Prezident İlham Əliyev: "Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik"
Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar insanların həyatında, firavanlığının və rifahının yüksəlməsində əhəmiyyətli rol oynayır. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması istiqamətində aparılan işlər Azərbaycan dövlətinin prioritetlərindəndir. Ölkə başçısının siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır ki, bu istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncamlar insanların sosial həyatının yaxşılaşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına yönəldilib. Minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması və digər ödənişlər dövlət başçısı tərəfindən təqdim edilən böyük sosial paketin tərkib hissəsidir. Həyata keçirilən islahatlar sosialyönümlülük və humanizm prinsiplərinə əsaslanır. Yoxsulluq səviyyəsinin azaldılması, çoxsaylı iş yerlərinin açılması və s. Azərbaycanın dinamik inkişaf edən bir ölkə olduğunə əsaslanır. Sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttini təşkil edir. Sosial ədalət dedikdə əlbəttə ki, cəmiyyətdə insanlar arasındakı ədalətli münasibətlər nəzərdə tutulur. Azərbaycanda mövcud olan sosial ədalət dünya üçün modeldirSosial ədalət cəmiyyətin əsas göstəricisidir. Hansı cəmiyyətdə sosial ədalət mövcudursa, o cəmiyyətdə insan amilinə diqqət və qayğı da böyükdür. Əlbəttə ki, sivil bir dünyada yaşamış olsaq da, sosial ədalət prinsipinə bir çox ölkələrdə əməl olunmur və dünyanın bir qismi üçün bu əlçatmazdır. Demokratik dəyərlərə malik, mütərəqqi dövlətlərdə buna təsadüf olunur. Hüquq bərabərliyinin və insan hüquqlarının pozulması cəmiyyətdə xoşagəlməz hallarla insanları üz-üzə qoymuş olur.
ƏDALƏTLİ VƏ TƏHLÜKƏSİZ DÜNYA
20 Fevral dünya Sosial Ədalət Gününü qeyd edir. Milyonlarla insanların qeyd etdiyi bu gün BMT-nin Baş Məclisi tərəfindən dünya ictimaiyyətinin yoxsulluqla mübarizə işində səylərini artırmaq və hər kəs üçün iş yerləri, gender bərabərliyi və insan hüquqlarına hörmətə nail olmaq məqsədi ilə yaradılıb. Müasir dünya cəmiyyətlər daxilində və cəmiyyətlərarası həmrəylik, harmoniya və bərabər imkanlar aşılamaq üçün yoxsulluq, ayrı-seçkilik və işsizliklə məşğul olmağın əhəmiyyətini dərk edir. Daha sabit, ədalətli və təhlükəsiz dünya qurmaqda sosial ədalətin vacibliyi əsas məsələlərdəndir. Hər kəs üçün sosial ədalətə nail olmaq naminə BMT-nin əsas məqsədi inkişaf və insan ləyaqətini yaymaqdır.
Əlbəttə ki, dünyanın bir parçası olan Azərbaycanda da sosial Ədalət günü qeyd olunur. Müasir dünyamızda Azərbaycan dünyanın çağırışlarına yüksək səviyyədə cavab verir. Sosial ədalətə nail olmaqda ölkəmizdə həyata keçirilən islahatları qeyd etməliyik. Həyatımızın bütün siferaların əhatə edən islahatlar öz nəticəsin verib və bu davamlıdır. Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilən Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Ölkəmizin maliyyə imkanlarının güclənməsi regionların sosial-iqtisadi inkişafına, eləcə də insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına səbəb olub.
Təbii ki, Azərbaycanda mövcud olan sosial ədalət dünya üçün bir modeldir. Sosial ədalətin təmin edilməsi prioritet məsələlərdən biridir. Ölkəmizdə sosial ədalətin təminatı istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dövlətin iqtisadi siyasətinin sosial yönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət, insan amilinə verilən yüksək dəyər sosial ədalətdən qaynaqlanır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət ölkəmizin davamlı inkişafının təmin olunmasında həlledici rol oynayır. Uğurla həyata keçirilən dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib. Bu günə qədər reallaşan dövlət proqramları böyük uğurla icra olunub. Görülən işlər əhalinin rifahının yüksəlməsinə, yeni iş yerlərinin açılmasına və s. səbəb olub. Sözsüz ki, dövlət proqramlarının icrası məşğulluğun təmin olunması istiqamətində atılan vacib addımlardan biridir. Regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verməkdədir. Əhalinin sosial müdafiəsi sahəsində bir sıra uğurlu layihələr icra edilir. Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də bu sahəyə böyük önəm verilir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Belə ki, inkişafdan hər bir vətəndaş bəhrələnməlidir. Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağı gəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Dövlətin 2030-cu ilədək həyata keçirəcəyi iqtisadi layihələrin gətirəcəyi faydalardan ölkə vətəndaşlarının bəhrələnməsi milli prioritetlərin əsas məqsədidir.Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində əlbəttə ki, insan amili daynır, onların maraqları dayanır. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Təbii ki, bütün bunlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, müharibə veteranlarının, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb. "Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik", - deyən Azərbaycan Prezidentin imzaladığı Fərman və Sərəncamlarla müavinət və təqaüdlərin, bir sıra təşkilatlarda çalışanların əməkhaqlarını artırılması həyata keçirilən islahatların davamı, dövlət başçısını sözü ilə əməlinin vəhdətdə oluğunun təzahürüdür. Dövlət başçısının yeni Fərman və Sərəncamları ilə son beş ildə ölkəmizdə artıq dördüncü sosial islahat paketi reallaşdırılaraq əməkhaqqı, müavinət və təqaüdlərin növbəti dəfə artırılması təmin olunur. Yeni Sərəncamla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşlarının 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.
"NÖVBƏDƏ DURAN BU KATEQORİYADAN OLAN İNSANLARIN HAMISINA DÖVLƏT TƏRƏFİNDƏN MƏNZİLLƏR VERİLƏCƏK"
Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyəti, o cümlədən müharibə əlilləri və şəhid ailələrini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini məhz müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanı ilə şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi həssas qrupların sosial müdafiəsinin gücləndirilməsində mühüm addımlardan biri idi. 2019-cu il 28 yanvar tarixli Fərman isə, birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fərmanın icrasının nəticəsi olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi üçün dövlət büdcəsindən 135 milyon manat vəsait ayrıldı. Cənab Prezidentin göstərişi ilə şəhid ailələri mənzillə təmin olunur. Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı müharibə əlilləri və şəhid ailələrinin dövlət tərəfindən mənzillə təminatı işlərinin sürətlənməsinə şərait yaradıb. "Keçən il bu istiqamətdə də önəmli addımlar atılmışdır, bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi" – deyən Cənab Prezident bildirib ki, 2021-ci ildə isə 3 min mənzil verildi: "Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək. Məlumat üçün deyə bilərəm ki, bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb. Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq".
"BİZ ÖZ SAĞLAMLIĞINI İTİRMİŞ SOYDAŞLARIMIZA MAKSİMUM DƏRƏCƏDƏ KÖMƏK GÖSTƏRMƏYƏ ÇALIŞIRIQ"
Görülən işlərin davamı olaraq, 2023-cü ilin 1 yanvarından Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 600 manata çatdırılıb. Həmçinin əlilliyi olan şəxslərə yönələn həm müavinətlər, həm də təqaüdlər artırılıb. Belə ki, Prezidentin aylıq təqaüdü müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manata çatdırılmaqla bərabər, digər tərəfdən bütün kateqoriyalara aid əlilliyi olan şəxslər üçün müavinət də orqanizmin funksiyalarının 81-100 faiz, 61-80 faiz və 31-60 faiz pozulmasına görə müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb. Eləcə də ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdü 300 manata, bu kateqoriyadan olan digər şəxslər üçün isə 200 manata çatdırılıb.
Bütün bunlarla yanaşı, İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. "Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Bu proqramın icrası mətbuatda da işıqlandırılıb. Hər kəs görə bilir ki, bizim qazilərimiz hətta futbol oynaya bilirlər. Əl protezləri daha mürəkkəb texnologiyaya malikdir. Mənə verilən məlumata görə, ən müasir texnologiyadan olan əl protezlərinin əl tutma funksiyası təqribən 40-a çatır. Yəni, biz öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışırıq" – deyə Cənab Prezident bildirmişdir. Bütün bunlar əlbəttə ki, Azərbaycanın sosialyönümlü ölkə olduğunun isbatıdır.
Bütün bu və digər həyata keçirilən tədbirlər bir daha göstərir ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır. Görülən işlər bir daha təsdiqləyir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Heç şübhəsiz ki, Azərbaycanda bütün sahələrlə yanaşı, əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edən edən b islahatlar qarşıdakı illərdə də həyata keçiriləcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI