Bu gün Azərbaycan beynəxalq səviyyəli təşəbbüslərlə çıxış edən və həmin layihələri uğurla reallaşdıran nüfuzlu ölkələrdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrin inkişafına yönəlmiş və müsbət nəticələr vermiş islahatlar enerji sahəsində də həyata keçirilir. Azərbaycanın enerji potensialı genişdir. Hələ ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə onun təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuş və 1981-ci ildə stansiyanın birinci blokunun açılışı olmuşdur. Mingəçevir şəhərini Qafqazın enerji mərkəzinə çevirən məhz ümummilli lider Heydər Əliyev olmuşdur.2023-cü il Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu stansiyanın inşası ilə ölkəmizin mövcud enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevir şəhərinin elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. Elektroenergetika sahəsində əsas şəhərimiz olan Mingəçevirdə 2025-ci ildə bu yeni elektrik stansiyasının açılışı olacaq.
Müstəqilliyin ilk illərində Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. Dövlət başçısının göstərişi ilə 2018-ci ildə Mingəçevir Elektrik Stansiyasının tamamilə yenidən qurulması prosesinə start verilmiş və 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başlamışdı. Prezident diqqətə çatdırıb ki, bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi deməkdir. İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini, o cümlədən Mingəçevir Elektrik Stansiyasını hədəfə alaraq uzaqmənzilli raketlərlə atəşə tutmasına baxmayaraq Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmağa nail ola bilmədi. Çünki, raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edilirdi, bəziləri isə hədəfə dəymirdi. Burada da Mingəçevir Elektrik Stansiyasının önəmi özünü göstərirdi.
Bu əlamətdar hadisə ilə Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olacaq bu stansiya Azərbaycanın potensialını böyük dərəcədə gücləndirəcək. Bunun sayəsində Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə ilə yanaşı yüzlərlə yeni iş yerləri yaranacaq, öz daxili imkanlarından tam istifadə edə biləcək Azərbaycan həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatının kifayət qədər aşağı olması ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət etməyə imkan verəcək. Eyni zamanda, Azərbaycan qazına böyük tələbat duyan Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.
Mingəçevirdə artıq mövcud olan güclü elektroenergetika infrastrukturu sayəsində hazırda tikiləcək stansiyaya sərf ediləcək vəsait belə böyük stansiyanın tikintisi üçün sərf olunan vəsaitdən 3-4 dəfə aşağı olacaq. Bu minvalla Azərbaycan az vəsaitlə böyük enerji potensialı əldə edir.Stansiyanın inşasında xarici tərəfdaşlardan İtaliya və Çin şirkətlərinin iştirak edəcəyini qeyd edən dövlət başçısı İkinci Qarabağ Müharibəsindən sonra “Azərenerji” ilə İtaliyanın “Ansaldo” şirkəti arasında imzalanmış müqavilələri vurğulayıb və bildirib ki, İtaliya Azərbaycanın strateji tərəfdarıdır. Energetika sahəsində ənənəvi xarakter daşıyan İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını deyil, böyük coğrafiyanın maraqlarını təmin edir və energetika sahəsi ilə məhdudlaşmır. Azərbaycan neftinin böyük hissəsi və artıq iki ildən çoxdur ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi vasitəsi ilə Azərbaycan qazı İtaliya bazarına çatdırılır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır.
Neft və qaz layihələrində qazanılan müvəffəqiyyətlər kimi, Azərbaycanın elektrik enerjisinin də uğurla Avropa məkanına çatdırılacağından əminliyini bildirən Prezident bu məqsədlə keçən ilin dekabr ayında imzalanmış müvafiq anlaşmalarla Azərbaycanın yaşıl enerji potensialının Avropa üçün yeni imkanlar açacağını qeyd edib.Elektroenergetika sahəsində inkişaf etmiş Azərbaycanda son 20 ildə 34 elektrik stansiyası inşa edilmişdir və onların generasiya gücü 3400 meqavat təşkil edir. Hazırda malik olduğumuz 7200 meqavat ümumi generasiya gücümüzün 3400 meqavatı son 20 ildə yaradılmışdır. Biz bu prioriteti seçməsəydik, bu işlər vaxtında və ardıcıl aparılmasaydı, indi öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-yenidənqurma işlərinə elektroenergetika sahəsindən başlandığını söyləyən Prezident İlham Əliyev artıq Şərqi Zəngəzur bölgəsində yaradılmış 50 meqavatdan çox olan generasiya gücünün bu ilin sonunda 200 meqavata çatacağını, Şərqi Zəngəzur və Qarabağın böyük hidroenergetika potensialının bu bölgələrdə 500 meqavata qədər generasiya gücü yaradacağını bildirib. Bərpaolunan enerji növlərinin inkişafı üçün böyük potensiala malik Azərbaycanda 25 giqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur. Təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 giqavata bərabərdir.Çıxışının sonunda dövlət başçısı əminliyini bildirdi ki, bu gün təməli qoyulan 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyası həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı genişləndirəcək, həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaq.
Məmmədli Günay
YAP Yasmal rayonu “Azərsu” ASC üzrə
ərazi partiya təşkilatının sədri