nə qədər mühasirə şəraitində qaldı. Bütün əlaqələr vertolyotla, telefonla qurulurdu. Hadisə baş verəndə qaçıb canını qurtarmaq istəyən Xocalı sakinlərinin qabaqcadan xüsusi düzəldilmiş pusqulardan avtomat, pulemyot və digər silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilməsi ermənilərin azərbaycanlılara qarşı soyqırımı niyyətini bir daha sübuta yetirir.

8 AİLƏ TAMAMİLƏ MƏHV EDİLDİ

1992-ci ilin 26 fevral qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən işğal edildi. Xocalı bir gecənin içərisində yerlə yeksan olundu. Beləliklə, soyuq və qarlı fevral gecəsində minlərlə dinc sakin girov götürüldü. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində, Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Xocalıda törədilən əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir.
Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.

SOYQIRIMI SÜLH VƏ BƏŞƏRİYYƏT ƏLEYHİNƏ YÖNƏLƏN ƏMƏLDİR

Azərbaycan öz haqq səsini ucaldır və dünya ictimaiyyətini hadisələrlə düzgün məlumatlandırır. Heydər Əliyev Fondunun dəstəyi ilə artıq neçə illərdir ki, "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilir. Dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında obyektiv və dürüst informasiya çatdırmağa, ictimai rəyi formalaşdırmağa yönələn tədbirlər müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də xarici kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı ilə keçirilir. Braziliyada, Londonda, Koreyada və onlarla dünya ölkələrində Azərbaycan həqiqətləri müxtəlif şəkildə təqdim edilib. Bütün bunlarla yanaşı, Koreya dilində Xocalı soyqırımı haqqında videoçarx hazırlanaraq, ən böyük axtarış saytı olan "Naver", eləcə də "Google" və "Youtube"da yerləşdirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində "Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə" adlı kitab da çapdan çıxıb.
Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan parlamentləri, eləcə də, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və pisləyən sənədlər qəbul ediblər. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1951-ci ildən qüvvəyə minən Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.
Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Belə ki, bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayətdir. Artıq Xocalı faciəsinin 31-ci ildönümünü yaşasaq da, hələ də Azərbaycanın vətəndaşları o dəhşətli, faciəli gecəni, xalqımızın başına gətirilən bəlaları unutmayıb.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər