PDF Oxu

Siyasət

  • 2 117

Türkiyə bu çətinliyə də sinə gərəcək - ŞƏRH

Türkiyə bu çətinliyə də sinə gərəcək - ŞƏRH

Fevralın 6-da Qardaş Türkiyədə 7,7 bal gücündə baş verən dəhşətli zəlzələ çoxsaylı insan təlafatına və güclü dağıntılara səbəb olmuşdur. Bu faciəli xəbər azərbaycan xalqını da sarsıtmışdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin gün zəng edərək zəlzələ nəticəsində həlak olanlarla əlaqədar Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından başsağlığı vermiş, yaralananların tezliklə şəfa tapmasını arzulamış və qardaş ölkəyə hərtərəfli kömək ediləcəyini bildirmişdir.Zəlzələnin ertəsi günü ölkə Prezidentinin tapşırığına əsasən ilk olaraq FHN-nin 420 nəfərdən ibarət xilasedici dəstəsi qardaş Türkiyəyə yola salınmışdır.Bunun ardınca peşəkar tibb personalı, həmçinin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz edilmiş mobil səhra hospitalı, çadırlar, yataq dəstləri, qızdırıcılar və ləvazimatlar, dərman preparatları yüklənmiş 2 təyyarə qardaş ölkəyə yola salınmışdır. Yeni Azərbayca Partiyasının Mərkəzi Aparatı tərəfindən də qardaş Türkiyədə baş verən güclü zəlzələ nəticəsində minlərlə insanın həyatına son qoymuş və böyük dağıntılar yaratmış fəlakətlə əlaqədar dərin təəssüf və kədər dolu başsağlığı verilmiş və qeyd edilmişdir ki, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasına ümid edir, hər zaman sevincimizin və kədərimizin bir olduğu dost və qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk. Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyəni ölkəmizdəki səfirliyinə gedərək zəlzələ nəticəsində həlak olanlara başsağlığı verərək, matəm kitabına ürək sözlərini yazmışdır. Elə həmin gün “Bakı KOB evi”ndə zəlzələdən zərər çəkənlərə kömək məqsədilə Türkiyənin ölkəmizdəki səfirliyi ilə əlaqələndirilməklə bir sıra təşkilatların, eləcə də ictimai birliklərin iştirakı ilə zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədilə “Qardaş köməyi” platforması yaradılıb.

İlk olaraq Qardaş Türkiyəyə kömək göstərən Heydər Əliyev Fondu oldu. Fondun köməyi ilə qısa zamanda qardaş ölkəyə humanitar yardımlar: lazimi avadanlıq, ərzaq, dərman və digər zəruri mallar zəlzələ bölgəsinə göndərildi.Ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığına əsasən zəlzələ bölgəsində xilasetmə işlərində çalışan nəqliyyat vasitələrinin pulsuz yanacaqla təmin edilməsini isə SOCAR öz üzərinə götürdü. Dövlət səviyyəsində göstərilən yardımla yanaşı ölkəmizin bütün bölgələrində yüz minlərlə azərbaycanlı humanitar yardım kompaniyasına qoşularaq zəlzələdən zərər çəkənlərə kömək əlini uzatdı. Qısa müddət ərzində toplanış məntəqələrinə çoxlu miqdarda yardımlar toplandı.Toplanmış yardımlar Qardaş Türkiyəyə 12 ədəd təyyarə, 262 ədəd TIR, 16 ədəd iritonnajlı yük maşını vasitəsilə yola salındı. Hazırda bu yardımlar intensiv olaraq davam etdirilir. Türkiyədə baş verən zəlzələ ağır fəlakətə səbəb olmuşdur. 36 mindən çox insan həyatını itirmiş, 100 mindən çox insan yaralanmış, minlərlə ev dağılmış, şəxsi və dövlət mülkiyyətinə, kommunikasiya xətlərinə və infrastruktura ciddi zərər dəymişdir. Dəyən zərərin miqyası ölçüyəgəlməz dərəcədə böyükdür. Lakin tarix boyu Türkiyə bir çox ağır sınaqlarla üzləşmiş, həmişə də mübarizədən qalib çıxmışdır. Biz inanırıq ki, Qardaş Türk xalqı bu sınaqdan da üzüağ çıxacaqdır.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər